“Ermənistanın terroru nəticəsində Gəncə, Tərtər və Bərdədə həlak olan mülki insanlarımıza Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Mədəniyyət nazirinin birinci müavini, nazir əvəzi Anar Kərimov bildirib.
Xurşudbanu Natəvan və Mola Pənah Vaqif kimi ədiblərin Qarabağda yaşayıb yaratdıqlarını xatırladan A. Kərimov deyib ki, Molla Pənah Vaqif vaxtı ilə Qarabağ xanlığının vəziri olub: “Klassik musiqimizin banisi olan Üzeyir Hacıbəyov, yazıçı Əbdürrəhim Haqverdiyev, ssenarist, müğənni Bülbül kimi insanlar Qarabağda anadan olub. Qarabağ Azərbaycan üçün bir mədəniyyət mərkəzi idi”.
A. Kərimov nəzərə çatdırıb ki, UNESCO tərəfindən bəşəriyyətin irsi kimi qəbul edilən muğamın da beşiyi Qarabağdır: “Qarabağ qədim xalçaçılıq ənənələrinə malikdir. Qarabağ atları barədə də yəqin ki, məlumatlısınız. Cıdır düzünə gəlincə, Ermənistanın baş naziri orada sərxoş şəkildə rəqs edirdi. Həmin Cıdır düzündə Qarabağ atları ilə zamanında çövkən oyunları keçirilirdi. Bütün bunlar Azərbaycan mədəniyyətinin mühüm elementləridir. Qarabağda baş verən hər bir hadisə bizim ürəyimizə toxunur. Ona görə də torpaqlarımızın işğaldan azad edilməsindən danışanda söhbət yalnız ərazi bütövlüyümüzün bərpasından getmir. Bu, həm də zamanında orada yaşamış, sonra oradan didərgin düşmüş insanların bu mədəniyyəti yenidən yaşatmaq şanslarını onlara verməkdən ibarətdir. Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb”.