Bu gün Türkiyə səfirliyində əməkdar artist Tünzalə Ağayeva mətbuat konfransı keçirib. Məlum olub ki, o, “TRT Müzik” kanalında "Bir səsin cazibəsi" adlı verilişdə aparıcılıq edəcək. Lent.az-ın məlumatına görə, konfransda ilk olaraq T. Ağayevanın mahnılarından ibarət videoçarx nümayiş olunub. Sonra T. Ağayeva görəcəyi işdən danışaraq bildirib ki, o, 13 həftə aparıcılıq edəcək: “Bu təklif mənə bir müddət öncə gəldi. Düşündüm, qəbul etdim. İnanıram ki, bu layihə Türkiyə ilə Azərbaycan mədəniyyəti arasında körpü olacaq. Hər həftə Türkiyəyə gedib - gələsi olacam. Bununla paralel, burdakı işlərimi də davam etdirəcəm. Aparıcılıq edəcəyim proqramda daha çox musiqiyə yer veriləcək. Verilişimdə kimlərin qonaq olacağı isə hələ ki, gizli saxlanılır. Öncədən nəsə söyləmək istəmirəm, qoy sürpriz olsun. Proqramın adı da "Bir səsin cazibəsi"dir. Adından bəlli olduğu kimi fərqli səslər olacaq.”.
Sonra Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan da öz fikirlərini bölüşərək, bildirib ki, onların T. Ağayevanı seçməsi təsadüf olmayıb: “Biz Tünzalə xanımın canlı ifalarını, konsertlərinin çox şahidi olmuşuq. Türkiyədə proqram aparması barədə razılıq əldə olunduqdan sonra bu iş barəsində ictimaiyyətə xəbər verdik. Maraqlı bir proqram ərsəyə gələcəyinə inanırıq ”.
Xatırladaq ki, "Bir səsin cazibəsi" adlı layihə Türkiyə vaxtı ilə saat 11:00-da efirə çıxacaq.
Qeyd edək ki, konfransın sonunda T. Ağayevaya “Azərbaycan bayrağı” mükafatı da təqdim olunub.