Bu günlərdə seriyalı qatil, manyak Çarlz Mensonun davamçısı, özünü onun sektasının üzvü hesab edən ömürlük həbs olunmuş Lesli Van Hauten azadlığa buraxılıb.
Mensonun “Ailə” adlandırdığı sektanın üzvləri onun əmri ilə insanları Tanrıya qurban adı ilə qətl edirdilər. Həbs edilib 900 il azadlıqdan məhkum edilən Menson həbsdə öldü, amma davamçıları onu özlərinin fədaisi, müqəddəsi elan elədilər. Belə qəribə ideyalı sektalar yalınız Qərbdəydimi? Xeyr. Elə qonşu Rusiyada da onlarla maraqlı sektalar fəaliyyət göstərib. Həm də Sovet Hökuməti dövründə.
Lent.az həmin sektalar barədə məlumatı təqdim edir.
1960-cı illərdə yaranan XƏDİMLƏR SEKTASI
Bu sektanın yaranma tarixi I Pyotrun dönəminə dayanır. Hakimiyyət bu sektanın üzvləri ilə mübarizə aparırdı, çünki onlar özlərinə zülm edir, bədən üzvlərini kəsib atırdılar. Sovet dönəmində pedofil manyak Tver şəhər sakini Sergey Savçenko bu sektanın yenidən baş qaldırmasına səbəb oldu. Savçenko kriminal avtoritetin azyaşlı qızına təcavüz etməsindən sonra, o da canini ən qəddar şəkildə cəzalandırdı. Onun cinsi orqanını kəsdi. Bu qüsurunu başqa şəkildə gizlətməyə çalışan Savçenko 1967-ci ildə xədimlər sektasını yaratdı. Mağaralarda rituallar keçirən sekta üzvləri orda özlərini xədim edirdilər. Sektaya üzv olan qadınlar isə öz döşlərini dibindən kəsdirir, kişilərin arasında çılpaq gəzirdilər. Sektaçılar çox zaman elə mağaradaca qan itirərək ölürdülər. Onlar şübhələndikləri tərəfdaşlarını taleyin ümidinə buraxır, qəsdən öldürürdülər. Sovet hökuməti Savçenkonu həbs edərkən onun ətrafında cinsi orqanları kəsik olan onlarla sektant var idi. Savçenko güllələndi, digər üzvlərə isə 12 il həbs cəzası verildi.
70-ci illər ATƏŞ SEKTASI ən təhlükəli sektalardan biri idi.
Rəhbəri cinayətkar Qleb Voznyuk olan bu sekta üzvləri ruhlarını təmizləmək üçün yanan tonqalın içinə girir, özlərini yandırıb öldürürdülər. Bəs necə inanmışdılar? Voznyukun qurbanları əsasən pravoslavlığın ”Staroobryadtsı” deyilən qədim ənənələrlə, mövhumatla yaşayan nümayəndələri idi. Ölməzdən öncə sektaçılar bütün əmlak və pullarını Voznyuka verməli idilər. 1971-ci ildə o 19 nəfəri bir komaya salaraq od vurub yandırmışdı. İkinci dəfə 8 nəfərlik qrup könüllü şəkildə alova qurban getmişdi. Voznyuksa özünə yığdığı pullarla ev və “Volqa” almışdı. Maraqlıdır ki, lider özü də yanaraq öldü. Polis onu qovarkən qəzaya düşdü, aşan avtomobili alovlandı və o yanaraq məhv oldu.
70-ci illərin daha bir təhlükəli sektası VİKTOR STOLBUNUN sektası idi.
Tibb təhsilini yarımçıq qoymuş bu adam şizofreniya və xərçəngi xloretil vasitəsilə yandıraraq müalicə etdiyinə inandırırdı. Bu sektada xəstələri elektrik cərəyanı verərək və ya döyərək “sağaldırdılar”. Qurbanları əsasən azyaşlı uşaqlar idi. Sektanın fəaliyyəti 2003-cü ildə, rəhbəri ölənə qədər davam elədi.
90-cı illərin “AĞ QARDAŞLIQ” sektası Mariya Sviqun tərəfindən yaradılmışdı.
10-cu abortdan sonra kliniki ölüm keçirən qadın özünün İsa peyğəmbər olduğunu deyirdi. Əri ilə birlikdə reinkarnasiya keçdiyini deyən qadının yaratdığı sektaya ailəsindən və maddi imkanlardan imtina edən insanlar gəlirdilər. Onlar 1993-cü ildə dünyanın sonunun gələcəyinə inanırdılar. Həmin il Kiyev küçələrində 666 nəfər sektaçı özünü öldürməyə cəhd edərkən polis tərəfindən yaxalandı. Ər-arvad həbs edildilər. Azadlığa çıxandan sonra isə Mariya yaşananları sadəcə gicbəsərlik adlandırdı.
90-cı illərin ikinci İsası ÖLÜDİRİLDƏN Qriqori Qrabovoy idi.
O, Vanqa ilə görüşmüş, Vanqa onu evindən qovmuşdu. Bu yalançı peyğəmbər ölüləri diriltdiyini deyirdi. O böyük pullar alır, ölü dirilməyəndə də (təbii ki, dirilən yox idi) deyirdi ki, onlar geri gəlmək istəmirlər.
2004-cü ildə Beslandakı terror aktında ölmüş uşaqları diriltməyə söz vermiş, Rusiya prezidenti seçilmək istəmişdi. 7 il həbsdən sonra hazırda Serbiyada yaşayan ölüdirildən yeni sekta yaradıb.
TANRI KUZANIN SEKTASI
2000-ci ildə özünü Tanrı adlandıran kor Kuzanın dönəmi başladı.
İnsanları transa salmağı bacaran “kor Tanrı”ya görə, qadınlar ərlərini uşaqlarını atıb onun ətrafına toplaşırdılar. Özünə hərəm yaratmış Kuza Tanrının 4 arvadı, yüzlərlə kənizi vardı.
Bax belə. Din insanı könüllü şəkildə hər əmələ vadar edə bilən gücdür. Bunu bilən fırıldaqçıların əlində isə ən təhlükəli silahdır.