Adil Mirseyid yazır: “Fudziyama – səkkiz ləçəkli lotos”
30 oktyabr 2012 10:17 (UTC +04:00)

Adil Mirseyid yazır: “Fudziyama – səkkiz ləçəkli lotos”

Sənətşünas Aydın Talıbzadə mənim mütəvazi yaradıcılığım haqqında gözəl bir esse yazıb və qələmə aldığı esseni “Fudzi dağının sakini və ya bənövşəyi İçərişəhər” adlandırıb.

Aydın yazır: “Bir gün Fudzi dağında onunla rastlaşdığım zaman Adil Mirseyid mənə dedi ki, milyon ildi buluddu, hara getsə axırda yenə qayıdır Buddanın yanına. Mən inandım və dinmədim. Çünki bilirdim ki, Budda öz şeirlərini buluda yazır və onları şair qismində göndərir yer üzünə. Və biz də hərdən qəfil ayılıb görürük ki, yanımızdan bulud adamlar yeriyir, tanış və naməlum...” (“Azadlıq” qəzeti, 12 sentyabr 2000)

Yolunuz Yaponiyaya düşsə hər yapon evində Fudzi dağının fotosuna, ya da rəsminə rast gələcəksiniz. Fudzi tanrısı yaponlar üçün sədaqət rəmzidi. Hər il iyun ayında onun şərəfinə Ximaquri bayramı keçirilir, minlərlə insan müqəddəs dağa ziyarətə gəlirlər, burda böyük tonqallar yandırırlar, tonqalların ətrafında şənlik edirlər. Fudzinin ən yüksək zirvəsində qədim məbəd göylərə meydan oxuyur. İndi qədim sintoist məbədi ilə yanaşı metroloji stansiya fəaliyyət göstərir.

Fudzi və ya Fudziyama Yaponiyanın ən gözəl dağlarıdır, yüz illərdi rəssamlar və şairlər bu müqəddəs məkanı sevə-sevə vəsf edirlər, ilin doqquz ayı zirvəsində qar əriməyən dağlar ilin hər fəslində ecazkar gözəlliyi ilə insanı məftun eləyir.

Əfsanəyə görə, Fudzi bizim eradan əvvəl 286-cı ildə bir gecədə peyda olub, həmin gecə yer yarılıb və Yaponiyanın ən böyük gölü Biva gölü meydana gəlib.

Fudzi ilk dəfə Xokkaydo adasının aborigenləri sayılan ayni qəbiləsi tərəfindən ilahiləşdirilib. Ayni qəbiləsi dağa sitayiş etdikləri od Tanrısının adını veriblər. Bəli, Fudziyama od Tanrısıdı. Aynilər indi də adanın şimalında yaşayırlar. Ayni qəbiləsindən olan kişilərin boyu orta statistik yaponların boyundan on santimetr fərqlənir - aynilər yaponlara nisbətən baha uca boylu insanlardı. Aynilər əcdadlarının Altaydan gəldiklərinə əmindirlər, zatən onların adət ənənələri də fərqlidir.

Qədim əfsanəyə görə, yer üzündə Konaxana adlı bir ilahə yaşayırmış. Konaxana dünyanın ən gözəl qızıymış, bir dəfə necə olursa, günəş tanrısı Amaterasın nəvəsi Niniqino gözəllər gözəli Konaxananı görür və ona aşiq olur. Konaxana sevgilisinin bir baxışından hamilə qalır, amma qızın and-aman eləməsinə baxmayaraq, Niniqino onun bakirəliyinə inanmır. İlahə üç oğul doğur, sonra evini yandırır, amma Konaxana və oğulları odun-alovun içindən sağ-salamat çıxırlar. Ev yanıb külə dönür, ana və uşaqlar sağ qalırlar, bunu görən Niniqino peşman olur, onlar evlənirlər, birlikdə xoşbəxt ömür sürürlər. O zamandan Konoxanaya Fudzi, yəni “od” adı verirlər.

Alimlərin gəldiyi qənaətə görə, əslində Fudzi dağ deyil, vulkandır. Salnamələrdə deyilir ki, Fudziyama on səkkiz dəfə oyanıb ətrafa alov püskürüb. Fudziyamanın ən güclü oyanmaları 800, 864 və 1707-ci illərə təsadüf edir. 1707- ci ildə Fudziyamadan yüz əlli kilometr uzaqlıqda yerləşən Tokio on beş sm küllə örtülüb. Fudzi dağının şimalında beş göl var, bu göllərdən birində dağın zirvəsi hər zaman aynada görünürmüş kimi görünür. Deyilənə görə, səkkiz ləçəkli lotos çiçəyinə bənzəyir. Yapon şairlərinin təbiri ilə desək - Yaksudo – Fuyo – Fudziyamanın səkkiz ləçəyi...

Şərq mifolojisində lotosun xüsusi önəmi var, belə ki, lotos insanoğlunun mənəvi kamilliyə doğru gedən yolunda üç mərhələni özündə ehtiva edir...

Hər bir yapon insanı heç olmasa ömründə bircə dəfə Fudzi dağını fəth etməyi öz mənəvi borcu sayır, qədimdə aylar öncəsindən bu mərasimə hazırlaşırdılar, zəvvarlar ağ libas geyərdilər, özləriylə bir neçə cüt ehtiyat ayaqqabı götürərdilər, hər zəvvara bambukdan əl ağacı və kiçik zınqırov verərdilər. Dağın zirvəsinə çatan zəvvarlar vulkanın krateri yaxınlığında tikilmiş məbəddə dua edirdilər, unutmayaq ki, bu məbədin iki min illik tarixi var, yapon inancına görə Fudzi Göyün və Yerin başlanğıcıdır.

Fudzi dağının ətəyində Aokiqaxara meşələri yerləşir Aokiqaxara intihar cəhdində bulunan insanların son mənzilidir. Əlli il əvvəl Yaponiyada çap olmuş bir bestsellerin qəhrəmanı bu meşədə özünü öldürür, sonralar bu roman ekranlaşdırılıb, o zamandan bizim günlərimizə qədər yüzlərlə insan bu meşədə intihar edib.

Bütün səmavi dinlərdə intihar böyük günah sayılır. Sintoizm intihar olayını ağır
vəziyyətdən şərəfli çıxış yolu kimi səciyyələndirir.

Son illərdə Aokiqaxarada intihar edənlərin sayı yenə artmaqdadır, xüsusi polis dəstələri Aokiqaxarada keşik çəkirlər, amma intihar olaylarının qarşısını almaq mümkün olmur...

XII əsrdə yaşamış şair Sayqonun tankasını (Tanka beş sətirdən, otuz bir hecadan, 5-7-5-7-7 klassik şeir forması) xatırlayaq:

Fudzinin zirvəsindən

qalxan tüstü

gülləyə qarışıb qalxır səmaya

və ansızın qeyb olur...

Sanki yol göstərir mənə.

Fudzi ilin hər fəslində gözəldi, amma bu müqəddəs dağlar sakura (yapon gavalısı) çiçəkləyən zaman tamam başqa bir aləm olur...

***

Utomoronun rəsmlərinə baxıram, Utomoronun rəsmlərində Ay doğub, Fudzi dağı Ay işığında gülümsəyir.

Mən Budda kimi oturub Aya baxıram və düşünürəm ki, bir gün bu dünyadan uçub gedəcəm, o gün uzaqda deyil, bunu bilirəm.

Və bir gün geri dönəcəyimə inanıram, bir gün geri dönsəm Fudzi dağında rahib olaram, - hayku yazaram, sake içərəm...

Ey bədirlənmiş Ay, cavab ver mənə - Fudzi dağlarında saat neşədir?...
# 1836
avatar

Adil Mirseyid

Oxşar yazılar