Xəyyam Mirzəzadə: “Azərbaycan bəstəkarlıq məktəbi yoxdur”  – MÜSAHİBƏ  - FOTO
05 oktyabr 2010 12:45 (UTC +04:00)

Xəyyam Mirzəzadə: “Azərbaycan bəstəkarlıq məktəbi yoxdur” – MÜSAHİBƏ - FOTO

Bu gün Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin 75 yaşı tamam olur. Yubiley ərəfəsində bəstəkar APA-ya eksklüziv müsahibə verib və özünü çox yaxşı, gənc kimi hiss etdiyini deyib.


- Yubileyinizin rəsmi səviyyədə qeyd ediləcəyi xəbərini eşitmişdik.

- Yubileyim yoxdur, olmayacaq da... Ümumiyyətlə, yubileydən xoşlanmıram. Məncə, yubiley kəlməsi yalnız dahilərə və vəfat edənlərə aiddir. Mənim ad günümdür. Bu barədə mənim dəqiq və dəyişməz fikrim var. Sağ olan adama yubiley keçirməzlər. Ad günü edərlər, o da ailə çərçivəsində. Ailə üzvləri yığışar, nə isə bişirib-yeyərlər, danışıb-gülərlər. Yubiley bir az rəsmiyyətdir. Zala üç-beş nəfərin yığışdığı yubileylər heç kimə lazım deyil. Ad günü olan şəxs evində ailəsini yığıb, iki stəkan düyü töküb plov bişirsə ondan yaxşıdır. Mən bu fikrimi nazir Əbülfəs Qarayevə də bildirdim və ondan sadəcə, iki hissəli kitabımın çapını istədim.


- Sözlərinizdən belə nəticə çıxarmaq olar ki, Sizə 75 illiyinizi keçirmək təklif olunub və bundan imtina etmisiniz.

- Mənə heç kim heç nə təklif eləməyib, eləməyəcək də...


- Səbəb nədir?

- O səbəbi onlardan soruşarsınız... Bunun min səbəbi var. Atalarımız demiş, qız evində toydur, oğlan evinin xəbəri yox. Deyirlər böyük insan... Böyük qarpız olar, insanınsa yaxşısı pisi, yaşlısı, cavanı olar. Mən eqoist olduğuma görə düşünürəm ki, məndə pislikdən çox yaxşılıqlar var. İnsan özü üçün yaşayır, bu dünyadan gedəndən sonra isə qoyduğu izlə xatırlanılır, yaxşılığı-pisliyi, ağıllılığı-gicliyi sonra bilinir.


- Sizcə insana sağlığında qiymət verməmək yaxşıdır?

- Elə belə də olur. Ona şəkk-şübhəniz olmamalıdır. İnsan gərək nə üçün yaşadığını bilsin. İz qoyub getməlidir insan, iz qoymasa, o insan insan deyil. Heç kim unudulmur, sadəcə, geci və ya tezi var. Bu da vaxt aparır.


- Bir az da Azərbaycan bəstəkarlıq məktəbinə nəzər salaq.

- Azərbaycan bəstəkarlıq məktəbi mənim zənnimcə, yoxdur. Var rus məktəbinin Azərbaycan qolu. Çünki bizim tərbiyə olunduğumuz üslub rus musiqi məktəbinin yoludur. Rus musiqi məktəbi isə italyan, fransız və alman musiqisinin təsirindən əmələ gəlib. Məktəb üslubdur, üslub olmayanda məktəb yarana bilərmi? Siz hansı üsluba deyə bilərsiniz ki, bu, Azərbaycan məktəbinə aiddir? Muğam bizim musiqimiz, qanımızdır. Ancaq üslub deyil. Azərbaycan musiqi məktəbi yoxdur. Biz rus musiqi məktəbinə təşəkkür etməliyik ki, bu məktəbin nəticəsində Azərbaycan musiqisi əmələ gəlib. Buna da səbəb fikrimcə, birincisi Üzeyir bəy, ikincisi - bunu heç danmaq olmaz - rusların Azərbaycana gəlməsi, üçüncüsü isə Qara Qarayevlə Cövdət Hacıyevin Moskvada təhsil alıb Bakıya qayıtması olub. Bu üç hala görə Azərbaycan professional musiqisi yaranıb. Kimsə mənimlə razı ola və ya narazı qala bilər.


- Deməli, hələ də Azərbaycan bəstəkarlıq məktəbi yaranmayıb?

- Yox, hələ də yaranmayıb. Hələ ona çox qalıb. Əsas məsələ odur ki, bizim üslubumuz yoxdur. Fransızlarda, ruslarda, almanlarda var, ancaq bizdə hələ yoxdur. Səhər yerimizdən qalxaq ki, bəstəkarlıq məktəbi yaradırıq, bu cür olmaz. Bu, illərlə cəm olan şeylərdir.


- Bəstəkarlıq məktəbi olmayan ölkədə Bəstəkarlar İttifaqının fəaliyyəti gərəklidirimi?

- Maraqlıdır... Mən 52 il Bəstəkarlar İttifaqının üzvü olmuşam. Həmin illərdə 40 ilə qədər ittifaqın Rəyasət Heyətinin və SSRİ Bəstəkarlar İttifaqının Təftiş Komissiyasının üzvü olmuşam, ancaq indi Bəstəkarlar İttifaqının üzvü deyiləm. Çıxmışam Bəstəkarlar İttifaqının üzvlüyündən...


- Bu addımınızdan xəbərdarıq. Ancaq ittifaqın üzvlüyünüzdən çıxma səbəbiniz bizim üçün hələ də qaranlıq qalır.

- Əvvəla, ona görə ki, mən bu ittifaqda olmaq istəmirəm. Baxmayaraq ki, ittifaqın təxminən 40 nəfər üzvü mənim tələbəmdir. İkincisi, ona görə ki...


- ...Ona görə ki, ittifaqın sədri Firəngiz Əlizadədir...

- Bu, onu ora gətirib qoyanların təqsiridir. İnsan gərək öz işi ilə məşğul olsun. Mən şüşə fabrikinin direktoru olmuram, çünki mənim şüşə düzəltməkdən xəbərim yoxdur. İndi mənim bu barədə danışmağımın da mənası yoxdur, çünki artıq o qatar getdi. İndi qoy o qatara minənlər bu barədə danışsınlar. Məndən başqa bir-iki bəstəkar da üzvlükdən çıxdı.

- Bəlkə Xəyyam Mirzəzadə sona kimi mübarizə apara bilməyib?

- Dəliyəm ki, ağıllı olub özgələrinin fikrini çəkim? Mənim 70-dən artıq yaşım var, gərək özümü elə saxlayım ki, heç olmasa bir az da yaşayım. Qoy bunu onlar fikirləşsin, vəzifə üçün onlar dava edirlər. Mən 18 il Konservatoriyada kafedra müdiri, iki il də ittifaqda məsul katib olmuşam. Mənə başqa şey lazım deyil.


- Yəni ittifaq üçün heç darıxmırsınız? Bəstəkarlar İttifaqının binasının qarşısından keçəndə hansı hissləri keçirsiniz?

- Oradan keçəndə heç baxıram ki, hansısa hiss keçirim? Tələbələrim tez-tez bizə gəlirlər, biz çox yaxşı gecələr keçiririk, yaxşı söhbətlər edirik. Bizim evdə musiqiyə aid məsələlər həll olunur, musiqi dinləyirik. Mən əgər beynimdən bir şeyi sildimsə, çətin bir də ora həmin şeyi yenidən yazım.


- Yəni Bəstəkarlar İttifaqının sədri olmaq heç ürəyinizdən keçməyib? Deyirlər, sədr olmaq arzunuz gerçəkləşmədiyi üçün narazı qalmısınız.

- Adlarını da sadalaya bilərəm ki, dəfələrlə kimlər gəlib deyib “Xəyyam müəllim, bəlkə siz olasınız?” Mən bu sözlərimi onlara da demişəm. Nə fikrim olub, nə istəmişəm, nə də lazım deyil. Bu işi elə qurublar ki, onlar özləri gəlib o kresloda otursunlar. Onlar kreslo davası edirlər, mənim davamı eləmirlər ki? Kim uduzdu? Onlar. Mən uduzmuşam? Xeyr. Mən musiqi yazıram, yazacağam da. Ancaq onlar içlərində alov kimi yanırlar, çünki bütün günü boş-boş müsahibələr verirlər, ancaq mən heç nə danışmıram. Oxuyanda da gülürəm. Mənim kresloda gözüm olsaydı, 1962-ci ildə ərizə yazıb ittifaqın katibliyindən çıxmazdım. Əgər o vəzifədə gözüm olsaydı, 18 il kafedra müdirliyindən imtina etməzdim. Mən Konservatoriyada 1957-ci ildə işə girmişəm, 2007-ci ildə öz xahişimlə işdən çıxmışam. Bildirdim ki, noyabrın 1-dən işə çıxmayacağam və çıxmadım da. Buna iradə lazımdır. Guya mən istəmişəm, kreslo davası etmişəm... Mən də istədim, başqası da istədi, durduq ikimiz də dava elədik, kreslonun yarısında mən oturacaqdım, yarısında isə o? Qoy desinlər. Mən 40-a yaxın bəstəkarın müəllimi olmuşam. Aralarında xalq artisti, əməkdar incəsənət xadimi də var. İsraildə, Suriyada, İraqda, İranda, Türkiyədə, Avropa ölkələrində, Amerikada, Orta Asiyada, Dağıstanda tələbələrim var. İlk dağ yəhudisi - kubaçi bəstəkarı məndən dərs alıb. Çox tanınmışları da var, amma bilmirsiniz ki, onlar mənim tələbələrimdir. Və yaxud onlar qorxub mənim tələbəm olduqlarını demirlər. Mən ömrüm boyu kiminsə ayağına düşüb yalvarıb-yaxarmamışam bəzi fırıldaqçılar kimi. Ağlamamışam ki, mənə ad vermədilər, əksinə, ağlamışam ki, filankəsə ad vermədilər. Dövlət başçısının mənə münasibəti yaxşıdır, özünün də, rəhmətlik Heydər Əliyevin də. Tək mənə yox, oğullarıma da. Rəhmətlik Heydər Əliyevin övladım Pərvinə münasibəti çox yaxşı idi. Heç zaman özgənin pulunu yeməmişəm, heç zaman deməmişəm ki, musiqini yazmağı filankəsə vermisiniz, mənə də verin. Mən “Yeddi oğul istərəm”ə musiqi yazandan sonra gəldilər Tofiq Tağızadəyə dedilər ki, “yeni filmin musiqisini yazmağı bizə ver, biz də yaza bilirik”. 40-a yaxın filmə, 30-a qədər tamaşaya musiqi yazmışam. İndi xəstəyəm, gözüm görmür. Gözümü əməliyyat etdirib oturub yenə yazacağam. Mən həyatımdan razıyam, neyləyim ki, bəzi adamların xoşuna gəlmirəm. Bu, məni narahat etmir.


- Onlara neyləmisiniz ki?

- Bax, nə elədiyimi heç kim bilmir, bu sirdir. Hələ deməyin vaxtı deyil. Vaxt gələcək, bunun da zamanı çatacaq. Neyləyirəm 75 illiyi, camaatı yığacaqlar, oturub araq içəcəyik, istəmirəm. Lazım deyil. Mədəniyyət və Turizm Nazirliyi çox böyük pula mənim arxivimi aldı. Mətbuatdakı çıxışlarım ayrı alındı, notlarım, əlyazmalarım isə ayrı. Evimdə qalıb itəcək, ancaq orada salxanılacaq.



- Məsələ ondadır ki, Siz bütün bunlara etiraz etmirsiniz.

- Gedib onların qapısının ağzında içəri daxil olmaq üçün buraxılış istəməyə mənim vaxtım yoxdur. Həvəsim də yoxdur, lazım da bilmirəm. Özümə cavabdehəm və lazım bildiyimi də edirəm. Bir neçə filmə musiqi yazmağımı istəyiblər, yazmayacağımı bildirmişəm. Çünki ya ssenarisi, ya rejissoru xoşuma gəlməyib, ya da pulu qane etməyib. Son zamanlar da kinolara elələri musiqi yazır ki, adam məəttəl qalır. Sonra da filmin direktoru başına döyə-döyə qalır ki, kimə nə qədər versin. Çünki çəkən də, musiqi yazan da təsadüfi adamdır. Bu cür insanlar az pula yazmağa razı olurlar ki, bircə yazsınlar. Filmin pulu 10 manatdırsa, bir abbasıya yazmağa razı olurlar. Siz nə zamansa eşitmişdiniz ki, özfəaliyyət dərnəyinin üzvlərinə əməkdar incəsənət xadimi adı verilsin? Bəli, veriblər. Bu yaxınlarda fəxri adlar verildi, ancaq elə bu yaxınlarda Amerikaya gedən çox istedadlı Rəhilə Həsənovaya heç nə vermədilər. Bu Rəhilə Həsənova kimə pislik edib? Əsərləri mənimlə bərabər Hollandiyada, Fransada, Almaniyada, hətta İndoneziyada çalınıb. Nə vaxta qədər buna göz bağlayacaqlar? Deməli o adamlar ki, vəzifə tuturlar, onların yeri deyil.


- Bu problemlərin həlli yolları nədir?

- Bilmirəm, deyə bilmərəm. Çünki mənim hay-hayım gedib, vay-vayım qalıb. İçim özümü yandırır, çölüm özgəsini. Çətin məsələdir, onu mən edə bilmərəm. Bu işlə məşğul olanlar var, qoy özləri məşğul olsun.


- Ermənilərin musiqilərimizi mənimsəməsi ilə bağlı fikirləriniz necədir?

- Bunun günahı tarixdədir. Əvvəla, siz sübut edin ki, bu sizin və yaxud onların musiqisidir. Çox yaxın xalqlar olub, bir xalq o biri xalqın içində yaşayıb. Bizim toylarımızda kamança çalan həmişə erməni olub. Ancaq indi bizim gözəl kamança ifaçılarımız var. Ümumiyyətlə, ermənilərin spesifik bir xüsusiyyəti var. Onların musiqisini dinləyəndə birdə görürsən türk, bir də görürsən kürd, ərəb musiqisidir. Onlar harada yaşayırlarsa, oranın xasiyyətini, hazır olanını, bişmişini götürürlər. Məsələn, tütək hər yerdə var.


- “Sarı gəlin” bizimdir, yoxsa ermənilərin?

- Artıq bizimdir, ancaq onlar deyir ki, onlarındır. Səndə sübut var ki, səninkidir? Yoxdur. Neyləyirsən qan çıxmayan yerdən qan çıxardırsan. Dolma bizimdir, çünki doldurma sözündən əmələ gəlib. Erməni konyakı deyirlər, haradan olub onlarınkı? Onlardan qabaq yunanlar əkiblər, erməni konyakı deyil, yunan konyakıdır. Deyirlər ki, burada ev tikənlər ermənilər olub, qətiyyən belə deyil. Bu evləri ponti yunanları tikib. Ümumiyyətlə, biz həmişə Dağıstan qəbilələrinin hamısına ləzgi demişik, bütün xaçpərəstlərə də erməni. Axı niyə?!


- Bu yaxınlarda Sizin müəlliflik hüququnuzun pozulması ilə bağlı məhkəməyə müraciət etdiyinizi öyrəndik. Hazırda vəziyyət necədir?

- Oktyabrın 13-də Ali Məhkəmədə baxılacaq. Güman edirəm ki, mən bu prosesi udacağam. Rayon və şəhər məhkəməsini udmuşam, indi də Ali Məhkəmədə məsələyə baxılacaq. Ömrümdə bu cür halla rastlaşmamışdım. Bir ildir ki, bu iş uzanır. Pulumu vermək istəmirlər, ancaq verəcəklər.


- Səhhətinizdəki problemlər haqqında da az-çox bilgiliyik.

- Hər şey əladır, özümü də yaxşı hiss edirəm. Arzu edirəm ki, pulum çox, canım sağ olsun...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328

Oxşar yazılar