Aybəniz Haşımova: “Burda heç bir maddi marağım yoxdur... “
18 oktyabr 2010 11:30 (UTC +04:00)

Aybəniz Haşımova: “Burda heç bir maddi marağım yoxdur... “

“Bu konserti keçirməkdə Heydər Əliyev Sarayının və mənim heç bir maddi marağım yoxdur, ola da bilməz. Şəxsən mən özüm birinci gündən bu işə təmənnasız olaraq başlamışam. Çalışmışam, əlimdən gələn bütün bacarıqları bu ifaçılardan əsirgəməyim. Onların hər biri öz istedadı ilə bir nümunədir. Mən bu işdə nə qədər varamsa, bu ifaçılara təmənnasız dəstək olmağa həmişə hazıram”.




Bunu Lent.az-a açıqlamasında əməkdar artist Aybəniz Haşımova rəhbəri olduğu “Böyük səhnəyə yol” konserti barədə danışarkən deyib. Bildirib ki, Heydər Əliyev Sarayının təşəbbüsü ilə ayda bir dəfə keçirilən konsertə gənc ifaçıları cəlb etməkdə məqsəd onların böyük səhnədə tərbiyə və uğur qazanmasıdır. Növbəti - ikinci konsert proqramı oktyabrın 30-da baş tutacaq. İfaçılar Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edəcək. Bu dəfə də proqram bəstəkar, xalq mahnıları, xarici estrada musiqisi üzərində qurulub. Hətta Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediya əsərindən də bir hissə səslənəcək.


Aybəniz Haşımova sentyabrın 28-də keçirilən ilk konsertdə onu qane etməyən məqamlara da toxunub. Müğənni bilet satışından və tamaşaçılardan şikayətlənib: “Birinci konsertdə mən nə qədər narahatlıq keçirdim. Bizim tamaşaçıların gənc müğənniləri dəstəkləməsi bura qədərdi?! Demək olar ki, çox az sayda bilet alınmışdı. Yarıdan çoxu dəvətnamə ilə gələnlər, bir azı əsgərlər, bir qismi də bilet alanlar idi. Özgə vaxt deyirlər ki, Azərbaycan gənclərinə müğənnilər dəstək olmur. Dəstək oldum. Bəs siz? Gənclərə belə dəstək olurlar? Onlar da həvəsdən düşürlər axı. Biz də başqaları kimi biletləri ora-bura satdıra, yalandan zalı doldura bilərdik. Amma mən bunu eləmədim. Məni bircə o sevindirdi ki, tamaşaçıların az gəlməsinə rəğmən alqışların səsi gur oldu. Gənclərin ifası çox bəyənildi. Ümid edirəm, ikinci konsertdə bu cür etinasızlıqla qarşılaşmarıq”.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804

Oxşar yazılar