Doğum günü gizlədilən bəy qızının xəyanət dolu ömrü – HƏYAT HEKAYƏTİ
11 iyun 2010 10:00 (UTC +04:00)

Doğum günü gizlədilən bəy qızının xəyanət dolu ömrü – HƏYAT HEKAYƏTİ

“Mircəfər Bağırov tapşırdı ki, onu Gəncədən geri qaytarın....”

...Şuşanın say-seçmə şəxslərindən olan Həbib xan Şəkinski bəy nəslindən olan Ağca xanımla (Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı) evlənmişdi. Ailə həyatları yolunda getsə də, əsas bir problemləri vardı. Ağca xanım gəlin köçdüyü vaxtdan bir-birinin ardınca üç ölü uşaq doğmuşdu. Buna görə də qaynanası Ziba bəyimin qəzəbinə tuş gəlmişdi. Ağca xanım növbəti dəfə hamilə olanda Ziba bəyim öz hikkəsini yeridir. Oğluna deyir ki, “arvadını götür apar atası evinə, qoy ölü uşağını orda doğsun, sonra qaytar”.

İstədiyi kimi də olur. Ağca xanım gəlir anası Gövhər xanımın yanına. Bəy nəslindən olan bu xanım Ziba bəyimin məkrindən qorxduğu üçün uşaq doğulanda Şuşanın ən məşhur mamasını çağırır. Qarabağın bir neçə tanınmış xanımını, həkim Mehmandarovu da şahid kimi dəvət edir. Beləliklə, 1915-ci il iyunun 7-də uşaq dünyaya gəlir. Düzdür, bu dəfə uşaq diri doğulur, amma çox cılız və sısqa olur. Ona görə də məsləhətləşib bu qərara gəlirlər ki, uşağın olduğunu hələlik nənəsinə deməsinlər və 3 həftə gözləsinlər. Əgər körpə sağ qalsa, onda Ziba bəyimə xəbər versinlər (Ağca doğanda əri Həbib xan Zəngəzur qəzasında işləyirdi. Əvvəl naçalnik uyezd, sonra pristav).

Qaynanası gəlinini və nəvəsini qəbul etmir

Gözlədikləri 3 həftə tamama yetir. Bu müddət ərzində adsız qalmış körpə anadan olandan düz 21 gün sonra birinci dəfə ağlayır. Hamı məəttəl qalır ki, doğulan kimi ağlamayan uşaq necə sağ-salamat qala bilib. Körpə ağlayandan sonra Ziba bəyimə göz aydınlığı verib, şad xəbəri çatdırırlar. Ancaq Ziba bəyim sevinmək əvəzinə hikkəsinin ən son həddini nümayiş etdirərək “Ağca heç vaxt diri uşaq doğa bilməz”, - deyir. Və nə uşağı, nə də anasını qəbul etmək istəmir (İllər sonra Ziba bəyimi məhz bu nəvəsi saxlayacaq və vaxtilə anasıyla onu niyə qəbul etmədiyinin səbəbini bir dəfə də olsun soruşmayacaq). Bu hadisədən sonra çoxları, oğlu Həbib xan da anasından üz döndərir. Hətta baş götürüb bir müddət Rusiyada işləməyə gedir. Hərbi zabit kimi yüksək rütbələr alır. Denikinin ordusunda vuruşur...

...Uşağın təvəllüdü isə elə o vaxtdan, yəni nənəsinə xəbər göndərilən gündən – 1915-ci il iyunun 28-dən hesablanmağa başlayır. Adını da o vaxt seçirlər. Tanrının hədiyyəsi, ərməğanı sayıldığından qızcığazın adını Barat qoyurlar. Allahın möcüzəsi ilə həyatdan möhkəm əllə tutan bu qız gələcəkdə də bütün çətinliklərə, əziyyətlərə, xəyanətlərə duruş gətirəcək. Və Tanrının tək ailəsinə yox, bütün Azərbaycan mədəniyyətinə baratı olan Barat Şəkinskaya kimi tanınacaq...

Hələliksə o, uşaqdır. Özündən sonra bir bacısı Səriyyə də anadan olur. Atasını isə sonuncu dəfə 5 yaşı olanda görür. Həbib xan 1920-ci ilin qışında arvadını və 3 uşağını qayınanasına tapşırıb, gedir (Onda Ağca xanım üçüncü uşağa - oğlu Süleymana təzəcə hamiləydi). Şura hökumətinin gəlməsi ilə evdən qaçaq düşür. Bir neçə dəfə ailəsinin dalınca adam göndərib onları da öz yanına gətirmək istəyir. Amma bütün cəhdlər boşa çıxır. Hətta bir dəfə və elə sonuncu dəfə də bu istəyi həyata keçmir.

Quldurlar onların qarşısını kəsib talan edirlər

...Onda Süleyman artıq anadan olmuşdu. Bir gün Həbib xan öz əlaltısı ilə ailəsinə ismarıcını çatdırır. Belə bir fənd qurulur ki, guya Həbib xan öldürülüb, başsız qalmış ailə Ağdamın Göytəpə kəndində yaşayan Ağca xanımın bacısı Kübra xanımın yanına (əri Zülfüqar Mirzəcamalov) pənah aparır. Elə oradaca Həbib xanın adamları ailəni Arazdan İrana keçirəcəkdi. Plan həyata keçirilməzdən öncə Ağca xanım evdəki qiymətli əşyaları, xalçaları satıb qızıl-gümüş alır. Bundan sonra fayton tutub Göytəpə kəndinə yola düşürlər. Lakin kəndə çatanda dəhşətli xəbər eşidirlər – məşhur bəyzadə Mirzəcamalov qardaşlarını bolşeviklər güllələyib. Təzədən at arabası ilə Həbib xanın adamlarının gözlədikləri yerə gedirlər. Bu dəfə də başqa bir bədbəxt hadisə ilə qarşılaşırlar. Yolda quldurlar onların qarşısını kəsib talan edirlər. 5 aylıq Süleymanın bələyində gizlədilən zinət əşyalarını, kitabları və yaxşı libasları götürüb atları da arabadan açıb yoxa çıxırlar.
Kor-peşman qayıdırlar Göytəpəyə. Ağca xanımın Gəncədə yaşayan digər bacısı Rəxşəndə xanıma (Gəncəbasar bölgəsinin məşhur nəsillərindən olan Səfikürdskilərdən Cəfər bəyə ərə gedib) xəbər göndərilir. Onun göndərdiyi adamlarla Gəncəyə gəlirlər. Və beləcə Şuşa əsilzadələrindən olan bu ailənin 4 üzvü Gəncədə məskunlaşır. (İllər sonra Barat Şəkinskaya Türkiyəyə səfəri zamanı atasının İrandan başqa burda da yaşadığını, anasına sadiq qalaraq heç vaxt evlənmədiyini, 1955-ci ildə vəfat etdiyini öyrənir).

Pedaqoji Texnikuma qəbul olunması üçün yaşını bir il artırır

Barat Şəkinskaya artıq 6 yaşından Gəncədə yaşayır. Anası 3 uşağını böyütmək üçün min bir əziyyətə qatlaşır. Toxuculuq emalatxanasında, qadın türməsində işləyir, tikiş tikir... Məktəbdə oxuyan vaxt yaxşı musiqi duyumu olduğundan Baratı tar dərnəyinə yazdırır, amma qız iki ayağını bir başmağa dirəyib, idmana getmək istədiyini deyir. Axırı istədiyini etdirir də. Anası buna bir şərtlə razı olur – Barat rus dilini öyrənməlidi. Həftədə 3 dəfə məktəbdən sonra rus dili müəlliməsinin yanına gedir. Amma könülsüz. Həm də tək yaşayan müəllimənin saxladığı it də onu əsəbiləşdirirdi. Buna görə də bir müddət sonra ora getməyə son qoyur. Təbii ki, anasından gizli şəkildə. Hər ayın tamamında isə müəllimin zəhmət haqqını aparıb verirdi (Artıq böyüyüb həyatı dərk edəndə bu hərəkətinə görə çox peşman olmuşdu).

İti zehni olduğuna görə, Barat beşsinifli məktəbi 4 ilə qurtarır. Sənədlərini Pedaqoji Texnikuma vermək istəyir. Ancaq yaşı çatmır. Evdə anasını o qədər dəng edir ki, axırı yazıq qadın hansısa yolla qızının yaşını bir il artıraraq ona yeni doğum şəhadətnaməsi alır. (Məhz buna görə də hər yerdə Barat Şəkinskayanın doğum tarixi 28 iyun 1914-cü il göstərilir). Bundan sonra onun sənədlərini qəbul edirlər. Və Barat Şəkinskaya Pedaqoji Texnikumun tələbəsi olur.

“Elə bir o qalmışdı ki, xan qızı qulluqçuluq edə”

Ordakı dram dərnəyinə də üzv yazılır, tamaşalarda iştirak etməyə başlayır. Düzdür, hələ məktəbdə oxuduğu zaman “Lenin artıq yoxdur” tamaşasında oynamışdı. Amma burdakı tamaşalarda çıxış etdikcə, aktyorluğa olan sevgi və həvəs də artırdı. Gəncə İşçi Klubunda da həvəskar aktyorluq edirdi. Artıq həyat özü onu bu sənətə gətirirdi. Anası Ağca xanım isə qızını həkim görmək istəyirdi. Baratın aktyorluğa meyli artdıqca, Ağca xanımın bu arzusunun nə vaxtsa reallaşacağına olan ümid də bir o qədər azalırdı. Anası dəfələrlə qızını öz fikrindən daşındırmağa çalışsa da, heç bir nəticəsi olmurdu. Barat inadından vaz keçmir, dram dərnəyinə getməkdə davam edirdi. Qızını aktrisa görmək istəmədiyindən, ümumiyyətlə, bu sənəti sevmədiyindən onun heç bir tamaşasına gəlmirdi. Barat xanım artıq peşəkar aktyorluq edəndə də anasını teatra, öz tamaşasına apara bilmir. Bircə 1939-cu ildə “Azdrama”da “Vaqif” tamaşasına getməyə zorla razı salır. Barat Şəkinskaya bu tamaşada Qaçaq Eldarın dəstəsinə qoşulan gürcü qızı Tamara rolundaydı. Tamaşadan sonra Barat xanım anasının fikrini soruşur. Sualın cavabında bu sözləri eşidir: “Yox, xoşuma gəlmədi... Cır-cındırdan bir paltarı keçirmisən əyninə, əlinə də bir tüfəng alıb düşmüsən üstlərindən cin ürkən, saç-saqqal basmış kişilərin dalınca...”
Bununla da Ağca xanımın ayağı teatrdan kəsilir. Bir də illər sonra “O olmasın, bu olsun” filmində Barat Şəkinskayanın qulluqçu Sənəm obrazını görəndə hirslənir: “Elə bir o qalmışdı ki, xan qızı qulluqçuluq edə”...

İlk xəyanət...

Barat Şəkinskaya 1930-cu ildə texnikumu bitirəndən sonra Sərkar kəndinə müəllimə təyin olunur. Amma müəllimlik də onu aktrisalıq iddiasından döndərə bilmir. Müəllim işləyə-işləyə bir neçə dərnəkdə iştirakını davam etdirir. Elə bu vaxtlar Fəhlə Klubunun direktoru Mir İbrahim Həmzəyevlə tanış olur. Mir İbrahim Həmzəyev artıq ona dəlicəsinə aşiq olmuşdu. Kluba aktrisa ştatına da götürmüşdü. Barat xanım da ona qarşı laqeyd deyildi. Beləliklə, 1931-ci ildə Barat Şəkinskayanın 16 yaşı olanda cütlük evlənmək qərarına gəlir (Mir İbrahim Həmzəyev artıq bir dəfə evlənib ayrılmışdı, qızı var idi). Daha doğrusu, qoşulub qaçırlar. Çünki Ağca xanım qızının artistə ərə getməsinə heç cür razılıq vermirdi. Ərə gedəndən bir il sonra onların qızı dünyaya gəlir. “Od gəlini”in qəhrəmanı Solmazın şərəfinə qıza bu adı verirlər. Amma uşağın heç 1 yaşı tamam olmamış ailə dağılır. Özü də xəyanət üstündə. Günlərin birində Barat xanım qucağında uşaq heç gözləmədiyi səhnəylə qarşılaşır – həyat yoldaşı Bakıdan gələn aktrisaların biriylə yay teatrında skamyada qucaqlaşırmış. Bunu görən Barat xanım dəhşətə gəlir. Uşağı yoldaşının qucağına atıb, ağlaya-ağlaya evə qaçır. Həmin andaca xəyanəti bağışlamayaraq, ayrılmaq qərarına gəlir. Mir İbrahim Həmzəyev nə qədər çalışsa da, yalvar-yaxar etsə də, onu geri qaytara bilmir. Gecə səhərə qədər pilləkəndə oturub ağlayır, bəzən elə oradaca yuxuya gedir, amma bunu da heç bir faydası olmur. Ağca xanım da qızına öyüd-nəsihət verir ki, “Mir İbrahimin ahı bizi qıracaq, bağışla onu”. (Sonralar da tez-tez qızına deyirdi ki, “Mir İbrahimin ahı səni tutdu, ona görə həyatın alt-üst oldu). Bağışlamır. Barat Şəkinskaya 18 yaşını tamamlamamış özündən 7 yaş böyük Mir İbrahim Həmzəyevdən boşanır. Onunla üz-üzə gəlməmək üçün bir müddət sonra Gəncə teatrından da işdən çıxır və Solmazı anasına tapşırıb, tibb təhsili almaq məqsədilə Bakıya gəlir. Bakıda isə başqa həyat gözləyirdi...

İkinci dəfə Şəmsi Bədəlbəyliyə ərə gedir

İlk məhəbbəti daşa dəyəndən sonra Bakıya gələn Barat burda onu nələrin gözlədiyini ağlına belə gətirmirdi. Günlərin birində yolda vaxtilə bir dərnəkdə çalışdığı Adil İsgəndərovla rastlaşır. Bu o zamanlardı ki, Adil İsgəndərov Moskvadakı təhsilini başa vurub vətənə qayıtmış və “Azdrama”da rejissor kimi işə başlamışdı. Baratı da rejissor kimi ilk debütü olan “Polad qartal” tamaşasında uşaq roluna sınamaq niyyətindəydi. Barat xanım dəvəti qəbul edir. 1936-cı ildə bu tamaşa səhnəyə çıxanda Barat Şəkinskaya Şəfiqə obrazını canlandırır (Bu obrazdan qabaq daha iki rol da ona həvalə olunmuşdu). Bununla da “Azdrama”ya işə götürülür. Tez bir zamanda şöhrət qazanır. Həmin il Barat Şəkinskaya üçün başqa bir hadisəylə də əlamətdar olur. Teatrda rejissor işləyən Şəmsi Bədəlbəyli ilə ailə qurur. Bu, Barat Şəkinskayanın ikinci, Şəmsi Bədəlbəylinin isə ilk evliliyi olur. Onlar evlənəndə Solmaz hələ Gəncədə nənəsinin yanında qalırdı. 1 ildən sonra bu izdivacdan Rövşanə adlı qızları dünyaya gəlir (Hazırda Rövşanə Amerikada yaşayır). Rövşanənin 1 yaşı olanda Barat xanım Solmazı da Bakıya gətirmək istəyir. Ancaq Ağca xanım qoymur. Solmaz Həmzəyeva Bakıya bir neçə il sonra - 10 yaşı olanda gəlir. Və elə o vaxtdan da anasının yanında yaşayır, təhsilini davam etdirir. Şəmsi Bədəlbəyli ilə də yaxşı, ata-bala münasibətləri olur. Ancaq Solmazın öz atasıyla görüşməsinə Barat xanım qətiyyən razılıq vermir. Solmaz xanım bu barədə bildiklərini danışır: “Atam anamı dəlicəsinə sevirdi. Anam da onu sevib ailə qurmuşdu. Ancaq elə sevdiyinə görə də xəyanəti bağışlamadı. Bu sevgi bir nifrətə çevrildi. Hətta mənim atamla görüşməyimə belə qəti şəkildə icazə vermədi. Mən birinci dəfə atamı 9 yaşım olanda görmüşəm. Gəncə teatrında Rəşid Behbudovun konserti idi. Teatrın rəssamı olan dayım məni də ora aparmışdı. Biz hamımız eyni lojada oturmuşduq. Atam o vaxtlar hələ teatrda işləyirdi. Dayım atama dedi ki, “tanıyırsan bu uşaq kimdi? Qızın Solmazdı”. Bu sözləri eşidəndə çöndüm ona baxdım. Amma qaranlıq olduğuna görə, üzünü yaxşı görə bilmədim. Gəldi məni qucaqlayıb öpdü. Mən də ağladım, dayım götürüb apardı məni evə. O görüş o qədər də yadımda deyildi. 3-4 ildən sonra Əjdər Sultanov bizi mehmanxanada görüşdürdü, anamdan gizlin. Onda atam artıq Naxçıvanda yaşayıb işləyirdi. Anam ailə qurandan bir neçə il sonra o da Naxçıvanda Zəroş Həmzəyeva ilə evlənir, 2 oğlu, bir qızı olur. Atam Naxçıvandan Bakıya gələndə imkan olan kimi gizli şəkildə görüşürdük. Şəmsi Bədəlbəyli də mənə çox yaxşı yanaşırdı, ona “papa” deyirdim. Amma heyf ki...”

...Heyf ki, bu ailənin də həyatı uzun ömürlü olmur. Cəmi 6 il. 6 ildən sonra cütlük ayrılmaq qərarına gəlir. Səbəbi isə Solmaz xanıma indiyə qədər də aydın deyil: “Bilmədik nəyin üstündə ayrıldılar. Aralarında nə söhbət olmuşdusa, müəmmalı qaldı. Bir də onu gördük ki, artıq boşanırlar. Məni anam, Rövşanəni Şəmsi Bədəlbəyli götürür. Anam 6 otaqlı evi Şəmsi Bədəlbəyliyə verir, özü isə məni də götürüb qayıdır Gəncəyə və yenidən teatrda işləməyə başlayır. Şəmsi Bədəlbəyli isə bir neçə il sonra ikinci dəfə evlənir və o izdivacdan Fərhad Bədəlbəyli anadan olur. Əvvəl də, indi də Fərhadla yaxşı münasibətimiz olub, bir-birimizi bacı-qardaş kimi çox istəyirik”.

Üçüncü və sonuncu ailə

Şəmsi Bədəlbəylidən boşanandan sonra Barat Şəkinskaya 1943-cü ilin yazında yenidən Gəncə Dövlət Dram Teatrına qayıdır. 1942-ci ildən isə o teatra Mehdi Məmmədov baş rejissor təyin olunmuşdu. Bakıda aktrisa kimi şöhrət qazanaraq əməkdar artist adına da layiq görülən Barat xanım Gəncə teatrında məhəbbətlə qarşılanır. Tək kollektiv tərəfindən deyil, həm də baş rejissor tərəfindən. Mehdi Məmmədov ona xüsusi qayğıyla yanaşırdı. Bu qayğı, iki sənətkarın yaradıcılıq ünsiyyəti, tədricən sözün əsil mənasında məhəbbətə, sevgiyə çevrilməyə başlayır. Beləliklə, Barat Şəkinskaya 1944-cü ildə özündən 3 yaş kiçik olan Mehdi Məmmədovla üçüncü və sonuncu ailə həyatını qurur. Bu arada Mircəfər Bağırov Gəncədən gələn aktrisanın yoxluğunun səbəbini öyrənməyə başlayır. Adil İsgəndərova bərk-bərk tapşırır ki, onu “Azdrama”ya geri qaytarsın. Adil İsgəndərov da Gəncəyə zəng vurub Barat xanımın Bakıya geri qayıtmasını istəyir. Amma aktrisa razılaşmır. Deyir ki, “bu artıq mümkün deyil. Çünki mən burda ailə qurmuşam. Həyat yoldaşım isə teatrın baş rejissorudu”. Adil müəllim Mircəfər Bağırova olduğu kimi məruzə edir. Bu o zamanlardı ki, Mehdi Məmmədovu artıq tanıyırdılar, istedadı Bakıda səs salmağa başlamışdı. Mircəfər Bağırov öz qərarını açıqlayır: “Ərini də götürsün gəlsin bura”. Beləliklə, hər iki sənətkar Bakıya köçür. Aktyor və rejissor kimi teatrda işə başlayırlar. Öz evləri olmadığına görə, bir müddət Mehdi Məmmədovun ailəsi ilə birgə qalırlar. Sonradan hökumət onlara birotaqlı ev verir. 1946-cı ildə isə oğul övladları dünyaya gəlir – Elçin Məmmədov (fırça ustası, teatr rəssamı və kino aktyoru). Hər iki sənətkarın gərgin iş qrafiki olduğundan Elçini özündən 14 yaş böyük bacısı saxlayır, evin hər işini görür. Amma nədənsə bu ailənin də sütunları möhkəm olmur. 7 ildən sonra Barat Şəkinskaya Mehdi Məmmədovla da ayrılmaq qərarına gəlir. Səbəbi isə yenə də XƏYANƏT!

“Ərin evə qadın gətirirdi”

Solmaz Həmzəyeva o günləri belə xatırlayır: “1949-cu ildə Kislovodska istirahətə getmişdik. Onda anam hamilə idi. Demə, uşaq artıq 10 aylıq imiş, ana bətnindəcə ölübmüş. Anamı əməliyyat edirlər. O, xəstəxanada qalır. 3 yaşlı Elçinlə məni Fatma Qədriylə Bakıya göndərir. O vaxt qayıdanda evdə qadın olduğunu hiss etdim. “Çaşkanın” üstündə “pomada” izi vardı. Anamsa heç vaxt dodaq boyasından istifadə etmirdi. Mən bu barədə anama heç nə demədim. Bir xeyli sonra qonşumuz olan məşhur bir şəxsin yoldaşı anama dedi ki, “ərin evə qadın gətirirdi”. Qadının bu hərəkəti məni o qədər hirsləndirdi ki, mən də yalandan ona dedim, “xəbərin var ki, sənin ərin filankəslə gəzir?” Bundan sonra anam yoldaşının ona bu cür xəyanət etdiyini bildi və ayrılmaq qərarına gəldi. Mən evdə onların arasında hansısa dava-dalaşın, söz-söhbətin şahidi olmadım. Mehdi Məmmədova nə vaxt, necə demişdisə, xəbərim olmadı. Bəlkə də işdə nəsə demişdi. Bircə onu bildim ki, 1951-ci ildə boşandılar. Anam bu dəfə də evi Mehdi Məmmədova qoyub çıxdı. Elçini Mehdi götürdü. Amma buna baxmayaraq, hər gün Elçinin yanına gedirdim. Axı onu mən saxlamışdım. Ondan ayrıla bilməzdim heç cür. Uşağı da anam görsün deyə tez-tez evə gətirirdim. Bir dəfə də çox qəribə bir hadisə baş verir. Elçinin adəti vardı - telefonu əlinə alırdı, ağlına gələn nömrələri yığıb guya anasıyla danışırdı. 7 yaşı olanda adəti üzrə yenə hansısa nömrəni yığır və başlayır danışmağa. Dəstəyin o başından bir qadın səsi eşidilir. Elçin deyir “mamamı istəyirəm”. Qadın ondan adını, anasının, atasının kim olduğunu soruşur. Barat Şəkinskaya adını eşidəndə Elçinə deyir ki, “mamaya deyərəm sənə zəng edər”. Demə, Elçin istədiyi nömrələri yığaraq “Leçkomissiyaya” düşüb. Anam da oranın üzvüydü. Həmin qadın anama baş verənləri danışır. Bu hadisədən sonra Elçini gətirir yanına. Tamaşalarının sayını azaldır. Uşağa baxmaq üçün qulluqçu tutur. 3 dəfə qulluqçu tərəfindən evi yarılır. Onda mən də artıq onlarla yaşamırdım. Anamın vaxtilə etdiyi kimi, mən də sevdiyimə qoşulub qaçmışdım. Niyazinin assistenti dirijor Faiq Mustafayevə (bəstəkar Ramiz Mustafayevin qardaşı – X.M). buna görə anam 3 il mənimlə küsülü qaldı. Çünki onunla ailə qurmağımı istəmirdi, deyirdi, “ona ərə getmə, ondan sənə ər olmaz”. Sonradan haqlı çıxdı. Birinci dəfə ərim məni möhkəm döyərək, ağzım-burnum əzilmiş vəziyyətdə, uşaq da qucağımda anamın evinə qayıdanda barışdıq. Yoldaşımın hərəkətlərinə 20 il dözdüm, sonra ayrıldım. Dözdüm ki, deməsinlər anası kimi bu da gedən kimi ayrıldı”.

“Hə, Barat, səninki burada da qurtardı”

Bəs görəsən, üç həyat yoldaşından Barat Şəkinskaya hansını daha çox sevib? Solmaz xanımın fikrincə, Mehdi Məmmədovu: “Özü heç nə demirdi, yanında adını da çəkmək mümkün deyildi. Amma nədənsə mənə həmişə elə gəlib ki, o Mehdini daha çox sevib. Axı uşaqlarının da arasında Elçini hamıdan çox istəyirdi. Bilmirəm Elçini Mehdidən olduğuna görə, yoxsa sadəcə oğlan uşağı olduğuna görə onu bizdən daha çox istəyirdi?! Bəlkə də, qızdan çox, oğlunun olmasını istəyirdi ona görə... Amma onu bilirəm ki, onların arasında Mir İbrahimlə rastlaşmaq istəməyib heç vaxt. O birilərləsə münasibəti normal idi”.

Solmaz xanım deyir ki, anası olduqca “kaprizli” aktrisa idi. Adi bir şeydən belə o saat inciyib küsürdü. Hər küsəndə də teatrdan gedirdi. Məsələn, bir dəfə gənc aktrisa Rəhilənin üstündə küsür: “Anam Adil İsgəndərovun yanına gəlib deyir ki, “Ədil lələ, Rəhiləyə bir rol ver də. Yaxşı aktrisadı. Niyə onu uzaqlaşdırırsan?” Adil İsgəndərov da deyir ki, “verərəm, niyə vermirəm. Elə sənin rolunu verərəm ona”. Anam razılaşır. Səhəri gəlib görür ki, Adil müəllim onun 3 rolunu Rəhilənin adına yazıb. Anam “halal xoşu olsun”, - deyib teatrdan gedir. Adil müəllim nənəmə zəng vurub şikayət etdi ki, “Ağca xala, qızın məni boğaza yığıb. Dəqiqə başı inciyib gedir”. Bir gün də anam məşqdə imiş. Bir də görür ki, onu yuxu basır. Möhkəmcə əsnəyir. Çönüb sağa, sola baxır ki, onu görən oldu? Bununla da öz-özünə deyir ki, “hə Barat, səninki burada da qurtardı”. Deməli, məşqdə elə darıxıb ki, onu yuxu basıb. Qərara gəlib ki, bununla da sənət qurtardı”.

Yeri gəlmişkən, Barat Şəkinskaya 1956-cı ildə ərizə yazaraq məzuniyyətə gedir, ancaq sonra “Azdrama”ya qayıtmayaraq teatrdan çıxır. 1960-cı ildə Mehdi Məmmədov bu teatra baş rejissor təyin olunanda yenidən ora qayıdır. Və bir də 18 ildən sonra təqaüdə çıxır. Ümumiyyətlə, Barat Şəkinskayanın yaradıcılığının əsas dövrü Akademik Milli Dram Teatrı ilə bağlı olub. O, həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə teatr tariximizə yazılıb. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Axırıncı dəfə 37 yaşında olanda Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolunu ifa edib. “Azərbaycan səhnəsinin Cülyettası” adlandırılan Barat Şəkinskayanın təqaüdə çıxmasının səbəbi isə kökəlməsi olub: “O vaxtlar artıq çox kökəlmişdi. Düzdür, nənə rollarını oynaya bilərdi, amma istəmirdi. Sonradan rejissorlar bir neçə dəfə anamı teatrda hazırlanan yeni tamaşalarda oynamağa dəvət etsələr də, razı olmadı. Çox vaxt elə evdə olurdu. Yanına bir köməkçi qoymuşduq. Elçin də, mən də, nəvələri də hər gün yanına gedirdik. Ciddi bir xəstəliyi yox idi. Rəhmətə gedəndə də artıq 84 yaşı vardı. Birdən özünü pis hiss edir. Köməkçiyə deyir ki, “deyəsən mən ölürəm, halım pisdi. Tez Elçini, uşaqları tap”. Günorta saat 4-5 olardı. Mən Şərqiyəgildə çörək yeyirdim (tanınmış diktor Şərqiyə Hüseynova – X.M). O bizi axtarana qədər, Elçin də təcili yardımla gələnə qədər artıq keçinmişdi. Ölüm anında Elçini daha çox görmək istəyirdi. Amma heç birimizi görmədi. Həyatının son anında bizə nə demək istədiyini bilmədik”.

Azərbaycan teatrının görkəmli sənətkarı Barat Şəkinskaya 1999-cu il, yanvarın 14-də İkinci Fəxri Xiyabanda dəfn olundu. Xəyanət acısını ona ilk dəfə yaşadan Mir İbrahim Həmzəyevin həyat yoldaşı Zəroş Həmzəyevanın məzarının yaxınlığında. Bu da həyatın ona son sürprizi...

Xəyalə MURADLI

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1468

Oxşar yazılar