Günəş fırtınalarının yaradacağı TƏHLÜKƏLƏR
16 dekabr 2023 19:27 (UTC +04:00)

Günəş fırtınalarının yaradacağı TƏHLÜKƏLƏR

Günəş fırtınaları təkcə rabitə sistemləri və peyklər üçün təhlükəli deyil, həm də qatarların hərəkəti üçün təhlükə yarada, qəza riskini artıra bilər.

Lent.az xəbər verir ki, bu barədə Lankaster Universitetinin alimləri öz araşdırmalarını “Space Weather” elmi jurnalında dərc etdiriblər.

Güclü günəş emissiyaları dəmir yollarında elektron siqnal stansiyalarına müdaxilə edərək maqnit fırtınalarına səbəb ola bilər. Bu müdaxilə hətta dəmir yolu nişanlarını dayanma işarəsindən getmə siqnalına və əksinə dəyişir.

Məsələn, siqnalın yaşıldan qırmızıya dəyişdirilməsi yalnız hərəkət edən qatarın dayanmasına, əksi isə ciddi fəlakətə səbəb ola bilər. Alimlər qeyd edirlər ki, 11 illik günəş aktivliyinin pik dövründə dəmir yolu sistemləri və digər infrastruktur üçün risklər xüsusilə, yüksəkdir.

Tədqiqat Böyük Britaniyanın iki dəmir yolu marşrutunu modelləşdirib: Qərb Sahil magistral xəttinin Preston-Lankaster hissəsi və Qlazqo-Edinburq xətti. Məlum olub ki, hətta zəif günəş fırtınaları qatarların elektron idarəetmə sistemlərində səhvlərə səbəb ola və belə hallar ən azı bir neçə onillikdə bir dəfə baş verə bilər.

Qeyd edək ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, cari 11 illik tsikldə “günəş maksimumu” 2024-cü ilin yanvarından oktyabr ayına kimi gözlənilir. Maraqlıdır ki, alimlər əvvəllər bunun yalnız 2025-ci ildə olacağını deyirdi. Lakin görünür, bu, daha tez baş verəcək.

Hesab olunur ki, günəş aktivliyinin pik nöqtəsinin vaxtında proqnozlaşdırılması ehtiyat tədbirlərinin işlənib hazırlanması və elektron sistemlərin mümkün nasazlıqlardan qorunması üçün böyük əhəmiyyət kəsb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4365
avatar

Fidan İlqar

Oxşar yazılar