“Bir nəfər”in sahibi - POLEMİKA
Bu barədə “Ədəbiyyat” (18 iyun 2010), “Xalq”(30 iyul 2010) qəzetlərində, Lent.az saytında, televiziya və radiolarda olan çıxışlarımda qəti fikrimi bildirmişəm. Yenidən bu məsələyə qayıtmaq istəməzdim, lakin xanım Şəfəq Nasir Lent.az-a göndərdiyi yazıları orada gedən səhvlərlə “Kaspi”(25-27 sentyabr 2010) qəzetində də dərc etdirib. Ona görə ikinci cavabı vermək məcburiyyətindəyəm.
Şəfəq Nasir “On il” felyetonunu Məmmədəli Nasirin adına yazmaq istəsə də faktlar onun Üzeyir bəy Hacıbəyli qələminə məxsus olduğunu təsdiqləyir. Əvvəla onu deyək ki, “Bir nəfər” imzasından dörd nəfər istifadə etmişdir ki, onlardan birincisi Üzeyir bəy Hacıbəylidir. Üzeyir bəy “Bir nəfər” imzası ilə “Bir qəribin heyrəti” (“Açıq söz” qəzeti, 22 may 1916), “Abad olasan abadanlıq” (“Doğru söz” qəzeti, 18 iyun 1916,), “O yandan-bu yandan” (“Sovqat” qəzeti, 9 oktyabr 1916), “O yandan-bu yandan”(“Sovqat” qəzeti, 12 oktyabr 1916), “Dil davası” (“Doğru söz” qəzeti, 14 yanvar 1917,) və s. yazılarını, o cümlədən “On il” (“Molla Nəsrəddin” jurnalı, 7 noyabr 1927) felyetonunu qələmə almışdır. Bir daha qeyd edirik ki, bunu ömrünü tarixi gerçəkliklərin üzə çıxarılması yolunda arxivlərdə, kitabxanalarda keçirən, ərəb əlifbası ilə yazıb-oxuyan cəfakeş, görkəmli tədqiqatçı-publisist Qulam Məmmədli özünün 1984-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirdiyi “Üzeyir Hacıbəyov. 1885-1948 həyat və yaradıcılığının salnaməsi” kitabının 339-cu səhifəsində aydın şəkildə bildirmişdir. Bütün bunlar Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Q.Məmmədliyə məxsus 218 saylı fondda da öz təsdiqini tapmışdır.
Bir institutun işini görmüş Qulam Məmmədlini bir tədqiqatçı kimi çox dəyərləndirir, onun yazdıqlarına inanırıq. Çünki Q.Məmmədli Üzeyir bəy Hacıbəylinin də, Məmmədəli Nasirin də müasirlərindən olmuş, hər ikisi ilə ünsiyyət saxlamış, onların dəsti-xəttini yaxşı bilmiş insanlardan idi. Kimin kim və nəyə qadir olduğunu yaxşı bilirdi. Qocaman tədqiqatçı bu məsələdə səhv etməzdi.
Qulam Məmmədlidən başqa bu felyetonun Üzeyir bəy Hacıbəylinin olduğunu Üzeyir bəyin şəxsi katibi, köməkçisi, baldızı oğlu, Ü.Hacıbəylinin ev-muzeyinin təşkilatçısı, professor Ramazan Xəlilov da mənə söyləmişdir. O, Üzeyir bəy Hacıbəylinin vaxtilə ona danışdıqlarına əsaslanaraq bildirirdi ki, Üzeyir bəyin opera və operettalarında qadın rollarında oynayan Göyərçin xanım aktyorlarla 1917-ci ildə İrəvana gedərkən Ü.Hacıbəyli o dəstəyə rəhbərlik etmişdir. Və İrəvanda bu aktrisanı gizlədərək necə ölümdən xilas etdiklərini ona Üzeyir bəy özü şəxsən söyləmişdir.
Məlumdur ki, belə bir hadisə 1912-ci ildə Şövkət xanım Məmmədovanın da başına gəlmişdir. O zaman da Üzeyir bəy Hacıbəylinin göstərişi ilə Şövkət xanım teatrın arxa qapısından çıxarılaraq, qətlə yetirilməkdən qurtarılmışdır. Bütün bu hadisələr Üzeyir bəyin gözləri önündə olduğu üçün 1927-ci ildə qələmə aldığı və qadın azadlığına həsr etdiyi “On il” felyetonunda Göyərçin xanımın başına gələnləri yazaraq xalqa çatdırmışdır. Bir də unudulmamalıdır ki, bu yazıda Üzeyir bəy felyeton janrından istifadə edərək, qəzetçi fəndi, jurnalist priyomu da işlətmişdir.
Məmmədəli Nasirə gəldikdə isə onun “Bir nəfər” imzası ilə yazdığını inkar etmirik. Amma bu o demək deyil ki, “On il” felyetonu ona məxsusdur. Ş.Nasirin “Sağlığında Məmmədəli Nasirin öz xatirələrindən eşitdiyimiz faktların inkarı mümkün deyil” - deyə israr etməsinə rağmən nə M.Nasir, nə də onun müasirləri tərəfindən yazılı surətdə “Bir Nəfər” imzası ilə “On il” felyetonunun ona aid olduğu göstərilməmişdir. Hətta 1978-ci ildə Məmmədəli Nasir haqqında yazılmış T.Əliyeva və U.Haqverdiyevanın “Bir ömrün yolları” (“Müxbir”jurnalı, 1978, N 7) məqaləsində də bu barədə bir kəlmə belə qeyd edilməmişdir. Bu yazının müəlliflərindən biri olan U.Haqverdiyevadan M.Nasir haqqında ətraflı soruşdum. Uzun illər jurnalistika sahəsində çalışmış Ulduz xanım söylədi ki, Məmmədəli Nasirlə Montindəki evində olan söhbətlərimizdə nə “Bir nəfər” imzası, nə də “On il” felyetonu ilə bağlı bizə bir söz demədi. Yalnız “Fil-Fil”, “Anaş toyuq” təxəllüslərinin və bir də ən çox Kommunist Partiyası sıralarındakı fəaliyyətindən danışdı.
Beləliklə, Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığına, üslubuna, dəsti-xəttinə bələd olan üzeyirbəyşünas kimi mən də Qulam Məmmədli və Ramazan Xəlilovla həmfikirəm və yazılı faktlara əsaslanaraq söyləyirəm ki, “Molla Nəsrəddin jurnalının 7 noyabr 1927-ci il tarixli 45-ci sayındakı “Bir nəfər” imzası ilə dərc edilmiş “On il” felyetonu Üzeyir bəy Hacıbəylinindir!
P.S. Yaxşı olar ki, dəyərli vaxtımızı mübahisələrə sərf etməyək, yazılı faktlara əsaslanaq və bununla da polemikaya son qoyaq.
Səadət Qarabağlı,
Üzeyirbəyşünas

1043