Su altında sirli ildırım  çaxdı: alimlər bunun nə olduğunu  bilmirlər
07 avqust 2026 11:28 (UTC +04:00)

Su altında sirli ildırım çaxdı: alimlər bunun nə olduğunu bilmirlər

0

Sakit okeanda əsrlərdir müşahidə edilən sirli işıq parıltıları alimləri düşünməyə davam edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "te lapa" ("işıq parıltısı") adlandırılan bu hadisə dənizin dərinliyində qəfil yaranan, şimşəyə bənzəyən işıq zolaqları şəklində görünür və bir az sonra yoxa çıxır.

Qədim polineziyalı dənizçilərin bu sirli parıltılardan naviqasiya məqsədilə istifadə etdiyi bildirilir. Onların sözlərinə görə, bu işıqlar çox vaxt ən yaxın quru istiqamətində görünür və gecə, eləcə də buludlu havalarda adaların yerini müəyyən etməyə kömək edirdi.

Alimlər artıq on illərdir fenomeni araşdırsalar da, onun yaranma səbəbi barədə ortaq fikir formalaşmayıb. Əsas ehtimallardan biri te lapa fenomeninin Sakit okeandakı "Od halqası" adlanan tektonik zonadakı geoloji proseslərlə əlaqəli olmasıdır. Tədqiqatçılar hesab edirlər ki, sualtı vulkanlar və hidrotermal mənbələrin yaxınlığında güclü elektrik boşalmaları yarana bilər. Dəniz suyu elektriki yaxşı keçirsə də, qaz qabarcıqları, temperatur fərqləri və müxtəlif minerallar elektrik yükünü qısa müddət ərzində toplayaraq sonradan parlaq işıq şəklində buraxa bilər.

Başqa bir nəzəriyyəyə görə isə bu sirli işıqlar biolüminessensiyaya malik mikroorqanizmlərdən qaynaqlanır. Bəzi mikroskopik yosunlar mexaniki təsir zamanı işıq saçır. Laboratoriya şəraitində alimlər te lapa təsvirlərinə bənzər işıq zolaqları əldə edə biliblər. Lakin hələlik məhz bu orqanizmlərin okeanda müşahidə olunan sirli parıltılara səbəb olduğunu təsdiqləyən sübut yoxdur.

Tədqiqatçılar eyni zamanda bir neçə məşhur ehtimalı da istisna ediblər. Məlum olub ki, bu parıltılar nə ulduzların və peyklərin su üzərində əksi, nə də Müqəddəs Elmo işıqları kimi atmosfer elektrik hadisələri ilə əlaqəlidir. Müasir texnologiyalara baxmayaraq, te lapa fenomeninin mənşəyi hələ də okeanın ən maraqlı və sirli hadisələrindən biri hesab olunur. Alimlər hesab edirlər ki, bu sirrin tam açılması üçün daha həssas müşahidə cihazlarına və yeni elmi araşdırmalara ehtiyac var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar