Tayvanın ən zəngin sakinlərindən biri, "Foxconn"un qurucusu Terri Qou prezident seçkilərinə hazırlıq zamanı seçicilərə tualet kağızı verməkdə şübhəli bilinib.
Lent.az xarici mətbuata istinadla xəbər verir ki, 73 yaşlı milyarder 2024-cü il seçkilərində müstəqil namizəd olmaq iddiasındadır. İştirak üçün noyabrın 2-dək 290 min imza toplamalı idi. Qou uğur qazandığını bildirib və noyabrın 1-də seçki komissiyasına təqdim edib.
Daha sonra Yunlin qraflığının prokurorluğunun nümayəndələri imza atan potensial seçicilərin rüşvət alması barədə məlumat aldıqlarını bildiriblər. Bildirilib ki, kampaniya zamanı onlar 900 Yeni Tayvan dolları (təxminən 48 manat) olan tualet kağızı qutuları ilə mükafatlandırılıblar.
İlkin olaraq yerli fermerlər birliyindən 13 nəfər rüşvət almaqda şübhəli bilinib, onlardan 10-u dindirildikdən sonra sərbəst buraxılıb. Qalanlara 200 min yeni Tayvan dolları (təxminən 27 dollar) məbləğində girov verilib. Günahı sübuta yetirilərsə, onları 7 ilə qədər həbs və bir milyondan on milyon Yeni Tayvan dollarına qədər cərimə gözləyir.
Terri Qou "Apple" və "Sony" kimi texnologiya nəhənglərinin smartfonlarının yığılması sifarişlərini yerinə yetirən "Foxconn"un qurucusu kimi məşhurlaşıb. Onun "iPhone City" kimi tanınan ən böyük obyekti Çində yerləşir. İş adamı Çinlə münasibətlərin qurulması prosesində iştirak etməyi zəruri hesab etsə də, Pekinlə əlaqələrini inkar edir.