Fillər ən ağıllı heyvanlardandır, elm tərəfindən yaxşı öyrənilib. Lakin bu yaxınlarda beynəlxalq alimlər qrupu əsl sensasiya yaradacaq araşdırma aparıblar: Afrika filləri bir-biri ilə adları vasitəsilə ünsiyyət qururlar. Buna bənzər hal heyvanlar aləmində heç vaxt müşahidə olunmayıb.
Lent.az xəbər verir ki, alimlərin araşdırmasına görə, fillər planetimizdə yeganə heyvanlardır ki, insanlar kimi bir-birinə adlar verirlər. Bu qənaətə alimlər Afrika fillərini öyrənəndən sonra gəliblər. Cəmi 527 müxtəlif cür səs qeydə alınıb. İlk baxışda bunlar bizim qulağımız üçün, demək olar ki, eyni səslərdir.
Fillərin bir-birinə müraciətini, yəni “adları” digər səslərdən ayırd etmək üçün kompüter modelindən istifadə olunub. Alimlər səslərə məntiqi cəhətdən yanaşıblar. Əgər fillər eyni fili səsləyirdilərsə, o halda eyni səsi çıxarırdılar və bu səs onun “adı” idi. Deməli, bu qrupun bütün üzvlərinin adları var və məhz adlar vasitəsilə bir-biri ilə təmas qururlar.
Qeyd edək ki, delfinlər və tutuquşular da bir-birilərini səsləyirlər. Lakin prinsipial fərq mövcuddur: onlar ad qoymur, yalnız həmin heyvanın çıxardığı səsləri imitasiya edirlər. Faktiki olaraq, hər heyvan müəyyən səs çıxararaq özünə “ad” qoyur. Fillər isə bir-birinə ad qoyan yeganə heyvandır.