Natəvan Dəmirçioğlu: “Hələ vaxt var...” – MÜSAHİBƏ
01 noyabr 2010 10:15 (UTC +04:00)

Natəvan Dəmirçioğlu: “Hələ vaxt var...” – MÜSAHİBƏ

Yazıçı Natəvan Dəmirçioğlunun “Kniqa pervaya” (Birinci kitab) kitabı Moskvanın “Plinta” nəşriyyatında çapdan çıxıb. Prezident təqaüdünə layiq görülən, ilin yazıçısı seçilən Natəvan xanım həm də Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, eyni zamanda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının müəllimidir. Noyabrın 1-də 47 yaşı tamam olan yazıçı Lent.az-a müsahibəsində yaradıcılığından, ədəbiyyatımızın mövcud durumundan danışır...

- Jurnalistika yazıçı kimi yaradıcılığınıza mane olmur ki?

- Həm yazıçılıq, həm jurnalistika, həm də elmi-pedaqoji fəaliyyət mənim üçün doğmadır. Çünki mən bu 3 sahənin hər birində özümü görə və realizə edə bilirəm. Jurnalistika mənim üçün fəaliyyət sahəsi, elm inkişaf, ədəbiyyat isə ruhi ehtiyacdır. Ona görə də mən bunların heç birindən imtina etmək fikrində deyiləm. Mən seçim dilemması qarşısında da qalmaq istəməzdim. Ancaq belə bir dilemma ilə üzləşsəydim, yazıçılığı seçərdim.

- Jurnalistikadan yazıçılığa keçid necə olub, nə vaxtdan yazmağa başlamısınız?

- Jurnalistika cəmiyyətlə sıx əlaqəli bir elmdir. İnsanın cəmiyyəti öyrənməsi, insanlarla ünsiyyət jurnalistikanın imkanları daxilindədir. Mən jurnalistikaya yazıçı olmaq üçün gəldim. Amma sonradan bildim ki, məhz yazıçı olmaq üçün jurnalistikanı oxumaq lazım deyilmiş. Ancaq jurnalistikaya gəlişimə peşman olmadım. Jurnalistika mənə kömək etdi ki, insanları daha yaxından müşahidə edim, öyrənim. Ən müxtəlif peşə sahibləri ilə ünsiyyətdə olmaq, onların psixologiyasına varmaq baxımından jurnalistika əvəzsiz rol oynadı. Ancaq mənim hekayələrim hələ orta məktəbdə oxuyanda çap olunmağa başlamışdı. Qazax rayonunda o zaman işıq üzü görən “Qalibiyyət bayrağı” qəzetində hekayələrim çap olunub. Belə desək. Jurnalistdən əvvəl mən yazıçı olmuşam. Hələ Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxumurdum, “Ulduz” jurnalına əsərlərimi göndərmişdim. Çox böyük minnətdarlıqla xatırlayıram, Yusif Səmədoğlu hekayələrim barədə yüksək fikirdə idi. Yusif Səmədoğlu əsəri tam oxumurdu, ona bir cümlə kifayət idi ki, əsəri hiss etsin. Yusif Səmədoğlu mənə tövsiyə edirdi ki, sən elə bu işlə, yazıçılıqla məşğul ol.
Bununla belə, mən 20 il jurnalistikada peşəkar fəaliyyətlə məşğul olmağımdan çox məmnunam. 20 illik jurnalist təcrübəmi mən sonralar ali məktəbdə tədris etmək imkanı qazandım və bu da məni sevindirdi.

- Yazıçı kimi özünüzü hansı ədəbi cərəyanın nümayəndəsi kimi görürsünüz?

- Ədəbiyyatda cərəyanlar bəzən insanları qıcıqlandırır, bəzən də insanları özünə çəkir. Məncə, bunların hər ikisi zərərlidir. Birincisi, ədəbiyyatda olan cərəyanlardan imtina etmək, qorxmaq, əsəbiləşmək lazım deyil. Çünki bu, təbii prosesdir. İkincisi, ədəbiyyatda olan cərəyanlar zaman-zaman təkrarlanır. Amma cərəyanın üzvü olmağa can atmaq və elə güman etmək ki, əgər hansısa cərəyanın üzvü deyilsənsə, ədəbiyyatda görünməyəcəksən, sayılmayacaqsan, ədəbiyyatda səni hiss etməyəcəklər, bu da səhv yanaşmadır. Çünki ədəbiyyatı cərəyanlar müəyyənləşdirmir, konkret əsər müəyyənləşdirir. Ədəbiyyatda bu və ya digər cərəyanın üzvü olmaqla iş görmürsən, yaratdığın əsərlərlə iş görürsən. Ona görə də deməzdim ki, hansısa ədəbi cərəyanın üzvüyəm, yaxud üzvü olmağa ehtiyac duyuram. Mən hiss etdiklərimi, duyduqlarımı, müşahidə etdiklərimi nə zaman yazmaq ehtiyacı hiss edirəm, o zaman yazıram. Bu əsərin hansısa ədəbi cərəyana aid olub-olmaması məni narahat etmir.

- Azərbaycanda çapdan çıxan ilk kitabınız bir müddət sonra Rusiyada tərcümə edilib və bu ölkədə yayılıb. Bu, təsadüfən olub, yoxsa öz təşəbbüsünüzdür?

- Mənim 6 əsərimin toplandığı ilk kitabım “Birinci Kitab” adlanırdı və 2006-cı ildə işıq üzü görmüşdü. Sonra bu kitab 2010-cu ildə Rusiyada rus dilində nəşr olundu. Bir məqamı deyim. Qəribədir ki, mənim kitabımın Azərbaycan dilli variantına da daha çox dünya ədəbiyyatını öyrənən mütəxəssislər, dünya ədəbiyyatını oxuyan, xarici ədəbiyyata bələd olan oxucular daha çox maraq göstərirdi. Mənə ilk dəfə əsərlərimi yüksək qiymətləndirdiyini alman dili sahəsində çox gözəl mütəxəssis olan Çərkəz Qurbanov söylədi. Çərkəz Qurbanov Azərbaycan Beynəlxalq Radiosunun direktoru işləyirdi, mən o zaman bu radioya bir neçə il idi ki, şöbə müdiri göndərilmişdim. Əsərlərimin birini radiotamaşa kimi hazırlamaq tövsiyə olundu. Əsərin radio tamaşa variantını Çərkəz Qurbanova oxumağa verirlər. Çərkəz Qurbanov əsəri oxuyur, işçilərdən birinə deyir ki, tamaşa variantına qol çəkib, ancaq müəllifi şəxsən görmək istəyir. Çərkəz Qurbanov o vaxt radioya yeni direktor təyin olunmuşdu. Getdim yanına. Çərkəz Qurbanov dedi ki, efir və maliyyə məsələsi ilə bağlı problem yoxdur, mən sizi şəxsən görmək istədim, çünki bu, kifayət qədər milli və müasir dünya ədəbiyyatını xatırladan bir yazı formasıdır. O, Azərbaycanda belə yazıçı olduğu üçün çox sevindiyini, belə əsəri ancaq dünya Avropa ədəbiyyatında oxuduğunu bildirdi. Ondan sonra da müşahidə etdim ki, əsərlərimi dünya ədəbiyyatını oxuyan, xarici ədəbiyyata bələd olan oxucular daha çox bəyənirlər.
İlk kitabımın rus dilinə tərcüməsinə gəlincə, mən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında jurnalistika üzrə ekspert kimi fəaliyyət göstərirəm. Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzov isə TQDK-da alman dili mütəxəssisi kimi fəaliyyət göstərir. Rafiq Novruzov dedi ki, bu kitabdakılar çox maraqlı əsərlərdir, bu əsərləri ölkədən kənarda çap etmək lazımdır. Tərcüməni Bakı Slavyan Universitetinin tərcümə kafedrası həyata keçirib. Yəni şəxsi təşəbbüslərim olmayıb, mənə təklif gəlib. Moskva ilə əlaqələri olmayan bir insan kimi kitabımın Moskvada nəşr olunması hətta mənə mümkünsüz bir məsələ kimi görünürdü. İlk dəfə eşidəndə də bunun reallaşacağına inanmırdım. Amma görünür ki, bu əsərlərin, kitabın taleyində Rusiyada oxucuların ixtiyarına verilmək varmış.

- Yazıçı kimi bir məsələyə də münasibətinizi soruşmaq istərdim. Yazıçı Azərbaycan mühitində insanı maddi cəhətdən təmin edə biləcək bir sənətdirmi?

- Mübahisə doğursa da, dünya təcrübəsində bir deyim var və Avropa bunu qəbul edir. Deyir, peşəkar o şəxsdir ki, çalışdığı sahədən pul qazanır, təminatını qura bilir. Bu sözdə xeyli dərəcə həqiqət var. Ümid edirəm ki, yaxın 5-10 ildə Azərbaycan yazıçısı məhz yaradıcılığı hesabına yaxşı yaşaya biləcək. Təkcə yazıçının gücü ilə hər şey həll olunmur. Zaman kontekstində götürsək, yazıçının yaradıcılığı ilə özünü təmin etməsi üçün cəmiyyət formalaşmalı, mühit, kitabın bazarı yaranmalıdır. Elitar mühit formalaşaraq, özünü tapmalıdır. Kitabı sıradan bir adam yox, elita oxuyur. Azərbaycan reallığında hazırda dövlətin də hədəf nöqtələrindən biri odur ki, cəmiyyətin orta, qızıl xəttini, ziyalı təbəqəsini formalaşdırsın. Azərbaycan müstəqillik qazanandan sonra cəmiyyətin bir çox problemləri çox böyük sürətlə qaydasına düşməkdə, həllini tapmaqdadır. İqtisadi uğurları, beynəlxalq əlaqələri, idmanda əldə olunan nəticələri, milli-mənəvi dəyərlərin dirçəldilməsini, önə gətirilməsini biz bura daxil edə bilərik. Bunların fonunda zəruri məsələ orta qızıl xəttin formalaşdırılması məsələsi var. Orta qızıl xəttin formalaşdırılması ədəbiyyata da ehtiyacı, elm adamlarının yaxşı yaşamasını da nizama salacaq. Alim öz elmi əsərləri, kəşfləri, yazıçı öz yazdıqları ilə özü özünü saxlaya biləcək. Amma bu gün bunun mümkün olduğunu deyə bilmərəm.

- Bəs ümumilikdə bu gün Azərbaycan ədəbiyyatının səviyyəsini, inkişaf dinamikasını necə dəyərləndirirsiniz?

- İnsanlar elə başa düşürlər ki, ədəbiyyat həmişə hər şeyi həll etməlidir. Ədəbiyyat həmişə hər şeyi həll edə bilməz. Ədəbiyyat maddi yox, mənəvi dəyərdir, zamanı özünə hopdurur. Bu gün o zaman sənə o qədər də lazım deyil, çünki o zamanın içərisində yaşayırsan. Valideynlərin də, övladların da bu zamanın içərisində yaşayır. Ona görə də ədəbiyyat bəlkə də daha çox sabaha lazım olacaq bir şeydir. Azərbaycan ədəbiyyatında bu və ya digər formada əsərlər yaranır. Ola bilər ki, o əsərlər indi görünməsin, heç diqqəti cəlb etməsin. Ola bilər ki, indi ortada elə bir ciddi nailiyyəti olmayan bir yazıçı kifayət qədər populyar olsun, yaxud əksinə, yazıçının unikal bir əsəri olsun, amma ictimaiyyət o yazıçını o qədər də yaxşı tanımasın. Ədəbiyyat müdaxilə sevmir. Dünya ədəbiyyatının dahilərindən biri deyib ki, ədəbiyyat öz boynuna götürdüyü yüklə yaşayır, amma istənilən təzyiqdən ölür. Ədəbiyyat təzyiqi, öhdəliyi, planı sevmir, öz axarında inkişaf edir. Zamanın müəyyən axarında o inkişaf çox sürətli ola, zamanın müəyyən dövründə inkişafı ləngiyə bilər. Ədəbiyyata ehtiyac da zamanla həll olur. Məsələn, 1990-1995-ci illərdə mən radioda Ədəbiyyat Redaksiyasında işləyirdim. Biz ədəbi əsərləri ekrana çox ehtiyatla verirdik ki, bu əsərə indi kim qulaq asacaq?! Çünki o dövrdə ədəbiyyata ehtiyac çox az idi. Cəmiyyətdə aləm o qədər bir-birinə qarışmışdı, böyük proseslər gedirdi, hadisələr bir-birini çox sürətlə əvəz edirdi. Bu axarda ədəbiyyat insan üçün çox da gərəkli görünmürdü. Amma müəyyən dövr keçdi, cəmiyyətdə sakitlik yarandı. Cəmiyyətdə o mənəviyyata, ruha ehtiyac olanda ədəbiyyata da ehtiyac yaranır. Başqa sözlə desək, insanın çox vacib işi olanda evdə televizoru açıb, ədəbi bir verilişə baxmır. Amma insanın işləri sahman, qaydasında olanda, çox işləri həll edib, qalanlarını da səhər həll edəcəyinə əmin olanda, o halda qəzetləri vərəqləyir, internetə, televiziyaya baxır, kitab vərəqləyir. Cəmiyyət də insan kimidir, canlı orqanizmdir.

- 47 yaşı tamamlayacaqsınız. 47 yaş bir yazıçı üçün nə deməkdir?

- Azərbaycanda yazıçı, şair üçün yaş Səməd Vurğunla ölçülür. Hamı fikirləşir ki, Səməd Vurğun bu yaşında belə tanınırdı, bu işi görmüşdü. Yaxud 45 yaşı olan adamların bir təsəllisi var ki, hələ 50 yaşa qədər çox böyük işlər görəcək, kitabları çap olunacaq, layihələr həyata keçirəcək. Yəni hələ vaxt var. Mən Azərbaycan ədəbiyyatında bunu Səməd Vurğunla bağlı sayıram, bəlkə də elə deyil. Ancaq hər halda 50 yaş deyilən, 50 yaşda Səməd Vurğunun əldə etdiyi nailiyyətlər deyilən bir məsələ var. Bu baxımdan, deyə bilmərəm ki, mənim üçün yaxşı vəziyyətdir. Amma pis də demərəm. Çünki mən çox yazmağa ehtiyac hiss etmirəm. Mən elə bir insanam ki, özüm özümə hər an təsir də bilmərəm. Özüm özümə müəyyən çərçivədə sərbəstlik, azadlıq verməyi çox xoşlayıram. Ona görə də özümü məcbur edə bilmərəm ki, yaş, ömür keçir, daha çox əsər çap etdirim. Bu əziyyəti özümə vermirəm. O zaman yazır, ədəbiyyatla məşğul oluram ki, artıq bununla məşğul olmamaq mənim üçün mümkün deyil. Ona görə də nailiyyətlərimin az, yaxud çox olduğunu söyləyə bilmərəm. Amma mən hər halda bir neçə yerə fəaliyyətlə məşğul olmasaydım, bir neçə yerə bölünməsəydim, ədəbiyyatda daha çox tanına bilərdim. Məsələn, həyatımın bir neçə ilini dissertasiya yazmağa həsr etdim. Üstəgəl, bir o qədər vaxtı sənədləşmə, müdafiə işlərinə həsr etdim. Bütün bunlar vaxt aparır. Yaxud Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi kimi fəaliyyət göstərirəm, bu, xeyli enerjimi və vaxtımı alır. Amma məncə, bu da pis deyil...

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1783

Oxşar yazılar