Natəvan Hacıyeva: “Şərqiyyə Hüseynova xalq artisti adını necə aldı, mən bilmirəm” – MÜSAHİBƏ –
25 oktyabr 2010 13:27 (UTC +04:00)

Natəvan Hacıyeva: “Şərqiyyə Hüseynova xalq artisti adını necə aldı, mən bilmirəm” – MÜSAHİBƏ –

Azərbaycanın ilk peşəkar diktoru, əməkdar artist, prezident təqaüdçüsü Natəvan Hacıyevanın yaradıcılığının 50 ili tamam oldu. Yubiley münasibətilə Lent.az sevimli diktorumuzdan müsahibə almaq qərarına gəldi. Natəvan xanım söhbətdə uşaqlığından, ailəsindən, televiziyaya gəlməsindən, yubileyindən və problemlərindən danışdı.

- Mən Bakıda ziyalı ailəsində dünyaya gəlmişəm. Atam Əsgər Hacıyev hüquqşünas, anam Şölə xanım ali təhsilli evdar xanım olub. “Axırıncı aşırım” filmində obrazı yaradılan tarixi şəxsiyyət Kərbəlayi İsmayıl mənim ata babamdır. Görünür, xasiyyətimdəki cəsarət, yenilməzlik gendən gəlir. Mən 5 qardaşın böyük bacısıyam. Evin bir qızı olduğuma görə də həmişə diqqət mərkəzində olmuşam. Məktəbi qızıl medalla bitirmişəm. Əslində mən ərəb dili üzrə mütəxəssis olmaq istəyirdim. Amma qismət ayrıymış. Həmin il Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsi yaradıldı, avropa dilləri üzrə isə ayrıca institut yaradıldı. Rus dili, ədəbiyyat isə Pedoqoji İnstitutda qaldı. Fikirləşdim, sənədlərimi götürüb verim universitetə, ya yox? İmtahana bir həftə qalmışdı. Fikrimi dəyişdim. Baxmayaraq ki, rus dilini sevmirdim, Pedaqoji Universitetinə qəbul olundum. Bu da bir qismətdir. Çünki ərəb dilini üstün tutsaydım, diktor olmazdım da. Təsadüf elə gətirdi ki, 1959-cu ilin qışında elan olunan diktorluq müsabiqəsində bəxtimi sınadım, ancaq məni seçmədilər. 1960-cı ildə keçirilən müsabiqədə isə qalib gəldim. Ümumiyyətlə, həmin il mənim üçün çox uğurlu oldu. Rejissor Kamil Rüstəmbəyovun “Aygün” filmində epizodik rolda çəkildim. Xurşidbanu Natəvanın heykəlinin açılışında öz yazdığım şeiri oxudum. Üçüncü uğurum isə müsabiqədə qalib gəlməyim oldu. 170 nəfər arasında təkcə mən qəbul olundum. Özü də həmişə deyirəm ki, mən gözəl qız olmamışam. Qarayanız, sadə qız idim. Kosmetika çəkmirdim. Buna baxmayaraq diktor seçildim. Beləliklə, 1960-cı il avqustun 22-də ilk dəfə efirə çıxdım. Həmin vaxt ilk peşəkar diktor ştatı mənim üçün açıldı. Mənim televiziyadakı həyatım belə başladı.

- 50 ilə yaxın televiziyada çalışmısız. Diktorluq, televiziya aparıcılığı sizə həyatda nə verdi?

- Çox şey – məşhurluq, tamaşaçı məhəbbəti. Xalqın sevgisi, inamı olmasaydı, mən tanınan diktor olmazdım. Hərdən mənə deyirlər ki, necə olub yaşınızdan cavan qalmısız? Məni tamaşaçı sevgisi belə cavan saxlayıb. Amma qazandıqlarımla yanaşı itirdiklərim də olub. Mən televiziyada gəncliyimi itirmişəm. Elə günlər olub ki, başqa diktor olmayıb, tək işləmişəm. Nə gecəm olub, nə gündüzüm. Özü də əyani oxuyurdum. 4 il işləyə-işləyə təhsil almışam. Bəzən elə olurdu ki, gün boyu yemək yemirdim. Gecə gəlib çatırdım evə, yeyən kimi də yatırdım. Amma elə orda da ailə qurdum. Qızım Cəmilə dünyaya gəldi, qızımın heç bir yaşı tamam olmamış ailəm dağıldı.

- Ailənizin dağılmasına səbəb televiziyada işləməyiniz olub?

- Yox. Həyat yoldaşım özü də televiziyada baş operator işləyirdi. Sadəcə, qısqanc adam idi. Mənim uğurlarımı da qısqanırdı. Ondan artıq maaş alırdım, məni tərifləyirdilər, hər şeyi qısqanırdı. Bir dəfə də işdən gələndən sonra içimdən hansısa hiss mənə dedi ki, mücrüyə bax. Açıb gördüm ki, zinət əşyalarımın biri də yerində yoxdu, mücrü bomboşdur. Özü də mənə 4 toy çalınmışdı. İlk dəfə Bakıda restoranda mənim toyum olub. Yoldaşımdan soruşdum ki, “bizim evə kimsə gəlib?” Dedi, “yox, ordakı qızıllar göyə uçdu”. O gecəni mən heç nə demədim, gözümə yuxu getmədi. Səhər uşağı da götürüb evi tərk etdim. Dedim “qızılla, brilyantla bağlı həyat mənə lazım deyil”. O gündən etibarən mən qızıla, daş-qaşa nifrət edirəm. İndiyə qədər də “bijuteriyadan” başqa heç nə taxmıram. Qızılların aqibətindən də xəbər olmadı, heç maraqlanmadım da. Atam məhkəməyə vermək istədi, razı olmadım. Qızımı tək böyütdüm, ikinci dəfə ailə qurmadım. Zərifə və Nərmin adlı iki nəvəm də var. Bir sözlə, həyatın hər üzünü görmüşəm. Mənim bütün həyatım televiziya ilə bağlıdı.

- Azərbaycan televiziyalarının bugünkü səviyyəsi ömrünü televiziyaya həsr edən bir peşəkar kim sizi qane edir?

- Qane edir, ona görə ki, indi sərbəstlik, azadlıq var. Əvvəl bizə mətn verilirdi, onu oxuyub özününküləşdirməliydik. Mətndən kənara çıxmağa ixtiyarımız yox idi. Amma indi mənə o xoşdur ki, aparıcı mətni dəyişə bilir, özü yaza bilir, sərbəstliyi var. Bircə mənə o xoş gəlmir ki, aparıcılar danışa bilmirlər. Yaxşı jurnalistdir, gözəl yazısı var, amma nitqi yoxdur. Bəzən aparıcılar geyimlərini də düzgün, verilişə, mövzuya uyğun seçmirlər. Ya da kadr arxası mətn elə bərbad oxunur ki... O qədər səhvlər buraxılır, vurğu düzgün qoyulmur. Hərdən zəng vurub iradımı deyirəm. Amma bunu həmişə etmək olmur axı. Aparıcı tamaşaçını inandırmalıdır. Hər gün 5-6 tamaşaçı itirsə, necə olar?! Ona görə də indiki verilişlər uzun ömürlü olmur. Verilişin uzun ömürlü olması onun tamaşaçısından asılıdır. Bəyəndiyim aparıcılar da az deyil. Hər kanalın bəyəndiyim verilişi və aparıcıları var. Elə şoular var xoşum gəlir. Eləsi də var ki, yüngüllük çoxdur. Yəqin ki, vəziyyət getdikcə düzələcək, hər şey öz yerini tutacaq.

- Yaradıcılığınızın 50 illik yubileyini necə keçirdiz?

- Yubileyimlə bağlı Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının təşkil etdiyi bir tədbir oldu. Sentyabrın 27-də Gənc Tamaşaçılar Teatrında “50 il mavi ekranda” adı altında baş tutdu. Tədbir çox gözəl, yüksək səviyyədə keçdi. Maraqlı çıxışlar oldu, müğənnilər gözəl mahnılarını səsləndirdilər.

- Həmkarlarınızdan tədbirə gələnlər oldu?

- Xeyr, bir nəfər də gəlmədi. 50 nəfərə buklet göndərmişdim. Nə rəhbərlik gəldi, nə də işçilər. Onlara da deyiblər ki, “kim o tədbirə getsə, işdən çıxarılacaq”. 6 televiziya kanalı bu tədbiri işıqlandırdı, süjet hazırladı, bircə illərlə çalışdığım televiziyadan başqa. Süjet qalsın bir yana, heç bircə cümlə də yazmadılar. Onu da deyim ki, mən yubileyin qeyd olunması üçün ilin əvvəlində AzTV-yə müraciət etmişdim. Amma avqustun 22-ə kimi heç bir iş görmədilər, məktubuma cavab da vermədilər. O arada Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri Dünya Əliyeva məni görüşə dəvət etdi. Görüşdə yubileyimi qeyd etmək istədiyini dedi. Razılaşdıq. Avqustun 25-də KİV Həmkarlar İttifaqının “Qızıl qələm” mükafatına layiq görüldüm. Avqustun 28-də Space kanalında canlı yubiley verilişi keçirildi. Nailə İslamzadə, Sabir Ələsgərov, Tamilla Ələkbərova, rejissor Nazim Zeynalov, bəstəkar Faiq Sücəddinov, Paşa Qəlbinur və başqaları gəlmişdi. Faiq Sücəddinov canlı efirdə çıxışı zamanı dedi ki, bu tədbiri AzTV etməliydi. Sabahı gün verilişin redaktoru mənə zəng etdi ki, bu sözlər böyük rezonans doğurub. AzTV-nin sədr müavini Vaqif Ağayev zəng edib, irad bildirib. Məni növbəti verilişə dəvət etdilər. Sentyabrın 27-də isə Gənc Tamaşaçılar Teatrında “50 il mavi ekranda” adlı yubiley tədbiri təşkil olundu. Bircə AzTV heç nə etmədi. Bilmirəm niyə?

Arif Alışanov 2006-cı ildə yeni sədr təyin olunanda mən gedib onu təbrik etdim. Mənim haqqında film çəkmək istədiklərini, dövlət hesabına 42 dəqiqəlik sənədli film olacağını dedi. Mənə çox yaxşı münasibət göstərdi. Hətta mən ona deyəndə ki, 1990-cı ildən əməkdar artistəm. Cavab verdi ki, sənə də xalq artisti adı verilməyəndən sonra kimə veriləcək. Həmin il oktyabrın 29-da “Bizim Natəvan” filmi efirə getdi. Tamaşaçılar tərəfindən də yaxşı qarşılandı. Səhəri gün təşəkkür etmək üçün Vaqif Ağayeva zəng vurdum. Demə həmin vaxt orda iclas gedirmiş. İşçilər də iclasda narazılıq edirmişlər ki, necə ola bilər Natəvan 1960-cı ildən işləyir, biz inanmırıq. Vaqif Ağayev da telefonda mənə qayıtdı ki, “nə yaxşı zəng vurmusan. Elə sənin haqqında deyirlər ki, Natəvan yalan deyir, 1960-cı ildən işləmir”. Heç nə demədim, amma çox pis oldum. Mən dərhal kadrlar şöbəsindən əmək kitabçamı götürüb Arif Alışanovun qəbuluna getdim. O da mənə dedi ki, belə şeylərə fikir verməyim. Artıq sakit oldum ki, sədr həqiqəti bilir. Amma az sonra başqa şeylə qarşılaşdım. 1991-ci ildən başlayaraq 14 il ərzində “Ötənlərdən, keçənlərdən” verilişinin aparıcısı olmuşam. Arif Alışanov 2006-cı ilin sonunda bu proqramı ləğv etdi. Üstəlik xalq artisti adını da mənə yox, Şərqiyyə Hüseynovaya verdilər, məndən 10 il sonra gələn diktora. Necə verildi, necə aldı, bunu mən bilmirəm. Amma o ad mənə verilməliydi. Eybi yox. Verilişimi çıxardılar, ad da vermədilər, başladım televiziyaya az getməyə. Həm də dedilər ki, cavanlar işləsin, təqaüd yaşında olanlar çıxsın. Mən elə bilirdim darıxaram, unudularam, amma yox, elə olmadı, məni özəl kanallar müxtəlif verilişlərə dəvət etdi. Məni tamaşaçı nəinki unutmadı, ikiqat sevməyə başladı. Amma gerçəkdən ömrümü həsr etdiyim televiziyada mənə olan münasibətdən çox pis olmuşam. Hələ də neylədiyimi, niyə belə laqeyd münasibətlə qarşılaşdığımı bilmirəm.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7187

Oxşar yazılar