Azərbaycanda bir çox layihənin müəllifi Ruhi Əliyeva media nümayəndələri ilə görüş keçirib. Lent.az-ın məlumatına görə, R.Əliyeva tədbirdə yeni layihəsindən danışıb. O bildirib ki, ATV-də dəblə bağlı, “Dəb siz” adlı proqram açacaq: “Oktyabr ayından ATV telekanalında yayıma çıxacağıq. Yeni layihəmizin mahiyyəti ondan ibarətdir ki, xanımlarımıza yaxşı, dəbli, özünə yaraşanı geyinməyi öyrədək. Yarışmaya qatılacaq xanımın libasına, geyim tərzinə baxacağıq, əgər qüsurlu olsa, həmin şəxs bizim iştirakçımız olacaq".
Daha sonra R.Əliyeva bildirib ki, layihənin münsif kürsüsündə özündən savayı Afaq İsmayılzadə və xalq artisti Faiq Ağayev əyləşəcək.
Onu da əlavə edək ki, R.Əliyevanın işlərində ona prodüser Tolik (Tarix Əliyev) yardımçı olacaq. Layihənin mətbuat əlaqələndiricisi isə Türkan Məmmədlidir.
Qeyd edək ki, canlı yayımlanacaq layihədə əsasən orta yaşlı qadınlar iştirak edəcək.