Qara Mustafayev: “Balınanın haqqında elə danışdım ki...” - MÜSAHİBƏ
19 may 2010 16:15 (UTC +04:00)

Qara Mustafayev: “Balınanın haqqında elə danışdım ki...” - MÜSAHİBƏ

Təbiətin qoynuna çıxmaq hələm-hələm baş tutan iş deyil. Amma bu barədə danışmaq, ətrafımızı öyrənmək mümkündü. Nə çoxlu pul lazımdı, nə də vaxt. Fikirləşdim, bizə köməyi dəyən kim ola bilər? Xeyli götür-qoya ehtiyac duymadım. “Təbiətin” bir guşəsinə çəkilib loru desək, gaplaşmağa ondan maraqlı kimsə ağlıma gəlmədi. Bu gərəkli iş görkəmli təbiətşünas-alim Qara Mustafayevin payına düşdü. Nə gizlədim, tam səmimiyyətlə deyim ki, Qara müəllim uşaqlıqdan bu yana sevdiyim insanlardandı. Sözün yaxşı mənasında bu kişini otuz ildən artıqdı tanıyıram. Əlbəttə ki, "Təbiəti sevənlər" verilişindən. O verilişdən ki, minlərlə adama təbiəti öyrənməyi, sevməyi, qorumağı aşılamışdı. Təqribən otuz beş il ekranlardan düşməyən həmin proqram son zamanlar gözə dəymir. Elə ömrünün ahıllıq çağlarını yaşayan Qara müəllim də həmçinin. Onunla Bakı Dövlət Universitetində rəhbərlik etdiyi kafedrada görüşümüz məhz elə bu "qeybə çəkilmək"dən başladı...

- Bir neçə il əvvəl, üstünüzə sağlıq, bərk xəstələndim. Neçə ay xəstə yatdım. Verilişdə fasilə yarandı. Ayağa durandan sonra ta həvəsim olmadı. Görünür, bir yandan yaş təsirini göstərir, o biri yandan da hazırkı vəziyyət, yaşadığımız həyatın təzadlı mənzərəsi. Açığı, son illər verilişi hazırlayanda çox əziyyətlər çəkirdim. Demək olar, təkbaşına görürdüm işi, əsir-yesiriydim. Gah ora qaçırdım, gah bura. (Gülə-gülə) Bir sınıq-salxaq maşınım varıydı. Onu da verilişin yolunda elə hey ora-bura çapırdım... Amma baxırdım ki, maraq əvvəlki deyil. Bu, adama yer eləyir...

- Siz uzun illər verilişi rəhmətlik Mirəli Axundovla - genetika üzrə böyük alimlərimizdən biriylə aparmısız. Hər dəfə ekrandan bizimlə görüşünüz şəxsən mənə və sinif yoldaşlarıma xüsusi ləzzət verirdi (Qara müəllimi parodiya edirəm. Gülməkdən özünü saxlayammır).

- Çox yaxşı alınır... Dediyiniz kimi mən müəllimim olmuş Mirəli Axundovla aparırdım verilişi. Açığı, həm yaxşı alınırdı, həm də buna sonra əməllicə alışmışdım. Nə vaxtsa tək aparıcıya çevriləcəyim ağlıma gəlmirdi. İntəhası, neyləyəsən, həyatın qanunudu, yarananların hamısının sonu var. Ruhu şad olsun, o kişi də dünyanı tərk elədi və mən meydanda tək qaldım. Proqramısa dayandırmağa qıymadım. Həm "Təbiəti sevənlər"i ustadın yadigarı olduğunu, həm də özümün onsuz qala bilməyəcəyimi düşünüb bu addımı atmadım.
Doğrusunu deyim ki, bir neçə il əvvəl verilişin dayanmaması da mümkünüydü. Bir yandan AzTV rəhbərliyi "camaat Sizin xırıltılı səsinizə öyrəşib" deyib buna razı deyildilər, o biri yandan mən balaca dostlarımı ölkəmizdə ən yaşlı və səhv etmirəmsə, yeganə təbiət verilişindən məhrum etmək istəmirdim. Di gəl, mənnən Azərbaycan televiziyasındakıların fikirləri üst-üstə düşmədi. Mən dedim ki, yaşlaşmışam, təkbaşına işləməkdən yoruluram. Razısızsa, bir müddətə özümə verilişi aparmaq üçün köməkçi qismində bir nəfər qoşum. Yavaş-yavaş bu işə, televiziya mühitinə alışsın. Sonra mən gedim, o da proqramı davam etdirsin. Allaha şükür, yerimə əvəz olacaq yaxşı mütəxəssislər var. Dünyada nə əbədidi ki? Qoy estafeti cavanlara ötürək də. Nəsə, ortaq məxrəcə gələmmədik. Dedilər yox ki, yox. Axırı da bildiyiniz kimi.

- Axırı bəllidi, proqramın əvvəlindən, yəni yaranışındansa çoxlarının xəbəri yoxdu. Bəlkə ondan danışaq.

- Danışaq, nə deyirəm... Proqram 1960-cı illərin ikinci yarısında yaranıb. Dəqiq ayı-günü yadıma gəlmir. Gərək bağışlayasan də, qoca əfəndiyik. Birinci veriliş efirə "Təbiətin keşiyində" adıynan getmişdi. Aparıcısı da rəhmətlik Mirəli Axundovnan Mikayıl Rzaquluzadə olmuşdu...

- Üzr istəyirəm, rəhmətlik Mikayıl müəllim bioloq deyildi axı, uşaq ədəbiyyatıyla, tərcüməylə məşğuluydu. O hara, bu veriliş hara?

- Bəli, bir az qəribə görünsə də, genetika alimi ədəbiyyat adamıyla birgə ilk verilişdə tamaşaçıların görüşünə çıxmışdı. İkinci verilişdənsə bu proqrama mən də qoşuldum. Onun da maraqlı tarixçəsi var. Demək, ikinci veriliş efirə getməmişdən bir neçə gün qabaq Mirəli müəllim kafedrada mənim su məməliləri - balinalar haqda çıxışımı dinləmişdi. Çox xoşuna gəlmişdi. Balinanın haqqında elə danışdım, mənə qəfildəncə təklif elədi ki, gəl biznən bir yerdə verilişi aparaq: “Bax, elə kafedrada danışdığını üzümüzə gələn verilişdə söyləyərsən.” Razılaşdım. Veriliş efirə hazırlanan vaxt rəhmətlik Mikayıl Rzaquluzadənin ekrandan oxumaq istədiyi “Qaranquş” adlı şerini elmi cəhətdən nətəhəri alt-üst elədimsə, kişinin əl-ayağı yanına düşdü. Demək, şerin təxmini məzmunu beləydi ki, qaranquş qar üstündə gəzir, Vova adlı balaca oğlan ona xırda-xırda çörək tikələri verir, sonra quş da kefi kök şaxtalı havada budaqda cikkildəyib oxuyur. Başladım rəhmətliyə sübut eləməyə ki, sizin yazdığınız yalnız ədəbi fantaziyadı. Çünki qaranquş soyuq sevən quş deyil - bu bir, ömründə qarın üstündə gəzməz - bu iki, çörək-buğda yeməz - bu üç və sair və ilaxır. Bundan sonra Mikayıl müəllim təbiətdən, əsasən də heyvanları və bitkiləri səciyyələndirən mövzulardan bəhs edən şer yazmağı və onu bu verilişdə təqdim etməyi tərgitdi. Və iş o yerə çatdı ki, bir-iki verilişdən sonra aparıcılıqdan imtina etdi. O vaxt hər şey elə özün bildiyin kimi, kefin istəyəndə həll olunmurdu. Onun aparıcılıqdan imtina etməsini o zamankı baş redaktor Kamran müəllim razılıqla qarşılamadı. Amma Mikayıl müəllim təkid elədi. Dedi ki, a bala, mən qələm adamıyam, nə heyvandan, nə də bitkidən xəbərim var. Mən onların yanında ələkçinin qıl verəninə oxşayıram. Bu kişi mütəxəssisdi, qoy elə verilişi Mirəli müəllimlə ikisi aparsın. Belə də oldu. Bir müddət Mikayıl Rzaquluzadə ssenari-redaktə məsələsində proqram üçün çalışdı. Sonra ümumiyyətlə bizdən aralandı. Və biz uzun illər birgə aparıcılıq elədik. Hə, onu da deyim ki, bu proqram ilk dəfə efirə "Təbiətin keşiyində" adıyla çıxmışdı. Bu ad mənim xoşuma gəlməmişdi. Elə bil inzibatilik vardı bu adda. Ona görə təklif elədim ki, “Təbiəti sevənlər” daha yaxşı səslənir. Onlar alternativ variant kimi "Təbiəti qoruyaq" dedilər. Razılaşmadım. Dedim, yaxşıca sevsək, qorumaq da mümkün olar. Sevməsən, nə qorumaq, elə deyil? Fərəhli haldı ki, təbiəti sevdirmək missiyamız bizim özümüzü kifayət qədər xalqımıza sevdirdi. Bir neçə ildən sonra mən Azərbaycanda tanınan adamlardan birinə çevrilmişdim. Bu da səbəbsiz deyildi. Ölkəmizdə Moskva televiziyasından savayı, yeganə kanal Azərbaycan televiziyasıydı. Əməlli-başlı məşhurlaşmışdım. Hətta, təbiətə aid bədii əsərlərin rəy verilmək üçün ünvanıma göndərilməsi adi hala dönmüşdü. Misal olaraq maraqlı epizod söyləyim. Rəsul Rzayla bağlıdı.

- Yoxsa o da güldən-bülbüldən yazmaqla qələminizə tuş gəlmişdi?..

- Özüdür ki, var. Günlərin birində mənə kafedramızdakılardan biri qalın qovluq gətirdi. Dedi ki, sizə göndəriblər, oxuyub rəy verməlisiz. Ta kim gətirib, hardandı, biləmmədim. Açıb baxdım, gördüm makinadan çıxmış təqribən 600 səhifə yazıdı. Daha doğrusu, hamısı şeir. Bir az o üzünə, bu üzünə baxdım. Bir-iki şeirin ora-burasını düzəltdim. Amma gördüm yox, iş uzundu, vaxt yox, dərs-filan da bir tərəfdən. Qovluğu bağlayıb qoydum bir qırağa. Üstündən bir ay keçdi. Və bir gün qəfil zəng oldu. Tanımadığım birisi həmin qovluğun taleyini xəbər aldı. Dedim, hələ hazır deyil. Qayıtdı ki, axı bir aydan artıq vaxt keçir, xahiş edirəm, bir az işi sürətləndirin. Düz deyirdi. Bilirsiz ki, hər hansı yazılı müraciətə otuz gün müddətində cavab verilməlidi. Nə başınızı ağrıdım, qovluğa bərk girişdim. Amma nəyə əl atdımsa, məni qane eləmədi. Şairdi də, təbi gəlib yazıb, heyvanın, bitkinin, bütövlükdə təbiətin özünəməxsusluqlarını hardan bilir? Ona görə, elmi cəhətdən yanaşanda kəm-kəsir sarıdan bolluğuydu. Qərəz çıxdaş olmayan şeir təqribən on faiz alınardı, ya yox. Götürüb obyektivliknən necə lazımdısa, eləcə rəy yazdım. Ta müəllif kimdi, nəçidi, hələ də xəbərsizəm. Üstündən azca keçdi. Bir gün elə dərsi qurtarıb kafedradan çıxmaq istəyirdim, telefon zəng çaldı. Ayaq saxladım, kafedrada məndən başqa heç kim qalmamışdı deyə, dəstəyi özüm götürməli oldum. Zəng vuran soruşdu ki, bura universitetdi? Dedim, bəli. Bəs, zoologiya kafedrasıdı? Yenə "bəli" dedim. Sonra soruşdu ki, Qara Mustafayev ordadı? Dedim ki, elə özüdü. Hələ tanıya bilmirəm ki, kimdi, hardandı. Elə bil bunu duydu. "Danışan Rəsul Rzadı" dedi. Söylədim ki, çox şadam, Rəsul müəllim, nə lazımdı? Həmin qovluğun müqəddəratını xəbər aldı. Sən demə, şeirlər onunuymuş. Dedim ki, Rəsul müəllim, oxumuşam, rəy də yazmışam. "Şeirlərə münasibətin necədi" - növbəti sual belə oldu. Ta nə deyəsiyəm, nə var olduğu kimi çatdırdım. Hiss elədim kişi bunu gözləmirmiş deyə təəccüb qalıb. O, qovluğu və rəyi ona nə vaxt çatdırmaq imkanımla maraqlandı. Lazımdısa, lap elə indi, dedim. Qayıtdı ki, onda sizin dalınızca maşın göndərirəm. Nəsə, maşın gəldi, məni onun yanına apardı. O vaxt da Rəsul müəllim bilirsiz harda işləyirdi?

- Azərbaycan Sovet Ensiklopediyasında... Yəqin bu, uzağı 1970-ci illərin əvvəlinin söhbətidi...

- Ay sağ olun. Hə, elədi. Getdim kişiynən qabaq-qabağa oturdum. O vaxtacan Rəsul müəllimlə heç bir münasibətim yoxuydu. Görüşümüz, özü də belə məsələylə bağlı, birinci dəfəydi. Nəsə, rəhmətlik məni xeyli süzdü. Dedi ki, indi bunu neyləyək? Mümkündüsə, təzədən yazılmasını təklif elədim. Əlini əlinə vurdu: "Sən nə danışırsan. Mən bunu sənin düzəlişlərinə uyğun bir də oturub yazsam, bundan şeir çıxmaz. döndərib hekayə, nağıl eləmək də fikrimnən keçmir. Ən əsasısa bu boyda şeir üçün təzədən oturub qələm çalmağa nə həvəsim, nə də səbrim çatar.” "O bəyəndiyim, necə deyərlər, süzgəcdən keçmiş şeirlər üçün istəyirsiz, özünüz beş-on cümləlik müsbət rəy yazın, mən də qol çəkim" deməklə kişinin qılığına girmək, daha doğrusu, pərtliyi aradan götürmək istədim. Birdən xəbər aldı ki, mənim yaradıcılığımdan hansı əsəri bəyənirsən. "Ala dana"nın adını çəkdim. Kişinin qırışığı açıldı. "Sən nə yaxşı oğlansan" deməklə zarafat elədi: "Hə, zövqün var. Fikirləri də tuta bilirsən". Sonra Rəsul müəllim dedi ki, bilirsən, nə var, sənin rəyini dəyişməyini istəmirəm, heç özün də qeyri-obyektivliyə yol verənə oxşamırsan. Ona görə, mən yazdıqlarımdan imtina eləyirəm. Bax, o boyda qovluğun axırı belə qurtardı. Üstündən uzun illər keçəndən sonra nəvəmin kitablarının birində həmin şeirlərdən hansınınsa nəsrə çevrilmiş formasını gördüm. Qəribə sevinc hissi yaşadım. Ümumiyyətlə, yaşadığım həyatım boyu başıma çox maraqlı əhvalatlar gəlib. Özü də elə şəxsiyyətlərlə bağlı hekayətlərdi ki, indi onların çoxusu tarixə düşüb.

Heç yadımdan çıxmaz aspiranturada oxuyurdum. Elmi işimlə əlaqədar Moskvadakılara dedim ki, Azərbaycanda dağ rayonlarında müşahidələr aparmaq istəyirəm. Razılıq verildi. Ezamiyyə xərci-filan ayrıldı. Əlimdə Elmlər Akademiyasının göstərişi gəldim Lerik rayonuna. Mənə lazım olan yer ucqar dağ kəndlərindən biriydi. Rayondan ora avtobus gedirdi. Amma dağların başına çıxmağa babat münasib maşın, ya da at lazımıydı. Kənddəkilər məsləhət gördülər ki, raykomun yanına gedim, yoxsa bir şey çıxmayacaq. O zaman da orada rayon partiya komitəsinin birinci katibi Qulamov soyadlı bir kişiydi. Gəldim onun yanına. Özümü təqdim elədim. Akademiya adı eşidəndə "vəsiqən, yollayış vərəqən varmı" soruşdu. Göstərdim. Kişi beş-on dəqiqənin içində rayon milis rəisini, prokuroru, kommunal idarəsinin müdirini və bir-iki adamı otağına yığdı. Dedi ki, bu yoldaş alimdi, rayonumuza tədqiqat işləri aparmağa gəlib. Biz hamımız gəldi-gedər adamlarıq. Bura təyin olunmuşuq ki, onun kimi insanlara şərait yaradaq və sair və ilaxır. Nə deyim ey, kişi məni nətəhəri göylərə qaldırdısa, özüm də məəttəl qaldım. Milis rəisinə dedi: "Qonağımız nə qədər burdadı "Vilis"i verirsən ona. Qoy dağa-daşa rahat çıxa bilsin".
Harda qalmağımla maraqlandı. Mehmanxana adı eşidəndə üz-gözünü turşutdu. Tez tapşırdı ki, qonaq evində yer ayrılsın. Səhər-axşam yeməyini rayonda verərsiz. Hər gün günorta dağda-daşda yeməyə hazır quru yemək tədarük edərsiz... Bir sözlə, orda olduğum müddətdə başıma dolandılar. Heç nədən korluq çəkməyə qoymadılar. Nə var, nə var, rayona aspirant gəlib. Aspirant da nə aspirant, vallah, axtarsan, bəlkə şalvarımda yamaq da varıydı. Mən bu əhvalatı niyə söylədim? Görün, o vaxt elmə münasibət necəydi? Digər məqamlar, amillər də var ki, bütün bunlar elmin inkişafına, alimin formalaşmasına müsbət təsir göstərirdi.

- Bəs bu gün niyə belə deyil?

- Allah köməyiniz olsun. Belə bir misal var, deyir - o şeyləri müqayisə elə ki, onları yanaşı qoya biləsən. Danışılası deyil. Ən pisi odur ki, oxumağa, elmə maraq azalıb. Mən nə az, nə çox, düz əlli ildən artıqdı təhsillə, elmlə bağlı sahədə çalışıram. O vaxtla indinin arasında yernən-göy qədər fərq var. Təsəvvür edin, Kürdəmirdən gəlmiş, arxasız-dayaqsız Qara adlı bir oğlan Bakıya gəlişinin on ili tamam olmamış universitet oxudu, aspirantura bitirdi, Moskvadan belə dolanıb, elmlər namizədi dərəcəsi almaq üçün rusca müdafiə elədi. İndi, belə şeylər get-gedə azalır. Uzağa niyə gedirik? Götürək elə öz ailəmi. Böyük oğlum biologiya fakültəsini bitirib. Onda sovet vaxtıydı. Sonra aspiranturaya girdi. İkinci kursda oxuyanda ailə qurdu. Az keçdi, SSRİ-də də aləm qarışdı. Oğlum elmin dalınca getmədi. Mənim qarşımda da elə səbəblər göstərdi ki, cavab tapammadım. Dedi ki, ay ata, əvvəla razı ola bilmərəm ki, mən dura-dura sən uşağıma yemək, pal-paltar alasan. İkincisi, bax, sən ömrü boyu həyatını elmə həsr eləmisən, axırını da görürük necədi. Mən belə həyatı istəmirəm. Üçüncüsü və ən vacibi, mənnən yüz il də bundan sonra Qara Mustafayev çıxmayacaq. Sənin şövqün, çalışqanlığın, istedadın məndə yoxdu. Qaldım məəttəl. Sonra gördüm, doğrudan dünyanın mənzərəsi tamam dəyişib. Ticarətlə məşğul olanlar bir-iki dəfə xaricdən mal gətirməklə mənim bir ayda qazandığımdan qat-qat artıq gəlir götürürlər. Buna alışan insan elmin dalınca düşərmi?

- Demək, mənəvi ekologiyamız əməllicə pozulub. Bəs bizi əhatə edən ətraf mühitin ekologiyası nə vəd edir? Çünki müxtəlif fikirlər səslənir. Doğrudanmı nikbinliyə əsas yoxdu?

- Qəliz məsələyə toxunduz. Alimlərin qənaətinə görə, ikinci minilliyin tamamınacan dünyanı biosfer idarə edib. Bu yüzillikdənsə biosferin təsiri insanın birbaşa müdaxiləsi hesabına dəyişib. Bilirsiz, toxunduğum məsələ görünüşcə sadə olsa da, bir sıra elmi izahlarla açılmasına zərurət var. Bizimsə əl boyda söhbətimizdə bütün bunlardan danışmaq mümkünsüzdü. Bir onu deyim ki, axır vaxtlarda Rusiyada görkəmli bir alimin kitabı çıxmışdı. Onun əhalinin ən müxtəlif təbəqələri arasında keçirdiyi sorğunun nəticələri adamın matın-qutun qurudurdu. Təsəvvür edin, texnika elmləri namizədindən soruşurlar ki, filan balıq növünün qorunmasına ehtiyac varmı? Deyir, bir şərtlə ki, onu mütləq sonradan tavada bişirmək olsun. Rəyi soruşulanların əksəri vəhşi heyvanlarla bağlı demək olar, birmənalı cavab veriblər: hamısını qırmaq lazımdı. Yəni təbiətdə nə şir qalmalıdı, nə pələng. Nə varsa, hamısından istehlakçı marağıyla istifadəyə meyl dəhşətdi. Mən sizə bir şey deyim ki, doğrudu, insan yer üzünün ən ali canlısı, əşrəfi sayılır. Bununla belə, cəmiyyət zibillənə-zibillənə inkişaf edir, təbiətsə əksinə, təmizlənə-təmizlənə. Üstəlik, təbiətdə hər şey təbii seçmə yolu ilə nizamlanır, zəhmətsiz mövcud olmaq, zəifkən yaşamaq mümkün deyil. Və bəzən biz hansısa aciz heyvanın özündən güclünün şikarına çevrilməsinə ürək ağrısıyla baxırıq. Bəs həyatda, cəmiyyətdə? Hansısa insan daha təmtəraqlı yaşamaq, var-dövlətə sahib olmaq üçün digərinin haqqını tapdalamırmı; zorla qoparıb əlindən almırmı? Bəs hanı ədalət, sivil bölgü? Ona görə təbiətə dilsiz-ağızsız, ölçü-biçisiz kimi baxmaq səhvdi. Təbiətdə heç nə itmir və insan onu özünə ram edə bilməz. Bu heç zaman elə-belə, yəni fəsadsız bitən deyil... Söhbət çoxdu ey. Bilmirsən, nədən başlayıb, nədə qurtarasan...
Biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Ekologiya kollegiyasının üzvü, Azərbaycan Zooloqlar Cəmiyyətinin vitse-prezidenti, zoologiya ixtisası üzrə Müdafiə Şurasının həmsədri, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü... və daha neçə-neçə titulların, vəzifələrin sahibi, nəhayət, inşallah ilin sonunda 79 yaşını tamamlayacaq Qara müəllimlə söhbətimizi burdaca bitirmək məcburiyyətindəyəm. Görüşümüzdən yadigar kimi mənə bir neçə kitabını bağışlayan, üzü nurlu, ağzı dualı, könlü havalı müdrik insanla sağollaşmaq heç ürəyimcə deyil. Dilindən daha bir-iki şey qopara bilsəm qənimətdi. Əvəzində əməkdar elm xadimi fəxri adına bu günədək layiq görülməsə də "qadası, buna da şükür" deyib, həyata nikbin gözlə baxan, zarafatından qalmayan qocaman alimə sonda təsəlliyə bənzər bir söz demək lazım gəlir: Sizin ən böyük adınız sevilə-sevilə "bizim Qara müəllim" deyə çağrılmağınızdı. Belə bir adısa xalq verir, özü də yalnız sevdiyi insana...

Seymur Elsevər
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2005

Oxşar yazılar