İsrafil İsrafilov: “Mən hər hansı şıltaqlıqla, kaprizlə barışmıram və barışmayacağam” - MÜSAHİBƏ
01 noyabr 2010 15:10 (UTC +04:00)

İsrafil İsrafilov: “Mən hər hansı şıltaqlıqla, kaprizlə barışmıram və barışmayacağam” - MÜSAHİBƏ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovun Lent.az-a müsahibəsi

- Necəsiz, İsrafil müəllim?

- Bu dəqiqə ən ağır sual budur ki, mən necəyəm. Mən özüm normalam, rusların təbirincə desək, mübariz formadayam. Qarşıda böyük, ağır işlər var, fikri, enerjini heç yerə dağıtmaq olmaz. Fikri, enerjini toplayıb, qarşıda duran mürəkkəb, ağır, amma çox vacib məsələləri həll etmək lazımdır.

- Vacib məsələlərdən biri də teatrın təmir olunması idi. Təmir işləri artıq başa çatıb. Akademik Milli Dram Teatrı noyabrın 9-10-da Beynəlxalq Teatr Konfransı ilə qapılarını açacaq.

- Bunu teatrın qapılarını açması hesab etmək olmaz. Teatrın açılması deyiləndə onun qapılarının yox, pərdəsinin tamaşaçı üçün açılması və tamaşa göstərilməsi kimi qəbul edilməlidir. Bu mənada, teatr qapılarını açmayacaq. Sadəcə, binada Azərbaycanın teatr mədəniyyəti tarixində ilk dəfə olaraq beynəlxalq konfrans keçiriləcək. Dünyanın 4 qitəsindən çox yüksək səviyyəli qonaqlar gələcək. Onların hər birilə görüşmək üçün 4-5 il dünyanı gəzmək lazım olardı. İndiki halda isə, o insanlarla görüşmək üçün göydəndüşmə fürsət yaranıb. Beynəlxalq miqyasda teatrda baş verənlərin, o prosesi yönəldən, o sahədə yaranan meylləri tənzimləyən aparıcı simalarla ünsiyyət yaratmaq, bundan bəhrələnmək lazımdır. Əməkdaşlıq baxımından müəyyən layihələri birgə müzakirə etməliyik. Dünyada getdikcə tanınan, qəbul olunan bir ölkə kimi Azərbaycanın teatrı da, mədəniyyəti də tanınmağa layiqdir. Əslində bizim gördüyümüz işlər bu məqsəddən, qayğıdan qaynaqlanır. Biz teatrımızı dünyaya tanıtmaq üçün bir sıra silsilə tədbirlər həyata keçirmək niyyətindəyik.

- Dediyiniz məqsədləri həyata keçirmək naminə teatrda islahatlar aparılacaq. Sizin özünüz də bundan narazı qalırsız ki, islahatları artıq bir şouya çeviriblər. Hətta aktyorlar arasında islahatlara görə narahatlıq keçirənlər də var. Əslində bu islahatların kökündə nə durur?

- Çox qəribə bir vəziyyət yaranıb. Hər hansı bir dövlət sənədi işıq üzü görəndə, ilk növbədə mətbuatda çap olunduğundan, təbii ki, mətbuat işçiləri də bundan xəbərdar olmalıdır. Bu gün keçirilməsi nəzərdə tutulan islahatlar “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdir. Söhbət yalnız Akademik Dram Teatrından deyil, bütövlükdə teatr sahəsində aparılan islahatlardan gedir. Sadəcə, Akademik Milli Dram Teatrı birincidir. Opera və Balet, Gənc Tamaşaçılar, Musiqili Komediya və digər teatrlarda da islahatlar həyata keçiriləcək. Bir qism mətbuat nümayəndələri nə üçünsə bu islahatları konkret bir ünvana yönəldirlər. Elə təsəvvür yaranır ki, söhbət ancaq aktyor truppasının fəaliyyətindən, onun bu və ya digər şəkildə ixtisarından gedir. Halbuki məsələ belə deyil. İslahatlar böyük kompleks tədbirlərdir. İslahatlar bir neçə mərhələdə aparılacaq. Mədəniyyət və Turizm Nazirliyi islahatların həyata keçirilməsi istiqamətində işlərə artıq başlayıb. Belə ki, nazirliyin nəzdində komissiya yaradılıb və həmin komissiya Akademik Milli Dram Teatrının kollektivinin müsabiqə yolu ilə yenidən formalaşdırılması işini görəcək. Yəni, mühəndis-texniki və yaradıcı heyət eyni şəkildə formalaşdırılacaq. Bu, konkret məsələdir. Ümumiyyətlə isə, həmin proqramda və bizim apardığımız islahatlarda teatr sənətinin ümumi mahiyyətilə bağlı işlər görüləcək. Teatr sənətinin indiyə qədər sovet dövrü fəaliyyətində müəyyən hədəfi vardı, bədii-estetik, ictimai-mədəni məqsədlər həyata keçirirdi. Müstəqillik dövrü teatrı artıq bir sıra daha mühüm, daha geniş miqyaslı fəaliyyət proqramını həyata keçirməlidir. Teatrın fəlsəfəsi, estetik meyli, ideya-bədii niyyəti dəyişməlidir. Teatr sənəti özünün Azərbaycan cəmiyyətindəki, müstəqil dövlət quruculuğundakı yerini müəyyən etməlidir. Cəmiyyət və teatr münasibətləri müəyyənləşməli, cəmiyyətin teatra münasibəti dəyişməli, teatrın da bu gün cəmiyyətə nə verəcəyi dəqiqləşməlidir. İş elə gətirib ki, Akademik Milli Dram Teatrı akademik adını daşısa da, uzun illər boyu onun fəaliyyətində bir sıra naqisliklər, nöqsanlar, proqressiv yox, reqressiv meyllər baş qaldırıb və inkişaf edib. Geriləmə faktları inkişaf faktlarını üstələyib. Bu, necə baş verib? Uzun illər boyu teatrın maddi-texniki bazası get-gedə aşağı səviyyəyə düşüb və hansısa mədəniyyət sarayının, klubun texniki təminat səviyyəsində dayanıb. Teatrın repertuar siyasəti yanlış ünvana yönəlib. Hər pyes yazan onu müxtəlif yollarla teatrın repertuarına saldırmağa müvəffəq olub. Halbuki bir vaxtlar hər pyes Bədii Şuradan keçmirdi. Son dövrlərdə teatrın repertuar yükünü xalq yazıçısı İlyas Əfəndiyev öz çiynində daşıyıb. O vəfat edəndən sonra teatra ədəbi-bədii səviyyəli pyeslərin daxil olması olduqca azalıb. Demək olar ki, yoxdur. Aktyor, rejissor da öz məharətini dramaturgiya ilə səhnəyə gətirir. Maddi-texniki bazanın, dramaturgiyanın zəifliyi, buraxılan ciddi qüsurlar da öz növbəsində aktyor sənətini cırlaşdırmağa yönəldib. Nəticə etibarilə, aktyor sənəti özünün əsl mahiyyətini, yaradıcılıq, istedad hünərini yavaş-yavaş itirib. Bütün bunlar da tamaşaçını teatrdan bezdirib, küsdürüb. Teatrı sevən həqiqi teatral tamaşaçı bu məkandan uzaqlaşıb. Bu müddət ərzində əlbəttə ki, teatr bağlanmayıb, fəaliyyət göstərib. Amma necə? Dırnaqarası zirək inzibatçılar müxtəlif yollarla zalı tamaşaçı ilə təmin ediblər. Formal olaraq hər şey olub – pərdə açılıb, tamaşa oynanılıb, alqışlar da, gül-çiçək də olub. Lakin böyük mənada yaradıcılıq bayramı baş tutmayıb. Amma indi qarşıda duran məqsədlər mahiyyətcə tamam fərqlidir. Bu gün Azərbaycan incəsənətinin bir sıra sahələri beynəlxalq aləmdə tanınır, qəbul edilir və sevilir. Azərbaycan teatrı isə beynəlxalq aləmə çıxa bilmir. Bu, ciddi narahatlıq yaradan məsələdir.

- Bundan sonra repertuar seçimi necə müəyyənləşəcək? Azərbaycan və xarici ölkə ədəbiyyatının klassik əsərlərinə təbii ki müraciət olunacaq. Bəs müasir Azərbaycan dramaturgiyası?

- Truppa, mühəndis-texniki heyət formalaşandan sonra artıq görüləcək işlər və repertuar barədə daha konkret danışa biləcəyik. O ki qaldı müasir pyeslərin yazılmasına, əlbəttə, ədəbiyyatı, teatrı yaxşı bilən dramaturqları birdən-birə toplaya bilməyəcəyik. Teatr neçə illərdir xalq yazıçısı Elçinlə əməkdaşlıq edir və onun bir sıra pyesləri çox uğurla tamaşaya qoyulub. Həmin əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Adil İsgəndərov 1938-ci ildə teatra baş rejissor təyin ediləndə eyni problemlərlə qarşılaşmışdı. Onda Cəfər Cabbarlı vəfat etmiş, Hüseyn Cavid həbs olunmuşdu. Və teatrda yeni dramaturgiya problemi yaranmışdı. Adil İsgəndərov vəziyyətdən çıxmaq, pyes bolluğu yaratmaq üçün dövrün tanınmış nasir və şairlərinə müraciət etdi. Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman, İmran Qasımov və digər yazıçılar dramaturgiyaya üz tutdular. Bu pyeslər tədricən teatrın mətbəxində bişməyə başladı. İlyas Əfəndiyev isə uzun müddət öz pyesləri ilə teatrın repertuar qıtlığını təmin etdi. Bu gün də müxtəlif nəslə mənsub istedadlı nasirlərimiz var. İndi onların əsərləri ilə tanış oluruq. Rusiyada, Avropada olduğu kimi, biz də əsərləri pyes, teatr variantı kimi işləmək fikrindəyik. Klassikaya gəldikdə isə, görkəmli şəxsiyyətlərimiz çoxdur. Amma problem başqa şeydədir. Məsələn, Mirzə Fətəli Axundzadəni Azərbaycandan kənarda kim tanıyır ki? 2012-ci ildə 200 illik yubileyidir. Onun elə pyesləri var ki, az tamaşaya qoyulub. Bu boşluğu kimsə aradan qaldırmalıdır. Kimsə deyəndə heç kim özünü kənara çəkməsin. Birinci növbədə teatr bu yükü üzərinə götürməlidir. Çünki Azərbaycan dramaturgiyasının banisi Axundzadədir. Teatrın mənəvi borcu və şərəf işi onu təbliğ etməkdir. Təkcə Azərbaycanda yox, dünyanın müxtəlif yerlərində Axundzadənin pyesləri oynanmağa layiqdir və çox yüksək dramaturji mahiyyəti, məzmunu olan əsərlərdir.

- Bəs o əsərləri Azərbaycanda qoya biləcək rejissor, oynayacaq aktyor varmı?

- Əlbəttə, var. Azərbaycan teatrı həmişə dramaturgiyadan incik olub, aktyor yaradıcılığından yox. Bizdə istedadlı aktyor fərdiyyətləri var. Sadəcə, ansambl halında itirirlər və yaxud fərdi keyfiyyətlərini inkişaf etdirmək imkanlarını əldə etməyiblər. İstedad zəhmətlə qoşa addımlamalıdır. Aktyorların öz yaradıcılığı, fərdi keyfiyyətləri, bacarıqları üzərində gündəlik işləməkləri lazımdır. O ki qaldı rejissuraya, rejissor sənəti sırf fərdi, tək-tük olan sənətdir. Azərbaycan teatrında say etibarilə fəaliyyət göstərən rejissorlar az deyil. Amma o rejissor ki, bilavasitə bizim nəzərdə tutduğumuz akademik səviyyəli tamaşalar hazırlaya bilər, onların sayı olduqca azdır. Onlar digər ölkələrdə uğurlu tamaşalar qoyurlar, xarici tamaşaçılar tərəfindən yaxşı qəbul olunurlar, yəni peşəkarlıq baxımından yetərincə yüksək səviyyəli rejissorlardır. Məsələn, Azər Paşa Nemətov Lev Tolstoyun “Hacı Murad”, Vaqif İbrahimoğlu Mirzə Fətəli Axundzadənin “Lənkəranın xanının vəziri”, Mehriban Ələkbərzadə Afaq Məsudun “Yol üstə” pyesini səhnələşdirəcək. Bəhram Osmanov, Bəxtiyar Xanızadə də burda tamaşa qoyacaq. Mərahim Fərzəlibəyov hazırda İlyas Əfəndiyevin “Hökmdar və qızı pyesi üzərində işləyir. Bundan başqa biz kənardan da rejissorlar dəvət edəcəyik. Gürcüstandan Robert Sturua Karlo Qotsinin “İlan qadın”, Avropada çox tanınan türk əsilli rejissor İşıl Kasaboğlu Bertold Brextin “Qafqaz təbaşir dairəsi”, Mayakovski adına Moskva Teatrının baş rejissoru Serqey Arçibaşov Qoqolun “Müfəttiş”, Finlandiyada yaşayan həmyerlimiz Kamran Şahmərdanov Elçinin “Teleskop” pyesini tamaşaya qoymalıdır. Mən 2011-2013-cü illərdə görüləcək işlərin tam planını hazırlamışam. Azərbaycan teatrının beynəlxalq aləmə çıxarılması üçün də tərəfimizdən müəyyən işlər aparılır. Azərbaycan teatrı hələ indiyədək Moskva Bədaye Akademik Teatrının səhnəsində oynamayıb. Ancaq artıq oranın rəhbəri Oleq Tabakovla danışığımız olub, əməkdaşlıq etmək istəyirik. Bizi iki tamaşa ilə ora dəvət edirlər. Biz də onların son iki tamaşasını Bakı tamaşaçılarına göstərmək istəyirik. Moskvada oynayacağımız tamaşalar 2011-ci ilin repertuarında yer tutan olacaq. 2012-2013-cü ildə teatrımızı Avropa səhnələrinə çıxarmaq iddiasındayıq.

- Moskva Bədaye Akademik Teatrında hansı tamaşalar göstəriləcək?

- Biri Axundzadəni tanıtmaq məqsədilə “Lənkəran xanının vəziri” olacaq. İkincisi hələ dəqiq deyil. Hər halda, səviyyəli tamaşalar aparılmalıdır. Çünki Moskva tamaşaçısı zövqlü və tələbkar tamaşaçıdır. O səviyyəni ödəmək lazımdır. Peterburq teatrına da iki tamaşa ilə dəvət olunmuşuq. Müxtəlif beynəlxalq festivallara dəvətlər almışıq. Britaniyada keçirilən Şekspir festivalında çıxış etmək niyyətindəyik. Amma ən əsası, ölkəmizdə teatrımızın ənənəvi şöhrətini bərpa etmək, teatrın öz tamaşaçısını qaytarmaqdır. Axı, bütün bunlar tamaşaçını qaytarmaq üçündür. Bu, çox ciddi məsələdir. Bu məqsədlə tərəfimizdən işlənilmiş layihə həyata keçirilir. Orta məktəblərin yuxarı sinif şagirdləri və ali məktəb tələbələrilə aktyorların görüşlərini təşkil edirik. Artıq ilk görüşlər nikbin duyğular oyadır. Haqqında bəzən ədalətsiz danışılan, “kitab oxumurlar, kompüterdən, internetdən əl çəkmirlər” deyilən gənclərin teatra həvəsinin nəinki sönmədiyinin, hətta artdığının şahidi oluruq. Sadəcə, onlarla işləmək, sözün yaxşı mənasında teatrla xəstələndirmək lazımdır.

- Gənclərdən söz düşmüşkən, bu gün teatrda gənc, perspektivli aktyorlar görünmür. Bunun səbəbi nədədir? Yaşlı nəsli əvəzləyən gənc aktyorlar yoxdu? Yoxsa əmək haqqı az olduğuna görə gənclər özləri meyl göstərmirlər?

- Aktyor yaradıcılığının bir dəfə müəyyən edilmiş başlanğıc yaşı olmur. Qəribə səslənsə də, aktyorun tam yetkin yaradıcılıq dövrü 30 yaşdan sonra olur. Bizdə 30-35 yaşlarında gənclər var. Perspektivə qalınca, hətta kənara atılmış bir taxta parçasının da perspektivi var. Baxır kim ondan nə düzəltmək istəyir. Burda olan gənclərin heç biri haqqında perspektivsiz ifadəsini işlətmək olmaz. Hamı yetərincə istedadlı və bacarıqlıdır. Sadəcə, o istedad düzgün meylləndirilmir. Hədəf başqa yerdədir, onların üz tutduqları istiqamət başqa yerdə. Onlara böyük dramaturgiyada rol verilməyib, sözün tam mənasında bərkə-boşa düşməyiblər, əsl sınaqdan keçməyiblər. Onlarla böyük səviyyədə rejissor işi aparılmayıb. Bu, məsələnin obyektiv tərəfi. Subyektiv tərəfisə odur ki, bəlkə bir neçə 10 illik ərzində akademik səviyyə, onun tələbləri, prinsipləri qalıb bir kənarda, bu və ya digər aktyor, aktrisa, deməyə çətinlik çəkdiyim səbəblərə görə, bu teatrın truppasına qəbul edilib. İndi bizim nəzərdə tutduğumuz səviyyə göstərəcək kim doğrudan bu səhnənin adamıdır, kim yox? Burada hər kəs nəyə qadir olduğunu özü yaxşı bilir. Ola bilsin müəyyən subyektivlik olsun, kimsə kimisə bəyənməsin, bu, teatrda təbii olan bir şeydir. Əsl meyar sənətdir, əsl qiymət verən tamaşaçıdır. Əgər tamaşaçının o aktyorun yaradıcılığına rəğbəti yoxdursa, bilet alıb tamaşaya gəlməyəcək. Adicə bir şeyi deyim. Hələ biz yenicə bəzi aktyorları dəvət etmişik – Fuad Poladovu, Fəxrəddin Manafovu. Artıq cəmiyyətdə bir maraq var ki, onlar hansı rolda oynayacaqlar, tərəf müqabili kim olacaq və s. Hələ heç nə yoxdu, amma maraq yaranıb. Əslində, Akademik Mili Dram Teatrında hər bir aktyor özlüyündə belə şəxsiyyət olmalıdır, o aktyorun yaradıcılıq məhsulunun həsrətini çəkməlidirlər. Teatrda uzun müddət kadr siyasətində də nöqsanlar olub, səhvlər buraxılıb. Etik normalara da tamamilə riayət olunmayıb. Bu, teatr üçün çox ciddi məsələdir. Aktyor özünü yüngül aparmamalıdır. Aktyorun sözünün xüsusi çəkisi olmalıdır. Əgər özü şəxsiyyət etibarilə naqisdirsə, qüsurludursa, müəyyən eyibləri cəmiyyət arasında hallandırılıb önə çəkilirsə, qınaq yeri olursa, əlbəttə, bu, onun yaradıcılığına da öz təsirini göstərir. Birinci növbədə şəxsiyyəti haqqında düşünməli, yaradıcılığına və tamaşaçısına böyük ehtiramla yanaşmalı və işləməlidir. Təəssüf ki, teatrda bu məsələlərdə, aktyorlar arasında qarşılıqlı münasibətdə ciddi problemlər var. Vaxtilə truppa tamaşa göstərmək üçün harasa gedəndə orta nəslə mənsub aktyor heç vaxt avtobusun ön sıralarında oturmazdı. Bunu ona heç kim demirdi, özü etmirdi. Çünki teatr daxili müəyyən etik prinsiplər bərqərar idi. İndi o etik prinsiplər pozulub, yoxdur. Teatra yeni gələn aktrisa ilə, yaradıcılıq uğurları olan, illərdir çalışan aktrisa arasında fərq qoyulmur, amma olmalıdır. Belə ki, yaradıcılıq məcəlləsi deyilən bir şeyə riayət etmək lazımdır. Teatrda nəyi etmək olmaz? Ümumiyyətlə, aktyor, yaradıcı insan gərək bir sıra cəhətləri özünə yasaq etsin, qulağına sırğa etsin. Bu gün aktyor, aktrisaya səs, plastika, diksiya, yüksək zövq lazımdır. Əgər plastikası, sifət cizgiləri ifadəli deyilsə, səhnə məharəti zəifdirsə, tamaşaçı nəyə baxacaq? Əgər bir balaca səsinin tonunu qaldıranda qulağı cıran paralel səslər eşidilirsə, ona tamaşaçı baxmayacaq. Aktyor, aktrisa qidalanmasına fikir verməlidir. Bəs nəyə görə deyirlər ki, incəsənət qurban tələb edir. Gərək nəfsini saxlayasan. Aktyor, aktrisalar da balet ustaları kimi zərif, füsunkar olmalıdır. İncəsənətə bəzən estetika, gözəllik sənəti deyirlər. O gözəlliyi tamaşaçı harada görməlidir? Hətta ifritəni, küçədə qalmış səfili oynayanda belə təqdimat gözəl olmalıdır. Əgər gözəlliyi bəxş edə bilmirsə, gözəlliyi səhnədən zala sirayət etmirsə, problemi özündə axtarmalıdır. Mən ilk günlər bu barədə danışanda kimsə inciyirdi, dodaq büzürdü. Əzizim, axı mən bunu sizin üçün deyirəm. Çünki siz şişmanlaşanda bir sıra rolları artıq oynaya bilməyəcəksiniz, yaradıcılığınız məhdudlaşacaq. Rus teatrında 70 yaşlı aktrisa müxtəlif rollar oynaya bilir. Çünki onun fakturası, görünüşü vizual olaraq tamaşaçıda başqa fikirlər yaratmır. Bu gün Teatr Xadimləri İttifaqında bizim aktyorlar vokal dərsləri keçirlər. Moskva təhsili görmüş plastika üzrə müəllimlər dəvət etmişik. Trenajor zalı açmışıq ki, idmanla məşğul olsunlar. Mədəniyyət və Turizm Nazirliyi bizi bütün avadanlıqları olan gözəl bir idman zalı ilə təmin edib. Bu, ona görədir ki, aktyor da idmançı kimi daim formada olmalıdır.

- Tənbəllik edib gəlməyənlər var?

- Gələcəklər. Başqa yolu yoxdur. Elə şeylər var ki, onlar iradə ilə, güclə olmalıdır. Çünki ailədə uşağın tərbiyəsində olduğu kimi, onların yaradıcılıq tərbiyəsində də müəyyən şeylər buraxılıb. O boşluğun səbəblərini yuxarıda açıqladım. Aktyor, aktrisa öz üzərində işləməlidir. Dünyada məşhur olan Stanislavski sisteminin iki müddəası var – aktyorun öz üzərində işi və aktyorun öz rolu üzərində işi. Aktyorlar musiqi aləti kimi özlərini yenidən kökləməli və qarşıda duran yaradıcılıq məqsədləri üzərində ciddi düşünməlidirlər. Mən burda hər hansı şıltaqlıqla, kaprizlə barışmıram və barışmayacağam, belə şeyi ümumiyyətlə başa düşmürəm də. Bunu özləri də bilirlər. Bir halda ki, sən səhnəyə çıxırsan, özünü teatr xadimi adlandırırsan, zəhmət çək, bu işlərlə ciddi, peşəkarcasına məşğul ol. İndən belə Azərbaycan teatrı əvvəlki ahəngdə, ritmdə, səviyyədə işləyə bilməz. Bu, bizim qarşımızda məsul vəzifə olaraq durur. Azərbaycan tamaşaçısı yüksək bədii-estetik səviyyəli tamaşalar görmək istəyir.

- Teatrın truppasını seçəcək komissiya müsabiqədə seçimin hansı formada olacağını müəyyənləşdirib?

- Komissiya hələ toplanmayıb. Bu, sadə proses deyil. Bir teatrın bətnində tamamilə yeni bir teatr yaranır. Bizim teatrın tarixində belə şey birinci dəfə olacaq. Müsabiqənin elanları çıxandan sonra komissiya toplanacaq, bütün detallar müəyyənləşəcək. İkinci tərəfdən, bizim və digər kollektivlərin bu mənada baxışları cürbəcürdür. Onlar o qədər özlərinə heyran olublar, onları o qədər yalandan tərifləyiblər ki, özlərində təkəbbür yaranıb. İndi onlara soyuq duş vurulmalıdır ki, qoy ayılsınlar məsələ o cür deyil. Ağrılı faktdır, ancaq həqiqət belədir ki, bu gün teatrda sənətkar saydığımız elə bir aktyor, aktrisa yoxdur ki, ona görə 100 nəfər kassadan bilet alıb tamaşaya gəlsin. Amma rus, gürcü teatrında minlərlə adam bilet alıb öz sevimli aktyorunu görmək üçün tamaşalara gəlir.

- İsrafil müəllim, bu müsabiqədən keçməyən aktyor, aktrisalar yəqin ki sizdən narazı qalacaqlar. Bu, sizi narahat etmir?

- Məndən niyə narazı olurlar? Bu, bir nəfərə həvalə olunmur. Bir nəfər subyektiv ola bilər, qərəzli ola bilər. Müsabiqənin komissiya tərəfindən həyata keçirilməsində məhz bu şərt çox vacibdir ki, məsələlər mənim və ya başqasının istəyilə həll olunmasın. Bu, insan taleyidir. O ki qaldı narazılığa, narazılıq istənilən halda var, olacaq. Bunu normal qəbul etmək lazımdır. İndinin özündə də rejissor hansısa aktyora rol vermirsə, həmin rejissordan acığı gəlir. Teatrın içində bu, təbii şeydir. Çox səmimi deyirəm ki, mən bu teatrın gələcəyinin yaxşı olması üçün çalışıram. Yoxsa, heç nəyə toxunmazdım, hər şey olduğu kimi qalardı.

- Yaxın illərdə teatra baş rejissor təyinatı gözlənilmir...

- Mən rejissorların bir təhkimçi kimi bir teatrın hüdudlarında çalışmasını onların fərdi yaradıcılığı üçün normal hesab etmirəm. Rejissorun aylıq maaşı haradasa 300 manatdır. Hər gün işə gəlməklə ildə 3600 manat əmək haqqı alır. Amma müstəqil olaraq müqavilə yolu ilə tamaşa hazırlayanda hər bir tamaşaya 6-7 min manat alacaq. İstədiyi şəhərdə və teatrda tamaşa qoya bilər və qazanar da. Həm vaxtı, həm də yaradıcılıq imkanları daha artıq olur.

- Amma teatrın yaradıcı strategiyasını baş rejissor müəyyənləşdirir. Adətən baş rejissoru gəminin kapitanına bənzədirlər. Yəni kapitan olmadan gəmini idarə etmək nə dərəcədə mümkün olacaq?

- Baş rejissorluq vəzifə deyil, liderlikdir. O lider yetişməlidir. Bu işin zamana ehtiyacı var

- Deməli, siz həm də bədii rəhbər sayılırsız.

- Sayılmıram. Mən sadəcə teatra rəhbərlik edirəm. Bəzən olur ki, bədii məsələnin həllinə qoşuluram. Mənim yazdığım 8 kitabdan 5-i rejissuraya həsr olunub. Yəni, bu sahənin mütəxəssisi hesab olunuram. Odur ki, şair demişkən, “az-az uydururam yeri gələndə”.

- Son olaraq onu da soruşum ki, aktyorların əmək haqlarının 800-1200 manat arası olacağı deyilir. Bu, həqiqətə uyğun bir şeydir?

- Aktyorlar çox qəribə təbiətli adamlardır. Uşaq kimidirlər, bəziləri qaradinməz, bəziləri şıltaq, bəziləri sadəlövh olur. Mən aktyorlarla ilk görüşümdə nələri etmək istədiyimi sadaladım. Onu da dedim ki, mən burda maaşların 850-1200 manat olmasını istəyirəm. Bu, sadəcə mənim arzumdur. Əslində yaradıcı şəxs məişət “neynim”lərilə əlbəyaxa olanda onun sənət işlərinə enerjisi qalmır. Odur ki, truppada çalışanların sosial vəziyyəti təbii olaraq məni düşündürür. Yəni, bu teatrın uğurlu gələcəyi ilə bağlı digər arzularımla bərabər, həmin arzumun da yerinə yetməsinə çalışacağam.

Xəyalə MURADLI

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2334

Oxşar yazılar