Bəşəriyyəti gözləyən istiləşmə fəlakətləri haqqında məlumatlandırmaq üçün maraqlı addımlar atan Culiya Hill 738 gün ağac zirvəsində yaşayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Hill, 1500 il yaşayan ağacın kəsilməməsi üçün 738 gün tək onun üzərində yaşamağa çalışıb. 1974-cü ildə anadan olan Culiya Lorreyn Hill həyatının ilk illərindən təbiətə böyük sevgi ilə böyüyüb. 7 yaşında ikən təbiət gəzintisi zamanı barmağına qonan kəpənək balaca qızcığazın yanından heç vaxt ayrılmayıb. Bu hadisədən sonra Hillə “kəpənək”" ləqəbi verilib.
Culiya Hill 20 yaşında olanda avtomobil qəzasında ölümdən dönüb. İntensiv müalicədən sonra yenidən yerimə qabiliyyəti qazanan Hill həyatında dönüş nöqtəsi yaşadığını deyir. Sağaldıqdan sonra həyatında böyük bir boşluq hiss edən qız bəşəriyyətə fayda vermək istədiyini anlayıb. Bu müddət ərzində o, müxtəlif ekoloji etiraz aksiyalarında iştirak edib.
Taxta istehsalçısı “Pasicif Lumber Company” ərazidəki sekvoya ağaclarını kəsmək istəyib. Hill də daxil olmaqla ekoloqlar qırğına mane olmağa çalışıblar. 1500 yaşlı ağacın kəsilməsinə qarşı isə xüsusilə güclü müqavimət göstərilib. Culiya Hill 10 dekabr 1997-ci ildən Luna adlı bu ağacda yaşayıb.
Təxminən 50 metr hündürlüyündəki ağaca dırmaşan fəal tarixi sekvoya ağacının üzərində yaşamaq üçün kiçik platforma tikib və 738 gün sağ qalıb. Çətinliklərini dilə gətirən Hill şiddətli silkələnmə, böcəklər, əlverişsiz hava şəraiti və şirkətin onu təhdid edən işçiləri ilə qarşılaşdığını bildirib.
İnsanın təbiəti qorumaq üçün nə qədər uzağa gedə biləcəyini göstərmək istəyən Hill bütün çətinliklərə baxmayaraq, təslim olmayıb. Ağacda keçirdiyi 2 il ərzində ona daim dəstək olub. Onların tədarükü ekoloqlar tərəfindən qarşılanıb. Bu tarixi aksiya 1999-cu il dekabrın 18-də başa çatıb. Nəticədə qız məqsədinə çatıb və ağac kəsilməyib.