Osmanlı dövründə də Yeni il gecəsini qeyd etmək adəti olub, lakin indiki ilə tamamilə fərqli idi.
Lent.az-ın məlumatına görə, Osmanlıda hicri təqvimdən istifadə edilirdi və bu təqvimə görə Yeni il Məhərrəm ayının ilk günü idi. Məhərrəm ayının ilk günü rəsmi mərasimlər keçirilib.
Bu mərasimlərdə şairlər sultana şeirlərini təqdim ediblər. Yeni il üçün xoş arzular və şeirlər səsləndirilib. Sultan yeni il mərasimlərində hədiyyələr paylayırdı və bu hədiyyələr “Muharrəmiyə” adlanıb. Amma Yeni il mərasimləri şənlikli deyildi.
Hz. Məhəmmədin nəvəsi Hüseyn Kərbəlada Məhərrəm ayının 10-cu günü öldürüldüyü üçün Məhərrəm ayı matəm ayı idi. Osmanlı İmperiyasında ilk Yeni ilin rəsmi olaraq hansı ildə qeyd edildiyi məlum deyil. Qərb ənənələri ilə ilk dəfə Yeni il bayramı II Mahmudun zamanında qeyd olunub. 1829-cu ildə İngiltərə səfirinin təşkil etdiyi qonaqlqda Osmanlı dövlətinin yüksək vəzifəli şəxsləri də olub. 1856-cı ildə Sultan Əbdülməcid Fransa səfirinin təşkil etdiyi yığıncaqda iştirak edib.
İstanbulda rusların peyda olmasından sonra xristian əhali ilə yanaşı müsəlman əhali də Yeni ili qeyd etməyə başlayıb. Yeni ili bütün insanların qeyd etməsi cümhuriyyət dövrünə uyğun gəlir. Məlumdur ki, lotereya idarəsinin təşkil etdiyi xüsusi yeni il çəkilişləri ilə bu bayramın keçirilməsi artıq ənənəvi hal aldı.