Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Abbasova Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib. Olayla bağlı Lent.az-a danışan aktrisa bildirib ki, bu gecə baş vermiş qəzaya aidiyyatı yoxdur: “Bu gün səhər açılandan telefonlarım susmayıb. Çox sağ olsun xalq artisti Amaliya Pənahova və bütün iş yoldaşlarım zəng etdi, hal-əhval tutdular. Hamı qəza törətdiyimi deyir. Amma həqiqət isə başqadır. Divara çırpılan “99 BO 089” dövlət seriyalı avtomobilin texniki pasportu mənim adımdadır. Amma mən maşını həmin gün etibarnamə ilə qəzanı törədən insana satmışam. Hadisəni başqası törədib. Mən yox. Şükür Allaha, paytaxtımızın hər yeri video-kameradır, seyr etsələr, görəcəklər mən deyiləm. Maşını satdığım insala danışdım, söylədi ki, qarşına adam çıxıb deyə, belə bir hadisə baş verib. Həmin şəxs də adının bu hadisədə hallanmasını istəmir. Deyirlər ki, sürücü hadisə yerindən qaçıb. Yalan söhbətdir. Sadəcə səhhəti pisləşdiyinə görə, hadisə yerindən uzaqlaşıb”.
Qeyd edək ki, aktrisa A.Abbasovaya məxsus “MG” markalı avtomobil Aeroport şosesində idarəetmənin itirilməsi nəticəsində yolun kənarındakı təhlükəsizlik səddinə çırpılıb. Sürət yüksək olduğundan, maşın səddə çırpıldıqdan sonra təxminən 50 metr irəli gedib. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Onu da qeyd edək ki, A.Abbasova qəzaya uğrayan avtomobillə daha əvvəl şəkil çəkdirib və bu foto internetdə yayılıb. Qəzadan sonra isə avtomobilin sürücüsü tez-tələsik olay yerindən uzaqlaşıb. O gedərkən maşının nömrələrini də çıxarıb. Avtomobildəki şəxsin kim olduğu isə aparılan araşdırmalardan sonra məlum olacaq.