Sevdiyinin doğum günündə vəfat edən sənətkarın həyat və sevgi hekayəti
Tanınmış aktyor ömrünün sonunadək azərbaycanca və rusca tək kəlmə yaza bilməyib
... Yarıqaranlıq səhnə birdən-birə işıq selinə qərq olur. Pərdələr qalxır. Və bayaqdan bəri hazır vəziyyətdə dayanaraq öz çıxışlarını səbirsizliklə gözləyən xor üzvləri oxumağa başlayırlar. Onların arasında bir oğlan da var. Ürəyi sənətə olan həvəs və sevgilə dolu bir gənc. Bəlkə də içindəki qeyri-adi istedadın onu nə vaxtsa çox tanınmış və sevilən aktyor edəcəyindən xəbərsiz biri...
... Zalda əyləşənlər arasında isə bir şəxs var – Üzeyir Hacıbəyli. Səhnədəkiləri diqqətlə izləyən, dinləyən Üzeyir bəyin nəzərləri birdə-birə o gəncə dikilir. İsti baxışları onun üzərində dayanır. Və yəqin ki, ona ciddi nəzər yetirərkən istedadlıları gözündən tanımağı bacaran dahi bəstəkarın ürəyindən və beynindən bir fikir keçir – bu oğlandan yaxşı aktyor çıxa bilər...
... İllər sonra dahi Üzeyir bəyin öncədən duyduğu həqiqətə çevrilir. Bu istedadlı oğlan doğrudan da çox məşhur və sevilən bir aktyora çevrilir. Hətta Şərqin Çarli Çaplini adını belə qazanır. Bu, görkəmli teatr və kino aktyoru, xalq artisti Lütfəli Abdullayev idi.
Atasından inciyib Bakıya gəlir
Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəkinin Nuxa şəhərində Əmir kişinin ailəsində dünyaya göz açıb. Atası İrana gedib gəlir, xalça satışı ilə məşğul olardı. Anası isə evdar qadın idi. Ailədə 3 qardaş, 3 bacı böyüyürdü. Lütfəli 14 yaşına qədər Şəkidə yaşayır. Yeddiillik məktəbi bitirəndən sonra bir neçə ay Şəkidə fəhlə-gənclər klubunda həvəskar aktyor kimi müxtəlif tamaşalarda iştirak edir. 1928-ci ildə Bakıya gəlir. Buna səbəb isə xasiyyətcə çox ciddi və bir az da kobud olan atası ilə arasındakı münasibətlər olur.
Atasından inciyib paytaxta gələn Lütfəli dayısı oğlu – Onkoloji İnstitutun direktoru olmuş professor Veysəl Abdullayevin evində qalır. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən valtorna sinfinin məşğələlərində iştirak edir. Eyni zamanda professor Berolskinin sinfində vokal sənəti ilə məşğul olur. Sonra Opera və Balet Teatrının xor truppasında oxumağa başlayır... Tələsmədən, səbirlə sənətdə irəliləyir, özünün ulduz saatını gözləyir. Nəhayət, belə bir vaxt gəlib çatır. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə musiqili səhnə sənəti də müvəffəqiyyətlə nümayiş etdirilir. Ongünlük ərəfəsində yaradılmış musiqili komediya ansamblı ilk sınaqdan uğurla çıxır. Moskva səhnəsində ifa etdiyi rollar 24 yaşlı gəncin böyük istedadından xəbər verirdi.
Tərəf müqabilləri arasında Nəsibə Zeynalovanı daha çox istəyirdi
Ansamblın ongünlükdəki uğurundan bir il sonra 1939-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yaradılır. Lütfəli Abdullayev də burada çalışmağa başlayır. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçir. 1956-cı ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyət göstərir. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi demək olar ki, ən populyar, uğurlu və uzun ömürlü tamaşalarda çıxış edir. Ömrünün sonuna qədər işlədiyi bu teatrın səhnəsində özünəməxsus və yaddaqalan obrazlar yaradır. Tərəf müqabili kimi çalışdığı aktyorların arasında böyük sənətkarımız Nəsibə Zeynalovanı daha çox istəyirdi. Özü də həmişə deyirdi: “Mən ən çox Nəsibə ilə yaxşı tərəf müqabili ola bilirəm. Çünki mən bir söz atan kimi o, sözümü dərhal tutur. Bunu başqa heç kim edə bilmir”.
Tamaşalar zamanı improvizələr etməyi çox xoşlayırdı Lütfəli Abdullayev. Xüsusilə də Nəsibə Zeynalova ilə birlikdə. Ancaq teatrın baş rejissoru Şəmsi Bədəlbəyli buna icazə vermirdi. Ondan həm çəkinir, həm də hörmət edirdilər. Qızlarını hər tamaşasına aparan Lütfəli Abdullayev onları lojada oturdur və tapşırırdı, “diqqətlə baxın, Şəmsi gələn kimi bizə işarə edin”.
Aktyorlar səhnəyə çıxıb istədiklərini deyir, improvizələrini edirdilər. Birdən direktor lojasına Şəmsi Bədəlbəylinin gəldiyini görən qızlar əllərilə təhlükənin yaxında olduğunu işarə edirdilər.
Cəmi 6 filmə çəkilib
Lütfəli Abdullayev teatrı daha çox sevirdi. Çünki orda tamaşaçı ilə aktyor arasında canlı ünsiyyət vardı. Səhnəsiz yaşaya bilmirdi. Teatrı öz həyatı hesab edirdi. Kinoya çəkilməyi isə o qədər də xoşlamırdı. Əziyyət çəkirdi. Deyirdi “mən tamaşaçını görməyəndə, hiss etməyəndə özümü aktyor saya bilmirəm”. Yəqin elə ona görə də Lütfəli Abdullayev çox az filmə çəkilib. Cəmi 6 kinoya. İlk dəfə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 1945-ci ildə “Arşın mal alan”da Vəli rolunda iştirak edir. Film ekrana çıxandan bir il sonra 1946-cı ildə bu rola görə Stalin dövlət mükafatına (sonralar SSRİ dövlət mükafatı adlandı) layiq görülür. 1956-cı ildə Hüseyn Seyidzadənin “O olmasın, bu olsun”da Baloğlan, 1960-cı ildə Ş. Şeyxovun “Qəribə əhvalat”ında Kefçilov, 1962-ci ildə Rəşid Atamalıbəyovun “Payız konserti”ndə konsert təşkilatçısı, 1963-cü ildə Adil İsgəndərovun “Əhməd haradadır” filmində Zülümov, 1964-cü ildə Ağarza Quliyevin “Ulduz”unda Məhəmməd kimi ölməz obrazlar yaradıb. “Mozalan”da çəkilməyi isə əziyyətlər hesabına başa gəlib. Aktyorun qızı, rejissor Gülnarə Abdullayeva deyir ki, “Mozalan” çəkiləndə Yuli Qusman bir həftə hər gün onlara gəlib gedib, atasını çəkilişə aparmaq üçün. Nəhayət, bir həftədən sonra o, aktyoru razılığa gətirə bilib.
Ömrünün sonuna kimi nə Azərbaycan, nə də rus dilində yazmağı bacarıb
Gülnarə xanım danışır ki, Lütfəli Abdullayev məktəbdə yaxşı oxuyan şagird olmayıb. Ali təhsil də almayıb. Ömrünün sonuna kimi nə Azərbaycan, nə də rus dilində yazmağı bacarıb. Yalnız ərəb əlifbasını bilib. Rusca isə ancaq 2-3 kəlmə söz deyirmiş. Kitab oxumaqla da arası olmayıb. Rollarını isə canından çox sevdiyi həyat yoldaşı Sevda Pepinovanın köməyi ilə öyrənirdi. Sevda xanım rolu onun üçün oxuyur, o da özünə lazım olan qeydləri götürür, vacib bildiyi sözləri, cümlələri ərəb əlifbasında yazırdı. Rolu əvvəldən axıra kimi köçürmürdü. Götürdüyü kiçik qeydlərlə yaradacağı obraz beynində canlanırdı.
... Sevda xanımla ilk tanışlıqları 1943-cü ilə təsadüf edir. O zaman Musiqili Komediya Teatrının yaxınlığındakı yeməkxanada incəsənət adamlarına vəsiqə ilə nahar verirdilər. Teatrın qabaqcıl aktyorlarından olan Lütfəli Abdullayev özünün, Sevda xanım isə anasının - Azərbaycanın ilk musiqişünas qadını, əməkdar incəsənət xadimi Xurşid Ağayevanın vəsiqəsilə bura gəlirdi. İlk dəfə nahar masası arxasında görüşürlər. Aktyor Sevda xanımı həmin günlər premyerası olacaq “Ürəkaçanlar” tamaşasına dəvət edir. Və sonra hər tamaşasına...
Teatrın bufetində işləyən qadınla qeyri-rəsmi yaşayır
4-5 ay sonra gizli görüşmələrinin şayiəsi evə də çatır. Çox keçmir Lütfəli Abdullayev sevdiyi qızın evinə elçilərini göndərir. Sevda xanım əsilli-nəcabətli ailədən idi. Babası Həsən bəy Ağayev ADR parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuşdu. O həm də Ömər Faiq Nemanzadənin bibisi qızı idi. Sevda xanıma nənəsi baxırdı. O, elçiləri görəndə çox hirslənir və onların arasında olan Şəmsi Bədəlbəyliyə deyir: “Sən Bədəlbəylinin oğlusan. Amma gör kimə görə gəlmisən mənim evimə? O, özü kimdi, nəsli-nəcabəti kimdi? Heç olmasa, Dram Teatrının aktyoru ola...”
Beləcə, Xədicə xanım nəvəsinin aktyora ərə getməsinə razılıq vermir. Sevgisindən dönməyən Lütfəli bu qapıya 4 dəfə elçi göndərir. Hər dəfə də kor-peşman, əliboş geri qayıdırlar. Bundan sonra düz 5 il də gizli görüşürlər. 1948-ci ildə Lütfəli Abdullayevə teatrdan ev verirlər. Və o məsələni daha da kəskin qoyur. Gizlicə kəbin kəsdirməyi, bundan sonra da ailəsi qəbul etməsə, qoşulub qaçmağı təklif edir. Ancaq Sevda xanım buna razı ola bilmir. Bununla da sevgililərin yolları ayrılır. Həmin il Sevda xanımı Hacımurad İbrahimbəyli adlı bir generala ərə verirlər. Lakin bu izdivacın ömrü az olur. Cəmi 4 ay sonra yenə qayıdır nənəsinin evinə.
Bu arada isə Musiqili Komediya Teatrı müvəqqəti bağlanmışdı. Teatrın bir sıra aktyorları ilə yanaşı Lütfəli Abdullayev də “Azdrama”ya keçmişdi. Teatrın bufetində işləyən qadınla dövlət tərəfindən ona verilən evdə qeyri-rəsmi yaşayırdı. Turqut adlı bir oğlu da vardı (Hazırda Turqut Rostovda yaşayır). Ancaq buna baxmayaraq aktyor Sevdasını unutmamışdı. Hələ də onu sevirdi. Nə vaxtsa onunla ailə quracağına ümid edirdi.
13 ildən sonra 44 yaşında sevdiyi xanımla ailə qurur
... 1957-ci il idi. Lütfəli Sevdanı çoxdan görmürdü. Ancaq hələ də sevirdi. Sevda isə Lütfəlini görürdü. Vəli, Baloğlan... kimi. Və bir gün Xarici Dillər İnstitutunda işləyən Sevda işdən çıxanda yerindəcə donub qalır. Sevdiyi şəxs onu gözləyirdi. Elə bil dünən ayrılmışdılar. Nəhayət, 13 il çevrəsində dolandıqları sevgilərinin vüsalına qovuşa bilirlər. Xədicə xanım uzun get-gəldən sonra onların izdivacına razılıq verir. Evlənəndə Lütfəli Abdullayevin 44, Sevda Pepinovanın 32 yaşı vardı. Sevda xanım Turqutu da öz oğlu kimi saxlamaq istəyirdi. Ancaq uşağın anası icazə vermir. Bu izdivacdansa aktyorun iki qızı dünyaya gəlir – Xurşid və Gülnarə. Səhnədə komik rolların ifaçısı kimi tanınan Lütfəli Abdullayev evdə ciddi ailə başçısı və tələbkar ata idi. Amma qızlar nə istəyirdilər, edirdilər. Heç vaxt onlara acıqlanmazdı. Sevda xanım isə həyat yoldaşını heç vaxt qısqanmırdı. Hətta evlərindəki qulluqçu da buna təəccüblənirdi: “Mən başa düşə bilmirəm səni. Oturmusan evdə, heç bilmirsən o kişi orda neynir. Axırı mən özüm gedib baxacam”.
Qulluqçunu, sonralar uşaqlarına dayəlik edən Dusyanı 16 yaşı olanda Malakan bağından tapmışdı aktyor. Ona öz qızı kimi baxırdı. Dusya da onu dünyalar qədər çox istəyirdi. Tamaşalarına da qızları ilə birlikdə gedirdi.
Qızı deyir ki, Lütfəli Abdullayev birgə işlədiyi sənət yoldaşlarına da həmişə yaxşılıq etməyə çalışırdı. Rayonlara görüşlərə gedəndə özüylə başqa aktyorları da aparırdı ki, onları dolandırsın. Bəzən hətta öz cibindən də çıxarıb kömək edirdi. Heç vaxt qanıqara gəzməz, heç kimdən inciməz, küsməzdi. Simasından nur saçılan gülərüz və ürəyi açıq adam idi: “Əlindən gələn köməyi heç kimdən əsirgəmirdi. Çox vaxt yoldan keçən bir adam onu saxlatdırırdı, “Lütfəli müəllim, qurban olum mənə kömək et, QAİ “pravamı” alıb”. O da xahiş edər, tanımadığı adamın “pravasını” geri alıb özünə qaytarardı. Belə xeyirxah olub. Yeməyi çox xoşlayırdı. Xörəyi çox vaxt əllə yeyirdi. Evə heç vaxt tək gəlmirdi. Hər gün evdə nə qədər adam yemək yeyirdi. Anam artıq bunun adətkarına çevrilmişdi. Ona görə də mətbəx yemək qazanlarıyla dolu olurdu. Bəzən elə gün də olurdu ki, bir qoyun kəsilirdi. Tamaşalardan sonra isə həftədə 3 dəfə Şəmsi Bədəlbəyli həyat yoldaşı və oğlu ilə birlikdə səhərədək bizdə oturardılar. Şəmsi Bədəlbəylinin eyvanından bizim eyvan görünürdü. Hər dəfə evə rayondan əlidolu gələn qonağı görən kimi tez telefona qaçırdı. Qonaq qapının zəngini basmağa macal tapmamış nömrəni yığıb deyirdi, “Lütfəli görürəm ha, pendirdən, ətdən bura da göndər”. Atam da özündən çıxırdı, “ay Şəmsi, qoy yaşayaq da” (Aktyor dünyasını dəyişəndən sonra Şəmsi Bədəlbəyli Sevda xanıma qardaş, qızlarına ikinci ata olmuşdu. Onunla məsləhətləşməmiş bir addım belə atmırdılar)”.
Zəng etdiyi sonuncu şəxs Bəxtiyar Vahabzadə olur
Qanında şəkər tapılanda həkim aktyora pəhriz saxlamağı tapşırmışdı. O isə həkimə qulaq asandan sonra cavab vermişdi: “Nə deyirsən, məgər mən ölməyəcəm? Onsuz da öləcəm, qoy heç olmasa tox ölüm”.
Ölümü isə qəfil oldu.
... Həmin axşam Nəsibə Zeynalova ilə birlikdə Lütfəli Abdullayevi də Politexnik İnstitutuna görüşə dəvət etmişdilər. Saat 8-də evə qayıdır. Şam edəndən sonra telefon kitabçasını qabağına qoyub bir-bir tanışlarına zəng vurmağa başlayır. Şəmsi Bədəlbəyliyə azı 10 dəfə zəng edir. Konsertə baxan Şəmsi axırda dilə gəlir ki, “ay Lütfəli, qoy televizora baxım da. Nə istəyirsən e?!”. Axırıncı zəng etdiyi şəxs Bəxtiyar Vahabzadə olur. Elə bil ölümünü əvvəldən duyan aktyor şairə deyir: “Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa de çatdırım”.
Əvvəl heç nə başa düşməyən Bəxtiyar Vahabzadə Mahmudun kimliyini soruşur. “Atan Mahmudu deyirəm də”, - deyə cavab verir. Sevda xanım ərinin bu sözündən əsəbiləşir. O isə “bilirəm...”, - deyib gülür. Gecə 1-ə işləmiş ürəyi tutur. Təcili yardım çağırırlar. Əvvəl elə bilirlər şəkər komasına düşüb. Şəmsi Bədəlbəyli Moskvaya zəng edir. Təyyarə ilə Kreml xəstəxanasına aparacaqdılar. Amma şəkər koması da deyilmiş. Beyninə qan sızıbmış. Azərbaycan teatrının klassiklərindən biri, Şərqin Çarli Çaplini sayılan Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da gözlərini əbədi yumur. Həmin gün çox sevdiyi Sevdasının növbəti doğum gününü qeyd edəcəkdi...
Xəyalə MURADLI
[email protected]

1517