Lent.az evdə karantin vaxtında olan sənət adamlarının vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Budəfəki müsahibimiz Xalq artisti Mənsum İbrahimovdur.
“Necə keçir karantin günləriniz” sualına Xalq artisti cavabında deyib ki, karantin başlayandan hamı kimi evdə qalmağa, bütün qaydalara riayət etməyə çalışır: “Həyət evində yaşadığımdan nisbətən rahat keçirirəm. Həyətdə bir zalım var, orda yaxşı ktabxana yaratmışıq. Bütün günü burda oluram. Onlayn verilişlərə qoşuluram. Məşqimi də burda edirəm. Yeni qəzəllər öyrənirəm, onları məşq edirəm”.
Mənsum İbrahimovun sözlərinə görə, xaraktercə optimist insan olduğundan vəziyyətin gedişi də onu deməyə əsas verir ki, ölkəmiz tezliklə bu durumdan çıxacaq: “Yaxşılığa doğrudur vəziyyət, yoluxanlar azalır, sağalanlar artır. İnşallah, itkilər az olar. Dövlətimizin vaxtında atdığı önləyici addımlar nəticəsində itkilərimiz azdır.
İnşallah, mayın əvvəlində addım-addım normal həyatımıza qayıdarıq. Bu dünyada gedən prosesdir. Hər birimiz bunu anlayıb, səbrli olmalıyıq. Bəlkə Allahın sınağıdır. İnsanlar bir az düşünüb-daşınmalı, yenilənməlidir”.
Sənətkarın fikrincə, son vaxtlar mənəviyyat bütün dünya miqyasında çox arxa plana keçmişdi: “Suriyadan olan qaçqınların halına baxanda adamın ürəyi ağrıyırdı. Elə bizim özümüzün torpaqlarımızn işğalına qarşı Avropa Birliyinin laqeyidliyi adamı çox incidirdi. Görünür, nə isə olmalıymış ki, dayanıb düşünsün insanlıq.
Prezidentimizin təşəbbüsünə ilk qoşulanlardan oldum. Öz məvacibimin bir aylığını Koronavirusla Mübarizə Fonduna köçürdüm və çağırış etdim”.
Xalq artisti xeyriyyə işlərindən də söhbət açıb: “İki gün öncə öz yetirməm Təyyar Bayramovla Ağdama getdik. Onlarla ailəyə yardımlar verdik. Seyid Lazım Ağanın ocağını ziyarət edib dualar etdik.
Bərdədə 100 ağdamlı məcburi köçkünlə görüşdük. Dövlət onların yanındadır. Biz də həmrəylik üçün getdik. Kimin nəyə imkanı çatırsa, imkansız insanların yanında olmalıdır.
Çıxacığıq bu vəziyyətdən, əsas can sağlığıdır. Azərbaycan Televiziyasının “Eyvana çıx” layihəsi çərçivəsində saat yarım konsert verdim. “Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” layihəsinə qoşuluram. Onlayn ifa edirik, özümüz tələbələrimiz. Konservatoriyadakı tələbələrimlə onlayn dərslər keçirik.
Elə bilirəm bu virusdan sonra dünyanın düzəni dəyişəcək. İnşallah, Azərbaycan üçün xeyirlisi olar”.