“Güzgü” mistik trillerinin tanıtımı keçirilib
13 may 2010 15:30 (UTC +04:00)

“Güzgü” mistik trillerinin tanıtımı keçirilib

Bu gün "R-Clan Cinema"nın ekranlaşdırdığı "Güzgü" mistik trillerinin tanıtımı üçün hazırlanan 4 trillerin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, filmin ssenari müəllifi və rejissoru Ramil Adiloğlu, görüntü rejissoru isə Dadaş Adna, əsas qəhrəman obrazlarını yaratmış Samir Xəttab, Zaur Əlioğlu və filmin icraçı prodüseri Pənah Eldaroğlu jurnalistlərin suallarını cavablandırıblar.

Filmin süjet xətti haqda ətraflı məlumat verən rejissor bildirib ki, Azərbaycanda ilk qorxu filmi çəkmək onlara nəsib olub və komanda olaraq ilk irimetrajlı film ərsəyə gətirmək ən böyük uğurlarıdır. "Region TV"nin dəstəyi ilə ərsəyə gələn "Güzgü", adından da göründüyü kimi, güzgü ilə bağlı yaşanan hadisə ilə bağlıdır. Film, Toğrul adlı qəhrəmanın qardaşı Samirin ölümü ilə başlayır. Bəd xəbəri eşidər-eşitməz Toğrul yaşadığı Rusiyadan vətəni Azərbaycana geri dönməyə məcbur olur. Dindən-imandan uzaq, ruslaşmış bu insanı qardaşının şəriətə uyğun olmayan şəkildə, xristian qəbiristanlığında dəfn olunması qətiyyən narahat etmir.

Qonşusunun ən azından “Yasin” oxutması fikirlərinə belə çox etinasız yanaşan qəhrəmanın sonrakı həyatı mistikasız keçmir. Məsələn, qeyri-adi bir varlığın gecələr onun gözünə görünməsi, qardaşının tam fərqli əksi, ölüm səhnələrinin güzgüdə əks olunması kimi.

Bu xoşagəlməzliklərin səbəbkarı kimi güzgü satıcısını görsə də, sonradan əsl səbəbin dinə zidd işlərinin olması aşkarlanır. Müxtəlif qorxu yaradan dəhşətli səhnələrin təkrarlanmasından sonra film, Toğrulun qardaşının məzarı başında ruhuna “Yasin” oxutması ilə sonuclanır.

Əsas rollarda Samir Xəttab, Zaur Adiloğlu, Samirə Əhməd, Mir Mövsüm Səid, Sahib Cumayev və digərləri, ümumilikdə isə 17 aktyor çəkiliblər. Çəkilişləri ötən ayın sonlarında tamamlanan ilk milli qorxu filmi artıq tam hazırdır. "Güzgü"nün geniş tamaşaçı kütləsinə nümayişi, iyunun ikinci ongünlüyündə Bakıda, Heydər Əliyev adına Sarayda planlaşdırılır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar