Fevralın 16-da 85 yaşı tamam olan Xalq rəssamı Fazil Nəcəfov sənətin avanqard istiqamətində açdığı yolla Azərbaycan heykəltəraşlığını bir neçə pillə yüksəklərə qaldırmış tişə ustalarındandır.
Canlı tarixdir. Azərbaycan incəsənətinin yarım əsrdən artıq bir dövrdə inkişafına şahidlik edib.
Ən əsası...
Fazil Nəcəfov ömür boyu sənətin mənafeyini güdən, onu pula, şana, şöhrətə qurban verməyən müstəsna sənətkarlardandır.
Onunla Bilgəhdəki bağında görüşdük. Həyət boyu ustadın tişəsindən çıxan qeyri-adi, füsunkar heykəllər ucalırdı. Elə bil açıq səma altında muzeydəydik. Havanın mülayimliyini fürsət bilib elə həyətdə, bu əsrarəngiz heykəllərin əhatəsində danışdıq. Düzdür, 85 yaşlı bir adamla söhbət etmək bir qədər çətindir, bir də görürsən onun demək istədikləri ayrı olur, sənin soruşmaq istədiklərin ayrı... Ancaq müsahibə boyunca çalışdım ki, söhbəti onun xarakterini bizə açan, onu bir şəxsiyyət kimi bizə göstərən istiqamətə yönləndirim. Ki, bu böyük sənətkarı hamımız yaxından tanıyaq.
Çünki buna borcluyuq...
Xalq rəssamı Fazil Nəcəfovun APA-ya müsahibəsi
- Bütün il boyu bağda yaşayırsınız?
- Hə. Mən həmişə şəhərdən qaçmışam. Cavan vaxtı da emalatxanamda gizlənirdim, o ayrı. Ancaq elə ki, XXI əsr girdi, mən gördüm bu hayana gedir və qeydlərimdə yazdım ki, saxlayın bu qatarı, düşüm. Bu cür inkişaf, XXI əsrin gətirdiyi hay-küy mənə gərək deyil.
- Bir zamanlar Siz də avanqard idiniz. Necə olur ki, indi avanqardı, moderni bəyənmirsiniz?
- Onda gəl aydınlaşdıraq görək avanqard nədir, mənəviyyatın korlanmağı nədir? Mən o avanqarddan deyiləm. Müasir incəsənəti bəyənirəm, əgər incəsənətdirsə. Çox qəliz məsələdir. Mən bir neçə nümunə gətirəcəm, siz axırda mənim nə demək istədiyimi başa düşəcəksiniz. Bir dəfə mənə dedilər ki, Avropada bir rəssam var, bərkgedəndi. Soruşdum nə işlər görür? Dedilər, nəcisini konserv qabına doldurub, neçə milyona satır.
- Elə rəssam olub, eşitmişəm.
- Deməli, alınır. Bu bir nümunə. Amerikada neçə il bundan əvvəl zalların birində bir iş görmüşdüm. Lüt adam heykəli. Tüklərinə kimi oxşadıblar, elə bil canlı insandı, sadəcə, boyu çox ucadı, hardasa 4 metr.
- Hiperrealizm?
- Adını nə qoyursunuz-qoyun. Oturub bir küncdə. Bu da bir sənət nümunəsi. Ondan qabaq da bir Marsel Düşamp vardı. Unitazdan heykəl eləmişdi. O da böyük hay-küy yaratmışdı.
- Düşampın pisuarı sərgidə nümayiş etməsini bir avanqard kimi necə qarşılamışdınız?
- Pis.
- Axı Siz də avanqard olmusunuz. Bu hesabla Düşampın fəlsəfəsi Sizə ilham verməli idi.
- Yox. Məni doğrudan yanlış başa düşürlər. Məni hər yerdə avanqard kimi təqdim edirlər, düzdür... Mən Bakıya gələndə burda heykəltəraşlıq qəbiristanlıq səviyyəsində idi. İnstitutda heykəltəraşlara “lipit” eləməyi necə öyrətmişdilər, onunla da yaşayırdılar. Onların işində sənət yox idi. Yalandan fiquru adama oxşadır, yaxşı pul qazanırdılar, vəssalam. Bəs modeli sənətə çevirmək üçün nə lazımdır? Model heykələ nə zaman çevrilir? Ən çətini bunlardır.
- Fazil müəllim, 1962-ci ildə abstraktsionistlərin Manejdə keçirilən sərgisində iştirak edən Xruşşov işlərə baxıb demişdi ki, bu, sənət deyil, üstəlik onları təhqir də eləmişdi. Bundan sonra sərgi dağıdıldı, avanqard sənət təqib olunmağa başladı. Həmin hadisə Sizə necə təsir etdi? Onda Siz institutu bitirib artıq qayıtmışdınız, yoxsa hələ Moskvada idiniz?
- Mən o vaxt artıq Bakıdaydım. Onların başçılarından biri heykəltəraş Ernest Neizvestnı idi. Məndən bir neçə kurs yuxarıda oxumuşdu. O, məni Moskvada saxlamaq istəyirdi. Əlində böyük sifarişi var idi. Artekdə düşərgə tikirdilər. Ernest mənim emalatxanama gəlib işlərimi bəyənmişdi, təklif edirdi ki, qalım, bir yerdə işləyək. Mən də əvvəlcə götür-qoy elədim, amma sonra Bakıya gəldim. Mən bilirdim ki, Moskvadakı işimin axırı hara gedib çıxacaq. Doğrudan da, mənimlə oxuyan uşaqlar ki, vardı, artdılar, qabağa getdilər, akademik oldular.
- Ancaq sənətləri olmadı?
- Yox, olmadı.
- Bəs, o hadisəni eşidəndə reaksiyanız necə oldu?
- Mən o hadisəni xüsusi izləmirdim. Sadəcə, bilirdim ki, belə şey baş verib.
- Bəs Sizi təqib etmədilər?
- Cərəyan mənəviyyatla bağlı olanda onun qabağını heç nə ala bilməz. Təsəvvür edin, Xruşşov Ernest Neizvestnını söydü, amma sonra vaxt gəldi, öldü, onun qəbir daşının sifarişini Ernestə verdilər. Bax, bu da taleyin ironiyası (gülür).
- Bakıya gələndən sonra burda Sizə sifariş verirdilər?
- Verirdilər. Əksinə, Bakıda heykəltəraşlıq mühafizəkar idi, təzəlik xətrinə mənə iş verirdilər. Məni çağırdılar ki, Aktyorlar Evinin fasadını düzəldim. Mən də çırmanıb o işə başladım. Mənim avanqardizmim nə idi? O konserv bankası nə idi? Bunlar bir-birinə tamamilə tərs işlərdir. Mən Azərbaycan heykəltəraşlarını qəbiristanlıqdan çıxarmaq istəyirdim.
- Çıxara bildiniz?
- Yox, onlar çıxan deyillər. Çünki onun üçün başqa enerji lazımdır. Onlar işləyib akademik olurdular. Mənim birinci məqsədim o idi ki, heç bir akademiklik-filan olmaz. Bu ölkədə akademik oldun, poqonların oldu, sənətdən ayrı düşürsən. Atı ki, arabaya qoşdular, o artıq qaçan at olmur.
- Sizsə özünüzü sənətə verdiniz.
- Bəli. Həmişə də ətrafımda rəssamlar olub, heykəltəraşlar yox, rəssamlar.
- Mircavad və Tofiq Cavadov qardaşları ilə, Rasim Babayevlə dostluq etmisiniz.
- Hə, elədir.
- Onlarla Abşeronun hələ kəşf olunmamış yerlərinə səyahətləriniz olub. O axtarışların məqsədi nə idi?
- Rəssam ömür boyu gəzsə də, yenə azdır. Ona görə də biz Rəssamlar İttifaqından piyada çıxıb Qurd Qapısına gedir, ordan piyada Lökbatana üz tuturduq, sonra da Qobustana gedirdik. Çoban itləri dalımızca düşürdü. Orda Abşeronun təbiətini, Abşeron daşının xüsusiyyətini öyrənirdik. Abşeron daşı yerdən çıxan və gün udan daşdır.
- Bu daşdan ən çox nə cür heykəllər düzəltmək olar?
- Hər şey.
- Mənə elə gəlir Abşeron daşı bir az tez ovulur, yox?
- Yox. Düzdür, bir az yumşaqdır, ancaq təbiətlə əlaqəsi başqa daşlara baxanda daha çoxdur.
- Adətən, kimlər bu səyahətlərdə iştirak edirdi?
- Mən, Rasim, Mircavad, Tofiq. Bir neçə dəfə Toğrul (Toğrul Nərimanbəyov – M.A.) da bizimlə gedib.
- Tofiq sonra Moskvada qatarın altına düşdü.
- Hə, mən də onda Moskvada idim. Faciəvi hadisə idi.
- Mircavadı niyə qəbul etmirdilər?
- Mircavad hay-küylü, yarızarafat, yarıciddi sözünü deyən idi. Qardaşı isə sakit idi, əl vurma, qoy işləsin. Bir də ki, Mircavadın o cür bazası yox idi, elə ciddi təhsili olmayıb.
- Buzovnada yaşayanda Mircavadın bitum və betondan hazırlanmış nəhəng heykəlləri varmış. Görmüşdünüz? Sonradan it-bat oldu.
- Mircavad Buzovnada qalan vaxtı mən Bakıda deyildim. Özü də mən onda heykəl görməmişəm, Mircavadın əvvəlki işləri çox yaxşı idi. Adamı cuşa gətirirdi. Ancaq mən daha çox Tofiqə yaxın idim.
- Fazil müəllim, deyəsən Sizə hər şeyi bəyəndirmək olmur. Bakıda ucalan heykəlləri necə bəyənirsiniz?
- Var, içində yaxşıları var. “Nizami” lap əvvəldən qoyulanlardandır, həm də ən yaxşısıdır.
- Füzulinin heykəli necədir?
- “Füzuli” ondan pisdir, ancaq yəqin camaatın xoşuna “Füzuli” gəlir. “Nizami”nin heykəlində hər şey oxunur, daxili aləmi də orda əks olunur. Qayıdaq mənim yaradıcılığıma. Mən istəyirdim heykəltəraşlığa Şumerlərdən gələn ənənəni, onlardan sonra İran-zərdüştlük ənənəsini, Misir, ilkin yunan heykəltəraşlıq ənənələrini qaytarım. Daşda nəyi atıb, nəyi saxlamağı bilmək çox vacibdir.
- Amma Sizin də Qara Qarayev heykəlinizi tənqid edənlər olub.
- Onlar mənim qədər oxusaydılar, o heykəllə nə demək istədiyimi başa düşərdilər. Onlar heykələ belə primitiv şəkildə baxırlar ki, bunun ayaqları, qolu necə oldu?
- Bəlkə o heykəllə nə demək istədiyinizi izah edəsiniz, bilməyənlərə də aydın olsun?
- Qara Qarayev başdan-ayağa musiqiçi idi. Onun əsərlərinin dili də başqa bəstəkarlar kimi asan deyildi. Bethoven kimi ona da musiqi ideyası gələndə hər şeyi unudub özünü royalın arxasına verirdi. Elə bil onun enerjisi-ilhamı kosmosdan gələn meteor idi. Mən də bunu ifadə etmək istəyirdim. İkincisi, mən istəyirdim ki, böyük bir qranitə bu ideyanı oturdum, daşın bir tərəfində onun əsərlərindən, “Don Kixot”dan fraqmentləri, digər tərəfində köhnə Bakıdan evləri göstərim. Siz mənə deyin, hansı heykəlin dalında da işləmələr var? Bütün heykəllərdə fiqurlar standart formada oturur, uzağı bir ayaqları o biri ayaqlarının üstündə olur. Hamı da bu cür heykəlləri bəyənir. Bəs mənim vermək istədiyim enerjini niyə bəyənmirlər?
- Bəlkə bizim heykəltəraşlıq anlayışımız onu anlayacaq səviyyəyə gəlməyib?
- Mən də bunu deyirəm. Mən o daşı meteor parçası kimi düzəltmişəm, fiqur daşın içinə girib, ona görə mən əlini ayrı, başını ayrı vermişəm.
- Sanki meteor kimi parçalara ayrılıb.
- Bəli. Mən o daşın hər tərəfindən istifadə eləmişəm, hərəsi də müxtəlif texnikalarda işlənib. Sadəcə, o heykəlin pis tərəfi odur ki, memar onun dörd tərəfinə də “Qara Qarayev” yazıb. Bu da çox provinsial görünür. Bircə qabaqdan yazılsaydı, bəsiydi, o da indiki kimi yox, balaca şriftlə.
- Bəs Sizi nə zaman başa düşəcəklər?
- Heç vaxt.
- Diplom işini hazırlayanda da müəlliminiz başa düşməyib, deyib işlərini məhv elə.
- Hə, diplom işimi təqdim edən zaman belə bir hadisə oldu. Diplom rəhbərim yaxşı müəllim idi. Ancaq mənim gördüyüm iş onun “yem”i deyildi. Baxdı-baxdı, dedi, yarım litr iç, bu fiqurları sındır, onda diplom alarsan, yoxsa skandal olacaq. Eləmədim, komissiya da gəlib işlərimə baxıb hirsləndi. Komissiyanın bir nümayəndəsi vardı, dedi ki, bu adam bizdən beş istəmir, bir dənə üç alıb getmək istəyir ki, gedib Bakıda öz bildiyini eləsin. Mən də diplomumu almadan institutdan çıxıb gəldim.
- Belə başa düşürəm ki, heç vaxt şan, şöhrət, vəzifə dalınca qaçmamısınız. Bəlkə buna görə Xalq rəssamı adını da 65 yaşında almısınız.
- Bu, sovet hökumətindən qalma şeydi. Dünyanın heç bir ölkəsində fəxri adlar yoxdur. Stalinin vaxtında rəssamları, yazıçıları nəzarətdə saxlamaq üçün yaradıcılıq təşkilatları yaratdılar, o mükafatları da bunun üçün təsis etdilər.
- Sovet dövründə də mükafat almamısınız?
- Yox, almamışam. Sovetlərin axır vaxtlarında Moskvadan qızıl medal yollamışdılar ki, bunu heykəltəraşlıq bölməsində kim layiqdirsə, ona verin. İclasda kimsə dedi ki, Fazil Nəcəfova verilsin. Hamı razılaşdı. Mən də dedim bir dəqiqə dayanın, istəmirəm. Mənim “yox” deməyim bunlara çatmadı (gülür).
- Heç indi də çox adama çatmaz.
- Çatmayacaq. Onlara dedim ki, bu medal Vuçetiçin (sovet heykəltəraşı Yevgeni Vuçetiç – M.A.) adınadır. O da kombinat, yəni “ştampovka” heykəltəraşıdır. Mən onun adına olan medal istəmirəm.
- Yaradıcı adam kimi hər zaman daxili azadlığınızı qorumağa çalışmısınız.
- Yaradıcılıqla məşğul olmaq üçün mütləq azadlıq gərəkdir. Mən hələ cavanlığımdan bu cür düşünmüşəm. Bütövlükdə yaradıcılıqla məşğul olmaq üçün gərək maddi ehtiyacın az olsun, ayağını yorğanına görə uzatmağı, nəfsinə sahib çıxmağı bacarmalısan. Mənim, sadəcə, bəxtim onda gətirdi ki, Moskvadan gələn kimi yaxşı emalatxana verdilər. Mən də qapını bağlayıb bütün günü yaradıcılıqla məşğul olurdum. Qonşu emalatxanadakı heykəltəraşlar da inciyirdilər ki, Fazil gəlib-getmir, məclislərimizə qoşulmur. Mən çox nəzakətlə imtina edirdim.
- Bütün enerjinizi yaradıcı axtarışlara vermisiniz.
- Bəli. Çünki bunlarla düz gəlmirdim. Mən medaldan qaçırdım, bunlar isə hamısı medallara can atırdılar. Düzdür, mən də almışam. Tusi və başqa mükafatlar almışam. Ancaq onlar məni heyrətləndirməyiblər.
- Bu yaxında da 85 illiyinizlə əlaqədar “Şöhrət” ordeni ilə təltif edildiniz.
- Yaxşı ki, orda avanqardizmin əsasını qoyan heykəltəraş kimi qeyd edilmişdim. Onunla razıyam.
- Amma siz artıq klassik sayılırsınız.
- Hər şey sonra dönüb klassik olur. Belə çıxır ki, indi mən klassikəm.
- Müasir İncəsənət Muzeyində də sizin əsərləriniz çox yer alır.
- Bəli, çoxdur. Yeri gəlmişkən, ora yarananda xeyli əsərimi aldılar. Bu da mənə maddi cəhətdən böyük kömək oldu.
- Hazırda hansı əsər üzərində işləyirsiniz?
- Axırıncı işim həyətdə örtüyün altındadır. Hələ tamamlanmayıb. “Dəliliyin rəqsi” adlanır. Çünki dünya dəli olub. Baxın, bu qədər ev tikilir, özü də çox vaxt başqasına zülm verməklə. Pul verir, amma zorakılıqla o evi səndən alır, yerində özü üçün bina tikir. Çox vaxt o evlərdə heç qalan olmur. Heç o boyda evə ehtiyacı yoxdur, amma tikib. Hər bir canlı hüceyrədə, hər bir orqanizmdə Allahın verdiyi müəyyən ehtiyac hissi var, ondan artığını işlətmir. Dovşan da, siçan da elədir, bir balaca yuvası var, vəssalam.
- Bircə insan bilmir ona nə boyda yuva lazımdır.
- Qabaq bilirdi. Mən müharibə görmüşəm. “Təzə Pir” tərəfdə olurduq. İki balaca otaqlı, pəncərəsiz, rütubətli evimiz vardı. Hamı qonşular da belə yaşayırdı. Paxıllıq yox, münasibətlərsə çox səmimi. Qonşu ölürdü, evi boşalırdı, heç kəsin ağlına gəlmirdi ki, gedib onu tutsun. Mən bunlara şahidəm. İndi elə evlər tikirlər ki, elə bil saraydı. Axı, bir adama yaşaması üçün nə qədər yer lazımdır?
- Siz özünüzü heykəllərinizlə ifadə edirsiniz, başqaları da bu cür saysız-hesabsız mülklər tikməklə.
- Sözündə həqiqət payı var. Amma sən bilməlisən ki, bir gün Allahın qabağında hesabat verəcəksən.
- Allaha inanırsınız?
- Mən Allaha inananam. Mən də, qızlarım da namaz qılırlar. Yoldaşım rusdur, o da namaz qılır.
- İslamla heykəltəraşlıq ziddiyyət təşkil etmir? Adətən heykəltəraşlığı bütpərəstliklə eyniləşdirənlər olur, onun üçün soruşuram.
- İslam və qadınlara münasibət... Mən uşaq vaxtı “Əzimzadə”də oxuyanda bütün gün Bulvarda oturub gedib-gələnlərin şəklini cızma-qara edərdik. Tələbə vaxtı da çoxlu lüt kişi-qadın naturaçılar çəkmişəm ki, cizgiləri dəqiq götürə bilim, əlim öyrəşsin. Yəni bunlar hamısı məşqlər əsasında baş verir. Sən bilirsən, mən rəssamlıq bacarıqlarını öyrənənə kimi nə qədər kağız korlamışam? Bunlara çox vaxt sərf etmişəm və nəticədə hansısa qabiliyyət əldə etmişəm. Yəni deməyim odur ki, çılpaq qadın rəsmi çox çəkmişəm. Düşünürəm ki, Allah məni buna görə bağışlayar. Ancaq onu edə bilərəm ki, bundan sonra daha çəkməyim.
- Söhbətimizin əvvəlində dediniz ki, müasir rəssamlıq tamam başqa istiqamətə yönəlib. O zaman rəssamlıqdan xəbərsiz bir adam əsl sənətlə sənət olmayanı bir-birindən necə ayırsın? Bunun bir yolu varmı?
- Bu, çox çətindir. Amma heç olmasa gizlin də olsa, bilənlərə göstərib fikrini öyrənsinlər. İkincisi, kim bilməsə də, biz rəssamlar bilirik ki, kimdə nə var.
- Mənə elə gəlir ki, o vaxtı avanqard olmaqda günahlandırıldığınız halda indi özünün mühafizəkar olub müasir avanqardı bəyənmirsiniz.
- Mən elə avanqard olmamışam.
- Heç vaxt epataja qaçmamısınız?
- Yox. Avanqard olmaq üçün gərək sənin usta kimi bazan olsun, ondan sonra nəsə edəsən. Bunlar heç nə oxumayıblar. Desən, bir dənə məni çək, çəkə bilməyəcək. Mən də aynanı qoyaram suyun içinə, iki dənə balıq ataram, arxada işıqları söndürərəm, tüstü yaradaram, tüstüyə buraxaram projektor, səs effekti verərəm, hətta qoxu da verərəm... Olar müasir incəsənət. Axı bu sənət deyil. İndiki rəssamların çoxu şarlatandır. Mən demirəm ki, Pikasso şarlatandır, halbuki o, bunların ən parlağı idi.
- Pikasso akademizmdə də güclü idi.
- Onun 23 yaşında çəkdiyi bir tablosunu görmüşəm, heyrət eləmişəm. O yaşda o cür akademik əsər çəkmək hər adama nəsib olmur. Sadəcə, o bilirdi ki, nəsə yeni bir şey düşünüb tapmaq lazımdır. Çox pis adam olub, orası düzdür. Mənim zəhləm gedir ondan.
- Niyə, qadınlarla münasibətinə görə?
- Elə biri o. Qadınları çox incidib. Lakin işlərinə baxırsan ki, təmiz abstrakt işdir, amma necə gözəldir!
- Daha hansı rəssamları sevirsiniz?
- Sevdiyim rəssamr çoxdur. Cottonu çox sevirəm. Onun ən yaxşı işlərindən biri “İudanın öpüşü” adlanır. Mən o əsərin orijinalını görmüşəm, dəhşətdir. Özü də dindar rəssam idi. El-Qrekonun əsərlərini sevirəm.
- Heç Əşrəf Muradın adını çəkmədik. Onunla münasibətiniz necə idi?
- Əşrəf Murad əsl rəssam idi. Ömrünün sonunda bir az qəribə olmuşdu, amma çox təmiz adam idi.
- Dostluq edirdiniz?
- Onunla dostluq etmək mümkün deyildi. Çünki ona da heç kəs lazım deyildi. Beşinci mərtəbədə emalatxanası var idi. Qapını bağlayıb bütün günü orda olurdu. O, başından zədə aldı, bundan sonra tamamilə dəyişdi, yaradıcılığı da dəyişdi. Rəssam kimi adi idi, başına gələn o hadisədən sonra qəfil dəyişdi. Elə səviyyəyə qalxdı ki, onu yalnız rəssamların arasından çox az adam başa düşə bilərdi. Biz onu həmişə dəstəkləmişik.
- Yeri gəlmişkən, bizim rəssamlardan kimləri bəyənirsiniz? Hər rəssamı da bəyənməzsiniz.
- Əlbəttə, elədir də.
- Kimləri bəyənirsiniz? Tofiqi dediniz, Əşrəfi dediniz, Mircavad, Böyükağa (Xalq rəssamı Böyükağa Mirzəzadə - M.A.).
- Böyükağada saxla. O, bir az başqa cür idi. Bilirsiniz, təkcə rəssamlıqla qurtarmır, intellektual səviyyə də çox önəmlidir. Bayaq adını çəkdiyiniz rəssamların hansının yanında Sartrın, Kamyunun, Kobo Abenin adını desəydiniz, o dəqiqə söhbətin nədən getdiyini biləcəkdi.
- Siz adını çəkdiyiniz bu yazıçılardan kimləri bəyənirsiniz?
- Mən indi yadıma sala bilmirəm.
- Sartr, Kamyu, Kobo Abe.
- Bəli, bəyənirəm.
- Markes.
- Bəli.
- Folkner, Heminquey.
- Bəli. Sevirəm. Düzdür, Folkneri bir dəfə oxumağa cəhd elədim, alınmadı, qoydum qırağa, sonra yenidən qayıtdım. Mən daha çox Heminqueyin tərəfdarıyam, tərəfdarı yox e, Heminqueyi daha rahat başa düşmüşəm.
- Zənnimcə, Mircavad daha çox Folkneri sevirmiş.
- Ola bilər. Ancaq onun stolunun üstündə daim “rus avanqardı” olub. Mən həmişə onlara gedirdim. Yazıq xəstə idi, daim kasıblıq içində yaşayırdı. Ürəyim ağrıyırdı ki, insan bu dərəcədə də kasıb yaşayar?!
- Bununla belə əyilmirdi, sınmırdı.
- Yox. Belə adamlar tək-tük olur. Elə dediyini dedi, ac qaldı, xəstələndi. Hərdən butulka-filan təhvil verirdi (gülür). Mən susqun, utancaq idim. Bir kərəm Rasimin (rəssam Rasim Babayev - M.A.) emalatxanasındaydıq. İkimiz qalanda məndən soruşdu ki, Fazil, pulun var? Dedim Cavad heç nəyim yoxdu, amma bir baqaj dolu butulka yığmışam, verməyə utanıram. Dəhlizə çıxıb qışqırdı ki, - onda belə şeylər vardı - sən nədən utanırsan, qoy onlar utansınlar ki, dahi rəssamlar bu cür yaşayırlar. Gedək! Doğrudan da, apardıq, mən qapıda dayandım, utanırdım, o, butulkaları təhvil verdi. Yadımdadı, 36 manat elədi.
- Neylədiniz o pulu?
- Böldük iki yerə, dedi gedək yeyib-içək, mən dedim yox.
- O, yeyib-içən idi?
- Hə.
- Siz yox?
- Mən də yeyib-içən idim, amma o qədər də yox.
- Mircavadı bilirdim... Demək Siz də yoxsulluq yaşamısınız.
- Hə, mən də kasıb yaşamışam.
- Sizə çox sifariş vermirdilər?
- İşi o adamlara verirdilər ki, onlar kimlərəsə faiz ödəyirdi. Deyim sənə, özüm də çox iş götürməyi sevmirdim. Bu adamı sənətdən yayındıra bilər. Mən ildə bir, çox olsa, iki iş edirdim, o pul mənə çatırdı.
- Fazil müəllim, dostlarınızdan kimləri daha çox xatırlayırsınız?
- Mən sənə düzünü deyim, ən çox yadıma düşür rəssamlıq məktəbində oxuduğum illər.
- Moskvadakı illəriniz?
- Bura (Qeyd: F.Nəcəfov 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə isə V.İ.Surikov adına Moskva Ali Rəssamlıq İnstitutu bitirib- M.A.).
Kövrəlir, gözləri dolur.
- Tez-tez o illəri xatırlayırsınız?
- Hamısı ölüb... (Səsi tutulur) Bir nəfər qalıb, sağdı. O da ibtidai məktəbdə mənimlə oxuyub. Onunla mənim lap yaxşı münasibətim var. Məndən üç-dörd yaş böyükdür. Bu yolla getməyimdə onun rolu çox olub. Moskvada mənim haqqımda kitab buraxırlar. O kitab üçün bir yerdə şəklimizi də çəkdirib göndərdik.
- Adı nədir?
- Rüfət Əsədullayev. Çox yaxşı oğlandı. Bir dəfə onunla Nizaminin heykəlinin olduğu bağa getmişdik. Yerdə yeşiklər vardı, yeşiklərin içində heykəlin bürüncdən hissələri yığılmışdı. O, çox diribaş oğlan idi, dedi, Fazil, bax, Moskvadan gəlib, pyedestalı da artıq hazırdır, burda Nizaminin heykəli qoyulacaq. Yeşiklərin də taxtası aralı idi. Mən də ona dedim ki, Rüfət, nə qədər ki, heykəlin başı yerdədir, gəl əllərimizi sürtək ona, sonra imkanımız olmayacaq (gülür). Elədik. Sonra bir yerdə şəkil də çəkdirdik. Mən istəyirəm o kitabın axırında həmin iki şəkli yan-yana qoyulsun, o vaxtkı və indiki.
Bu vaxt Fazil müəllimin yoldaşı qapıda görünüb deyir ki, soyuqdur. Və sanki Fazil müəllimin söz dinləməyəcəyini bildiyindən gətirdiyi adyalla onun dizlərini bürüyüb gedir.
Sonra Fazil müəllim oturduğu yerdəncə mənə həyətdəki heykəlləri göstərir, adlarını deyir, məlumat verir. Ancaq xəbərdarlığından da qalmır: “Ümumiyyətlə, sənətə ədəbiyyat yaramır, sənət əsərinin izahını verməzlər, ancaq gərək izah edim”.
İki saata yaxın davam edən söhbətin sonunda fövqəltəbii varlıqlar kimi bizi əhatələnmiş bu əsrarəngiz heykəllərin sahibinin əllərini sıxıb sağollaşıram, can sağlığı arzulayıram...
- Mən qabaq deyirdim ki, rəssam gərək çox yaşasın. Çünki qarışqa kimi gəzib lazımsız yerə çox enerji işlədir, dolanbac yollarla çox gedir. Gərək bir az çox olaydı. Ancaq buna da şükür, mənim 85 yaşım var.
- O gün olsun 90 illiyinizi qeyd edəsiniz.
- Amma ölü kimi yox.
- Allah Sizə möhkəm can sağlığı versin.
- Möhkəm də olmasa, təki ağlım başımda olsun.
- Və yaradasınız.
- Hə, nəsə edim.