Səhralar adətən güclü istiliklə assosiasiya olunur, lakin gecə saatlarında bu ərazilər kəskin şəkildə soyuyur. Temperatur fərqi bəzi hallarda 40 dərəcəyədək çata bilir. Fiziklər bu paradoksun səbəbini səthin və atmosferin xüsusiyyətləri ilə izah edirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, səhralarda əsas rolu qum oynayır. Gün ərzində Günəş şüaları torpağı son dərəcə qızdırır, qum istiliyi sürətlə udaraq çox isti olur. Lakin gecə enerji mənbəyi yoxa çıxır və qum istiliyi saxlaya bilmədiyi üçün onu qısa müddətdə atmosferə ötürür.
Səhralarda rütubətin demək olar ki, olmaması temperatur fərqini daha da artırır. Halbuki su istiliyi saxlamaq və temperatur dəyişmələrini yumşaltmaq xüsusiyyətinə malikdir. Rütubətli iqlimlərdə bu səbəbdən gecə-gündüz temperatur fərqi xeyli az olur.
Buludların azlığı da mühüm amillərdən biridir. Səhralarda bulud örtüyü olmadığı üçün istilik heç bir maneə olmadan birbaşa kosmosa yayılır. Fiziklər qeyd edirlər ki, səhranın havası həm quru, həm də seyrəkdir və bu da istiliyi saxlamağa imkan vermir.
Nəticədə temperatur çox sürətlə aşağı düşür və bir neçə saat ərzində onlarla dərəcə fərq yaranır. Bu sərt şəraitə səhrada yaşayan canlılar da uyğunlaşıb. Bir çox heyvanlar gecə saatlarında aktiv olur, gündüz isə istidən qorunmaq üçün gizlənirlər. Eyni zamanda, gecə soyuğu da onlar üçün ciddi sınaqdır və bir çoxu istiliyi saxlamaq üçün yuvalara çəkilir.
Fiziklər vurğulayırlar ki, səhralar iqlimin ifrat nümunəsidir. Gündüz yandırıcı istilik, gecə isə kəskin soyuq müşahidə olunur. Bu temperatur fərqi istilik balansının olmaması ilə bağlıdır. Torpaq enerjini uzun müddət saxlaya bilmir.
Rütubətli bölgələrdə isə su və buludlar istiliyi qoruyaraq bu cür kəskin dəyişmələrin qarşısını alır. Səhralar isə kosmosa tam açıq qalır və istilik çox sürətlə itirilir. Mütəxəssislərin fikrincə, bu, sadə fiziki prosesdir: səhralarda həm qızma, həm də soyuma digər ərazilərlə müqayisədə daha sürətli baş verir.
Məhz bu səbəbdən səhralar paradoksal görünür: eyni məkanda həm yandırıcı istilik, həm də sərt soyuq yanaşı mövcud olur. Temperatur fərqini unikal edən isə qumun və havanın fiziki xüsusiyyətləridir.