Yaşlılıq testi   - Bioloji yaşınızı 30 saniyədə tapın
03 aprel 2026 11:10 (UTC +04:00)

Yaşlılıq testi - Bioloji yaşınızı 30 saniyədə tapın

0

Alimlər yaşlanma səviyyəsini müəyyən etməyin ən sadə və effektiv üsullarından birini açıqlayıb. Bu test xüsusi avadanlıq tələb etmir və ev şəraitində asanlıqla həyata keçirilə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, insanın bir ayaq üzərində nə qədər dayana bilməsi onun necə yaşlandığını göstərən ən yaxşı göstəricilərdən biridir.

Tədqiqatda 40 sağlam insan iştirak edib. Onların yarısı 65 yaşdan aşağı, digər yarısı isə 65 yaşdan yuxarı olub. Alimlər iştirakçıların diz gücünü, əl sıxma gücünü, yerişini və balans qabiliyyətini yoxlayıblar.

Sınaqlar nəticəsində məlum olub ki, xüsusilə dominant olmayan ayaq üzərində dayanmaq bacarığı yaşla bağlı zəifləmənin ən dəqiq göstəricisidir. Bu testi yerinə yetirə bilməyən şəxslərdə yıxılma və sağlamlıq problemləri riski daha yüksək olur.

Mütəxəssislər bildirir ki, balansın pozulması çox vaxt yaşlanmanın ilk əlamətlərindən biridir. Xüsusilə 50 yaşdan sonra bu qabiliyyət zəifləməyə başlayır, 60–65 yaş aralığında isə bu azalma daha sürətli olur.

Araşdırmaya görə, bir ayaq üzərində 5 saniyə belə dayana bilməmək artıq ciddi risk siqnalı sayılır.

Evdə bu testi necə etmək olar?

Test olduqca sadədir:

Əllərinizi ombanıza qoyun, gözləriniz açıq olsun. Bir ayaq üzərində dayanın, digər ayağınızı rahat şəkildə yuxarı qaldırın, ən azı 30 saniyə dayanmağa çalışın.

Təhlükəsizlik üçün divar və ya stul yaxınlığında dayanmaq tövsiyə olunur.

Bu test yalnız balansı deyil, həm də görmə, daxili qulaq və sinir sisteminin necə işlədiyini göstərir.

Balansı necə yaxşılaşdırmaq olar?

Mütəxəssislər balansı inkişaf etdirmək üçün sadə məşqlər tövsiyə edir:

Dişlərinizi fırçalayarkən bir ayaq üzərində dayanmaq, ayağınızla havada dairə çəkmək. Tədricən ayağı daha yuxarı qaldırmaq, bir ayaq üzərində dayanaraq yerdən əşya götürmək.

Qeyd olunur ki, bu məşqlər müntəzəm yerinə yetirildikdə balans bir neçə həftə ərzində nəzərəçarpacaq dərəcədə yaxşılaşa bilər.

Mütəxəssislər vurğulayır ki, əzələ gücü, düzgün yeriş və balans sağlam qocalmanın üç əsas sütunudur. Bu göstəricilərin qorunması yıxılma riskini azaltmaq və aktiv həyat tərzini davam etdirmək üçün vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar