Kapalı Çarşı
09 sentyabr 2021 19:33 (UTC +04:00)

Kapalı Çarşı

Dünyanın ən çox ziyarət edilən bazarı: Kapalı Çarşı

Kapalı Çarşı, 66 küçəsi və 3600 mağazası ilə ən böyük bazar olmaqla yanaşı, tarixi quruluşu ilə də turistlərin diqqətini çəkir.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bütün günü gəzib dolaşsanız belə hər hissəsini araşdırmaq mümkün olmayacaq qədər böyük olan Kapalı Çarşı, köhnə ilə yenini, ənənəvi ilə müasirliyi bir arada tutmağı bacarır.

558 illik tarixə malik olan Kapalı Çarşı həm də muzey xüsusiyyətini daşıyır. Turistlərin tez -tez baş çəkdiyi yer olaraq bazar ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edir. Çarşıda xalçaçılıqdan zinət əşyalarına, suvenirlərdən toxuculuğa qədər geniş çeşiddə məhsullar var.

İndi isə bu məşhur bazarın yaranma tarixinə nəzər salaq.

Belə ki, Türkiyənin ən böyük şəhəri olan İstanbulda yerləşən Kapalı Çarşının tarixi, XV əsrin ortalarında Fatih Sultan Mehmet dövrünə gedib çıxır. Osmanlı təşkilatlarını yaşadan ən əhəmiyyətli tətbiqlərdən olan vəqf sisteminə görə məscidlərin təmir xərcləri kimi müxtəlif ehtiyaclarını ödəmək üçün başqa bir gəlir gətirən quruluş yaradıldı.

Bu gəlir gətirən məkanlardan ən önəmlisi çarşılardır. Kapalı Çarşının təməli 1461 -ci ildə Ayasofyaya gəlir gətirmək üçün Fatih Sultan Mehmet tərəfindən inşa etdirilib. Əvvəlcə bir neçə binanın tikilməsi ilə qurulan bu bazar, illərlə olunan əlavələri ilə daha da böyüyüb və indiki halını alıb. İstanbulun ən zəngin biznesmenlərinə ev sahibliyi edən və dünyanın hər yerindən zərgərlik, qiymətli zinət əşyalarının satıldığı Kapalı Çarşı, zaman keçdikcə bütün bölgənin ən əhəmiyyətli ticarət mərkəzinə çevrilib.

Eyni zamanda, Avropalıların gözündə İstanbulu və Şərq həyatını ən yaxşı əks etdirən yerlərdən biri olduğu üçün rəssamların bir çox səyahət kitablarında və rəsmlərində yer alması da tarixi və mədəni əhəmiyyətini sübut edir. Dünyanın ən qədim deyil, həm də ən böyük ticarət mərkəzi olaraq təyin olunan Kapalı Çarşı, 45 min kvadratmetrlik bir sahədə 3600 mağazaya ev sahibliyi edir. Osmanlı dövründə iqtisadiyyatın ürəyi olan Kapalı Çarşı, bu gün İstanbula gələn və alış-veriş etmək istəyənlərin ilk dayanma nöqtəsidir. Ziyarətçilərin sayı gün ərzində bəzən 500 minə çatır.

Burada xalçalardan çantalara, qızıl və gümüş zərgərlik məhsullarından xatirələrinizi sonsuza qədər yaşadacaq suvenirlərə qədər hər şeyi tapa bilərsiniz. Burada satılan məhsulların bir qismi Osmanlı dövrünün mirasıdır. Kapalı Çarşının yaxınlığında alış -veriş üçün bir çox yer var. Çarşı ilə Nur-u Osmaniye Məscidi arasında uzanan küçədə, xüsusən xalçaçılar, orijinal materiallar satan mağazalar sıralanır. Sultan Ahmet Məscidinin arxasında yerləşən Arasta Çarşısında əl istehsalı suvenirlər tapa bilərsiniz. Köhnə kitab həvəskarlarına, Beyazıt Məscidi ilə Kapalı Çarşı arasında yerləşən Kitab Satıcıları Çarşısını ziyarət etməyi tövsiyə edirik.

Bəs bu məşhur bazara necə və nə vaxt getmək olar?

Bazar günləri və dini bayramlar istisna olmaqla hər gün 08.30-19.00 arasında alış -veriş edə biləcəyiniz Kapalı Çarşı, İstanbulun Fatih İlçesinin Beyazıt Mahalındadır. İstanbulun mərkəzi bir nöqtəsində, Süleymaniye Məscidi və Beyazıt Meydanına çox yaxındır. Buraya avtobus, metro və tramvayla getmək olar. Avtobuslara üstünlük verənlər üçün ən yaxın dayanacaq Beyazıt Meydanıdır və tramvayla gələnlər Eminönü'dən Kapalı Çarşıya çata bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3258
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar