İslamın müqəddəs bayramları içərisində Ramazan bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlayır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar.
600 illik yaşı olan Osmanlı imperiyasında Ramazan ayının hər zaman xüsusi yeri olub. O dövrlərdə həmişə bu bayram böyük coşğu və sevinclə qarşılanıb.
Lent.az böyük Osmanlı imperiyasında Ramazan ayının necə qeyd olunması ilə bağlı kiçik yazı hazırlayıb.
O dövrlərdə Ramazan ayının gəldiyini necə bilirdilər?
O dövrlərdə texnologiyanın olmaması Ramazanın gəlişini təyin etmək üçün ciddi problemə çevrilirdi. Bu bayram, adətən qış aylarına təsadüf etdiyi üçün vəziyyət daha da çətinləşirdi. Normal şərtlərdə Ramazan ayının gəlişi hilalın görünməsi ilə əlaqələndirilirdi. Bu zaman hilalın görünməsi səlahiyyətli qurumların təyin etdiyi şəxsə, yəni hakimə çatdırılır, daha sonra isə ictimaiyyətə açıqlanırdı.
Amma buludlu havalarda ay görünmədiyi üçün əvvəlki ayların başlanğıcını müəyyən edən rəsmi qeydlərə baxılır, daha sonra hakim və digər vəzifəli şəxslərin iştirakı ilə Ramazan ayının başlandığı xalqa elan edilirdi.
Bu zaman məscidlərin minarələrinin bəzədilməsi Ramazanın gəlişini bildirən əlamətlərdən biri idi.
Bəs, on bir ayın sultanı Ramazan Osmanlı dövründə necə qeyd olunurdu ?
Bu zaman hər evdə təmizlik işləri görülər, axşam yeməyi üçün cürbəcür nemətlər hazırlanardı. Osmanlıda Ramazanda xalq, yoldaşına, dostuna qohum-əqrabasına iftar verməyi böyük bir ibadət qəbul edər, qonaq yola salmaq üçün səy göstərərdilər. Ramazan boyunca iftar vaxtlarında qapılar açıq saxlanılırdı. Beləcə yolda qalan və ehtiyacı olan hər kəs istədiyi evə girər iftar süfrəsinə daxil olardu. Bunun üçün tanış olmağa gərək yox idi və iftar üçün gələnin kim olduğu da əsla sorulmazdı. İftar süfrələrindən sonra kasıb ailələrə “fitrə” adı ilə pul və müxtəlif hədiyyələr verilirdi. Bayram süfrələri, adətən padşah saraylarında təşkil olunurdu və bu ənənə ikinci Məşrutiyyət dövrünə qədər davam etmişdi.
Xalq yaxşılıq etməkdə bir-biri ilə yarışırdı...
Ramazan ayının böyük sevinclə qarşılandığı Osmanlı imperiyasında, insanların ehtiyacı olanlara kömək etmək üçün yarışdığı deyilir. O illərdə imkanlı insanlar baqqala, məhəllə qəssabına gedərək kasıbların borclarını ödəyərmişlər. Osmanlıda Ramazan günlərində zənginlər, heç tanımadıqları bölgələrdəki tacir dükanlarına gedər, onlardan nisyə dəftərini çıxarmalarını istəyərdi. Başdan, əvvəldən və ortadan təsadüfi şəkildə səhifələrin yekununu hesablatdırıb, “Bunların borclarını silin… Allah qəbul etsin” deyər və çıxıb gedərdilər. Borcu ödənən borcunu ödəyənin kim olduğunu, borcu ödəyən isə kimi borcdan xilas etdiyini bilməzdi.
Həmin dövrdə ən vacib adətlərdən biri də məscidlərdə, bazar kimi xalqın çox olduğu yerlərdə “sədəqə qutuları”nın qoyulması idi. Yardımlar çox zaman axşam vaxtı edilirdi. Bu addım əsasən ehtiyacı olan insanların utanmaması üçün idi.
“Qədr gecəsi” nədir və necə qeyd olunurdu?
Ramazan ayının bitməsinə və bayramın başlamasına sayılı günlər qalmış müsəlmanlar üçün çox vacib olan hadisələrdən biri, “Qədr gecəsi” qeyd olunurdu. "Quran"ın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri “Qədr gecəsi” ilə "Quran"ın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir. “Qədr gecəsi”nin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə "Əhya gecələri" kimi daxil olunub.
Osmanlıda “Qədr gecəsi” zamanı insanlar məscidə getməyə diqqət yetirərmişlər. Xalq buraya gəlib bu gecəyə xas olan namazları qılardılar.
Ramazanın son gününü dövlət və xalq məscidlərdə keçirirdi...
Bayram günlərində dövlət adamları sultan sarayına gələrək Ramazanı qeyd edərdilər. Dəvətnamələr bayramdan bir gün əvvəl yollara, küçələrə tökülürdü. Topqapı sarayına gələrək sübh namazından sonra üləma, ümər və ocaq ağaları xalqın Ramazan bayramını təbrik edirdi. Daha sonra bayram yürüşü başlayır, böyük bir karvan şəklində Ayasofiya, Sultan Əhməd, Süleymaniyyə və Fatih məscidlərinə gedərək bayram namazı qılınırdı.