Qarşıdan gələn 2024-cü il Şərq astrologiyasına görə, çox qeyri-adi varlıq olan Əjdaha ili üzərində təhvil olur. Çin astroloqlarına görə, əzəmət və gücdən savayı, sehirli Əjdahaya emosionallıq, xarizmatiklik, hər zaman diqqət mərkəzində olmağa can atmaq və parlamaq kimi xüsusiyyətlər xasdır.
Lent.az xəbər verir ki, Çində Əjdahaya, ümumiyyətlə, çox hörmət edirlər: o, bir vaxtlar sarsılmaz imperator hakimiyyətinin rəmzi olub. Məsələn, Tsin sülaləsinin hakimiyyəti illərində Əjdaha təsviri dövlət bayrağını bəzəyirdi, rəiyyət isə hətta sehirli “heyvanın” fiquru olan libas geydiyinə görə edam hökmü ilə cəzalandırıla bilərdi. Bəs, müasir dövrdə bu varlığın təsviri ilə üzləşən insanların həyəcanlanmasına səbəb varmı? Əsla yox. Birincisi, Şərq təqviminə əsasən, özündə Yerlə göyün ruhunu cəmləyən ilahi varlıq olan Əjdahanın üzərində təhvil olan il 12 illik tsikldə ən firavan və uğurlu illərdən biri hesab edilir. İkincisi, 2024-cü ildə bu varlığın ağac kimi yaşıl rəngdə olması ilin kifayət qədər ruzili olacağına işarədir. Yaşıl Əjdaha, digər Əjdaha illəri arasında ən sakit və təmkinlisidir.
Məlum olduğu kimi, Cənub-Şərqi Asiya ölkələrində Yeni il Qriqorian təqvimi ilə müqayisədə bir qədər gec başlayır, bu, birbaşa səma ulduzları olan Günəş və Ayın yerləşməsindən asılıdır. Ona görə də, Şərq təqviminə əsasən, Əjdaha ili 2024-cü ilin yanvar ayının 1-də yox, fevralın 10-da başlayacaq və 2025-ci il yanvarın 28-də başa çatacaq. Bu müddət ərzində yeni təqvim ilinin günləri bir çoxlarının hətta iquanaya və ya varana bənzətdikləri bu mifik heyvanın “himayəsi” altında olacaq.
Əjdaha daha çox vaxtilə Yer kürəsində mövcud olmuş və daha sonra kökü kəsilmiş dinozavrlara bənzəyir. Çünki Qədim Çin mifologiyasında Əjdahanın müxtəlif ölçülərdə və fərqli quruluşlara malik çoxsaylı növlərinə rast gəlinir.
Şərq qoroskopu beş təbiət ünsürünə əsaslanır: Od, Su, Dəmir, Ağac və Torpaq. Onların hər biri müvafiq rəngləri ilə seçilir. Təqvimin tam tsikli 60 ilə bərabərdir, buna görə də, simvollar yalnız 60 ildən bir üst-üstə düşür. Daha doğrusu, bundan əvvəlki Yaşıl Əjdaha ili 1964-cü ilə təsadüf edib, növbəti dəfə isə 2084-cü ildə təkrarlanacaq.
Beləliklə, bizi 2024-cü ildə nə gözləyir? Bu ilin ünsürü Ağacdır. O, özündə fiziki və mənəvi yüksəlişi ehtiva edir, ona görə də özünə inanan, məqsədyönlü və xeyirxah əməlləri olan insanları bu ildə uğur və nailiyyət müşayiət edəcək. İlin energetikasında üstünlük təşkil edən yaşıl rəng yenilənməni, tərəqqi və yüksəlişi, yeni həyatın başlanğıcını və çoxsaylı maraqlı hadisələrin bir-birini əvəzləməsini simvolizə edir. Ağacdan olan Əjdaha demək olar ki, istənilən şəraitə uyğunlaşmağa kömək edəcək. Astroloji proqnozlara görə, çətinliklər çoxaldıqda onların öhdəsindən gəlmək üçün səylərimiz və gücümüz də bir o qədər çox olacaq.
Astroloqlar bu ili xüsusi və qeyri-adi şəkildə qarşılamağı tövsiyə edirlər. Eynilik və bayağılıq Əjdahanın xoşuna gəlmir. Qüssəyə qapılmaq, monoton həyat tərzi keçirmək və kədərlənmək olmaz. Yeni il gecəsini parlaq və şən əhval-ruhiyyədə keçirənlər Əjdahanı sevindirəcəklər. Yaxın və doğma insanlara hədiyyələr bağışlamaq, onları sevindirmək arzuolunandır. Süfrəyə bayram yeməkləri ilə yanaşı yarma, alma, təzə göyərti qoyulsa, daha yaxşı olar. İl ərzində bir-birinə xoş sözlər demək və gülərüz olmaq vacibdir.
Proqnozlara əsasən, Əjdaha ili xüsusilə Siçan və Pələng ilində doğulanlar üçün uğurlu olacaq. Əsas odur ki, Əjdaha heç bir çətinlikdən qorxmur və risk etməyi sevir!