Aysel Əlizadə yazır: “Sevgi göyərçini uçurdunuzmu heç...” - ALTINCI MƏKTUB
23 oktyabr 2012 23:46 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Sevgi göyərçini uçurdunuzmu heç...” - ALTINCI MƏKTUB

Layihə: OXUCUYA MƏKTUB

“Altıncı...” yazdım və dayandım. Beynimdən nələr keçdi, bir bilsəz.
Çexovun “Altıncı palatası”, Anarın “altıncı mərtəbəsi”, Satananın (Şeytanın) 3 altısı, altıncı hiss, ezoterik anlamda yerin altı günə yaranması, bioloji anlamda 6 aylıq körpənin artıq doğuma hazırlığı. Altı! Təxmini qürub çağı, təxmini axşam çağı.

İli ikiyə bölürsən altı edir, sutkanın dörddə biri (1/4) altıdı. Numerologiyaya görə, bu rəqəm Veneranın himayəsi altındadı və ən cazibədar adamların simvoludu. Mistik mənada qadın və kişi başlanğıcının çarpışmasını, harmoniya və ziddiyətini, bölünməzliyin kosmik qanunlarını ifadə edən rəqəmdi. Mendeleyev cədvəlinin 6-cı elementi (karbon) bütün liflərin, üzvi birləşmələrin tərkibində var. 6 yeganə rəqəmdi ki, tərsinə çevirəndə başqa rəqəm olur. (9 və 6 arasındakı bağ haqda da düşünmək mümkün)

Aranızda rəqəmlərin mistikasına inanan varmı? Yəqin, var. Məsələn, bu yazını yazarkən ancaq mənə aid olan, “uğurlu rəqəmimdi” deyə biləcəyim konkret bir rəqəm ağlıma gəlmədi. Hər rəqəmin bir tarixçəsi var həyatımda. Tutaq ki, qızımın doğum günü mənimçün ən müqəddəs rəqəmdi. 10! Ancaq altıyla bağlı da xatirələrim var. Bu ilin altıncı ayında həyatımda qəribə bir dönüş oldu. Məsələn, 6 il əvvəl ayın altısı evlilik günüm idi. 6 yaşımda xroniki astma təhlükəsini adlamışam. Doğum günüm yanvar ayının üçüdü. Üst-üstə gələndə 6 alınır.

Bu altılıqların içində heç vaxt xəyanət etməyəcəyim bir 6 var. 6-cı hiss–İnstinkt. Nikolay Qumilyov Tanrıya sual verdi bir zamanlar. “Əsrlərdi təbiətin, sənətin neştəri altında altıncı hiss üçün orqan doğuraraq güc veririk, ruhumuz inildəyir, bədənimiz üzülür, gücdən düşürük. Hələ çox qalıbmı, Tanrım?”

Çox qalıbmı?

Altıncı hissi yaşadır şair. Kosmik, havalı bu hissi yox olmağa, itməyə qoymur. Bir şairdən, o birinə ötürülür proses, duyğuları yaşadır şeir... İnsanlığın ən təmiz, ən duru yerini qoruyur.

Altıncı hiss itidi, doğrudu, doğmadı. Ürəkdi bu hissin orqanı. Altıncı hiss işə düşəndə, “ürəyimə damır” deyirik. Sular qayalardan süzülüb keçdiyi kimi, altıncı hiss kosmosdan aldığı xəbəri bədənimizdən keçirib ürəyimizə damızdırır. Altıncı hiss azadlığın hissidi. Bu həm də arzuların duyğusudu. Bu həm də həyatı olduğu kimi, səmimi ifadə edən yeganə duyğudu.

Ancaq ona çox bağlanmaq olmaz. Ortam səni anlamaz. Çünki həqiqət altıncı hissindən əbədi imtina etmiş sivilizasiya üçün təhlükəlidi. Çünki o, özünə texniki duyğular yaradıb. Sənin həqiqi hissin onun texniki duyğularını faş edə bilər. Həqiqətin yanında saxtakarlıq açıq-aydın üzə çıxar. Və onda səni “altıncı palataya” qapayıb həqiqətinlə baş-başa buraxarlar. Və bu zaman həqiqət sənin özünü məhv edər. Harda və nə üçün olduğunu anladıqca gəbərərsən...

Hə, bizim bu” altıncı” belə bir nadinc duyğudu.

Çıxış yolu var. Altıncını sevimli və faydalı etmək, rahatlığa xərcləmək mümkündü.

Gözlərinizi yumub, “səni sevirəm... darıxıram...” dedinizmi heç? Sınadınızmı bunu? Altıncını çağırın, yaxşı bir musiqi tapın və ... Sizi inandığınız müqəddəsə and verirəm, sözlü musiqi olmasın. Klaydermanın ifası, ya Kanny G, ya Matsui... Siz seçin. Təki söz düşüncə şəklini ala bilsin. Dodaqları sadəcə yummaq gərəkdi bəzən. “Ruhuyla, ruhumuzla danışmaq” lütfündə bulunmaq gərəkdi bəzən.

Gözlərinizi yumub , Ona bir “sevgi” göyərçini göndərin xəyalən, bir “darıxıram” buludu yollayın... dodaqlarınızı yumub cavab gözləyin, mütləq gələcək.

Çünki “6” qadın- kişi tamlığının bölünməzliyini ifadə edən rəqəmdi. Qadın-kişi inisialıdı. Ona içinizdəkilərdən danışıb, nə varsa deyin, göylərə ötürün, əmin olun, duyacaq. Qəlbiylə eşidəcək və sizə cavab göndərəcək.

İndi bir kağız, bir qələm götürün, lütfən. “6” yazın, göylərdən yol alıb yenə özünə qayıtmırmı..?
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3401
avatar

Aysel Əlizadə

Oxşar yazılar