Şou-biznes nümayəndələri vergi borclarını ödəyirmi?
15 yanvar 2016 10:38 (UTC +04:00)

Şou-biznes nümayəndələri vergi borclarını ödəyirmi?

 

Şou-biznes elə bir aləmdir ki, hər adam ondan baş çıxara bilmir. Bir zamanlar meydana çıxıb "mən filankəsin tayı deyiləm ki, filan qiymətə toya gedəm" deyən müğənnilərin nədənsə son zamanlar səsləri zəif gəlir. Sanki Azərbaycan Respublikası Vergilər Nazirliyinin şou-biznes nümayəndələrinə onların da bir vətəndaş olaraq vergi ödəyiciləri olduqlarını xatırlatmasından sonra vəziyyət xeyli dəyişib.

 

Lent.az “Kaspi” qəzetinə istinadən xəbər verir ki, əvvəllər ipə-sapa yatmayan müğənnilər sonradan rəsmi açıqlamalara təxminən belə münasibət bildirdilər: "Yox əşi, biz əslində mətbuata açıqladığımız o qiymətə toya getmirik ki... o qiyməti elə-belə, sözgəlişi demişik". Kimisi də əsəbiləşib, sosial şəbəkə səhifələrində mətbuat nümayəndələrini qınamaqla əslində bütün günahların jurnalistlərdə olduğunu söylədi. Bəzi şou nümayəndələri özlərini ağıllı hesab edərək qabaqdangəlmişlik etdi ki, "əslində mən toya ucuz gedirəm, jurnalistlər qəsdən baha yazıblar. Jurnalistlərin mənimlə qəsdi-qərəzi var". Görəsən, jurnalistlərin bu "qəsdi-qərəzinə" həmin müğənnilər əvvəllər niyə etiraz etmirdilər?..

 

Maraqlıdır, bəs görəsən, Vergilər Nazirliyi bizim bu "kasıb" müğənnilərimizin vergi borclarını niyə sildi? Gecə-gündüz "ancaq pulsuz qohum-əqrəba toyuna getmişik" deyən bu müğənnilər, məgər Azərbaycan vətəndaşları deyillərmi? Onların da daşımalı olduqları məsuliyyətlər yoxdurmu? Məsələ ilə bağlı bir qədər araşdırma apardıq.

 

24 minə yaxın vergi ödəyicisinin borcu silinib

 

Məsələ ilə bağlı Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən verilən məlumata görə, son bir neçə ay ərzində aparılmış geniş maarifləndirmə işləri və görülmüş tədbirlər nəticəsində şou-biznes sahəsində fəaliyyət göstərən xeyli fiziki şəxs vergi uçotuna alınıb, vergi borcları olan şou-biznes nümayəndələrinin mövcud borclarının çox hissəsi dövlət büdcəsinə ödənilib. Bildirildi ki, nazirlik tərəfindən vergi borcu olan şou-biznes nümayəndələrinin bir hissəsinin adlarının ictimaiyyətə açıqlanması da prosesə öz müsbət təsirini göstərib.

 

Nəticədə dekabr ayında vergi borcu olan və adları ictimaiyyətə açıqlanmış 41 şou-biznes nümayəndəsindən 34-nün adı, borcları ləğv edildiyinə görə həmin siyahıdan çıxarılıb. Belə ki, tanınmış şou-biznes nümayəndələrindən Nadir Qafarzadə, Ayaz Qasımov, Samir Piriyev, Almaz Ələsgərli, Manaf Ağayev, Rüfət Axundov, Nazim Pişyari və digərləri vergi borclarını ilin sonuna kimi tamamilə ödəyiblər.

 

Öyrəndik ki, ötən ilin 4-cü rübündə şou-biznes sahəsində çalışan vergi ödəyicilərinin fəaliyyəti ciddi nəzarətə götürülərək onların yeni il şənliklərində və toylardakı çıxışları qeydə alınıb: "Dekabr ayının axırlarında həmin şəxslərin təqdim etdikləri hər bir bəyannamə vergi orqanlarının əldə etdikləri məlumatlarla üzləşdirilib. Bundan başqa, şadlıq evləri qeydiyyat kitabçaları ilə təmin olunublar. Həmin şadlıq evlərində çıxış edən müğənnilərin bu qeydiyyat kitabçalarında iştirakları qeyd olunur. Şadlıq evləri bu işdə böyük məsuliyyət daşıyırlar. Bəzən mətbuatda dərc olunan müğənnilərin toy qiymətlərindən də istifadə olunur. Bu barədə bizim mənbəyi bəlli olan informasiya bazamız var. Bu bazaya əsasən əməliyyatlarımızı davam etdiririk".

 

Analitik informasiya şöbəsindən dedilər ki, vergi orqanlarında qeyd olunan məlumatlar mənbəyi bəlli olan məlumatlardır. Misal üçün, Bilal Əliyev deyir ki, mən toya bir milyona gedirəm. Ancaq aydın məsələdir ki, ifaçı bir milyon manata toya getmir. Vergi orqanları hər şeyə nəzarət edir. Nazirliyin 2015-ci ildə hesabladığı vergi öhdəlikləri o qədər də böyük deyil: "Onların ödəyəcəkləri bəlkə də bir dəfəyə real qazandıqlarından daha azdır. Təsəvvür edin ki, bir il ərzində 100 minə yaxın gəlir əldə edən şəxs cəmi 5 min manat vergi ödəyir. Bu onun ödəyə bilməyəcəyi məbləğ deyil. Bu qiymət müğənnilər üçün böyük bir əhəmiyyət daşımır. 34 müğənninin borcunun silinməsi məsələsinə gəlincə isə, onların böyük bir qismi vergi öhdəliyini yerinə yetirib. Yəni borclarını ödəyiblər. Bir qisminin isə dövlətin kiçik sahibkarlığa verdiyi dəstək çərçivəsində hesablanmış kiçik məbləğli borcları silinib. Bu da müğənnilərin çox cüzi hissəsidir. Ümumilikdə, dekabrın 30-da 24 minə yaxın vergi ödəyicisinin borcu silinib. Bunun çox cüzi bir hissəsi müğənnilərdir. Borcu silinənlərin əksəriyyəti fərdi sahibkarlıqla məşğul olan insanlardır".

 

"İmkanlı şəxslərə güzəşt olunması doğru deyil"

 

İqtisadçı-ekspert Samir Əliyev bizimlə söhbətində dedi ki, vergi qurumları vergi ödəyicilərinə münasibətdə müəyyən güzəştlər edib, borcları silirlər: "Bu baxımdan, məsələyə normal yanaşmaq lazımdır. Amma baxır kimin vergi borcunu silirsən. Doğrudan da çox böyük ehtiyacı olan fiziki şəxsə münasibətdə bu güzəşt tətbiq edilməlidir, nəinki şou-biznes nümayəndələrinə. Bu o demək deyil ki, şou-biznes nümayəndələrinə tətbiq edilməməlidir. Burda iki səbəb var: ya nazirlik vaxtında o vergi borcunu düzgün hesablamayıb ki, indi məcbur qalıb müğənnilərin vergi borcunu siliblər. Ya da ona xüsusi bir güzəşt kateqoriyası kimi baxıblar. Hər hansı bir şirkətin vergi borcunu silməklə həmin şirkəti xilas etmək olar və bu, orada işləyən insanların iş yerini itirməməyinə gətirib çıxara bilər. Ancaq şou-biznes nümayəndələrinə güzəştlərin tətbiq olunması məncə, o qədər də böyük pul itirilməsi demək deyil. Çünki o bir müddətdən sonra aldığı qeyri-rəsmi qonorar hesabına həmin borcu ödəyə biləcək. Nəzərə alsaq ki, aktiv şou-biznes nümayəndələrinin həyat səviyyəsi orta-statistik vətəndaşlarımızdan yüksəkdir, yaxşı olar ki, bu güzəşti yeni fəaliyyətə başlayan şirkətlərə, kiçik sahibkarlara tətbiq etsinlər, nəinki imkanlı şəxslərə".

 

Biz yanılırıqmı?

 

Son vaxtlar müğənnilər jurnalistlərin "toya neçəyə gedirsiniz?" kimi suallarına cavab verməkdən yayınırlar. Bu yazının müəllifi ötən ilin sonlarına yaxın "toy sahibi" kimi bəzi müğənnilərlə əlaqə saxlayıb, real qiymətləri öyrənsə də, sən demə, məsələ bizim bildiyimiz kimi deyilmiş. İnsanların gözlərinə kül üfürən müğənnilər öz iradlarını sosial şəbəkələr vasitəsi ilə bildirirlər.

 

Müğənni Elvin Abdullayev bir müddət əvvəl mediada toy qiyməti ilə bağlı yayılan xəbərə etiraz edib. Sənətçi toya 3 min manata getmədiyini bildirib: "Bununla ikinci dəfədir ki, toy qiymətimlə bağlı yazılar verirlər. Mən toya yazıldığı kimi 3 min manata getmirəm. Mənim toy qiymətim 4500 manatdır".

 

Borcu olanlar arasında müğənni Elton Hüseynəliyevin adının qarşısında 12 min manat borc yazılıb. Lakin Elton bu rəqəmə etiraz edərək, mətbuata belə bir açıqlama verib: "Hörmətli jurnalistlər və Vergilər Nazirliyinin əməkdaşları, bu gün yaydığınız məlumatda adını sadaladığınız müğənnilərin içində mənim də ismim var. Amma nəzərinizə çatdırım ki, onlardan fərqli olaraq, mənə kəsilən 12 min manat vergi borcumdan 5 min manatını 2015-ci il dekabrın 25-də ödəmişəm. Toylarım olmadığından 7 min manat borcum qalıb. İlk işim olduğunda, ödəyəcəyəm. Bunu əməkdaşlarınıza bildirmişəm. Dövlət vergisindən yayınan və heç 1 manat da olsun ödəməyənlər içərisində məni ən axırıncı sıraya qoymağınızı düzgün qarşılamıram. Çünki ən azından, mənə qoyulan vergi borcunun 50 faizə yaxınını ödəmişəm".

 

Məsələ burasındadır ki, vaxtilə toy şənlikləri üçün mediada yüksək qiymət açıqlayan müğənnilər bu yolla PR etməyin indi onlara baha-başa gəldiyini anlayıblar. Müğənnilərin toy qiymətləri sonuncu dəfə 2015-ci ildə açıqlanıb. Məsələn, 2015-ci ilin yanvarında yayılan qiymət siyahısında 14 min manatla ikinci olan Abbas Bağırov indi "Xəzər Xəbər"-ə açıqlamasında bu faktı təkzib edir. O, ümumiyyətlə toylara getmədiyini, yaradıcı işlərlə məşğul olduğunu deyir.

 

Toy qiyməti 6000 manat göstərilən müğənni Ayaz Qasımov isə qiymətlərdə heç bir dəyişiklik etmədiyini bildirməklə yanaşı, göstərilən məbləğin də düzgün olmadığını deyib. Siyahıda qeyd olunan digər müğənni Rüfət Axundov isə toy qiymətinin 3000 manatdan daha az olduğunu və heç bir dəyişiklik etmədiyini bildirib.

 

Qeyd edək ki, vergi ödəmək hər kəsin Konstitusiya borcudur. Vergi Məcəlləsinin 16.1.1. maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən olunmuş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin borcudur. Vergi Məcəlləsinin 24.0.2. məddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək isə vergi orqanlarının vəzifəsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Oxşar yazılar