Xalq artisti Faiq Ağayevin dəstəyi ilə şou-biznesdə irəliləyən “Dostlar” qrupu təqdimat keçirib.
Lent.az-ın məlumatına görə, tədbirdə gənc ifaçıların ifa etdikləri “Yandım hər gecə” adlı bəstələrinə çəkilmiş klipin təqdimatı olub.
Təqdimata şou-biznesin tanınmış simaları qatılıb. Onların arasında Namiq Qaraçuxurlu, Günay İbrahimli, Humay Qədimova, Nura Suri, Əbdül Xalid, Təranə Səmədova və başqaları var idi.
Sözləri Elvin Musayevə, musiqisi Əhməd Mustafayevə aid olan klip qonaqlara təqdim edildikdən sonra xalq artisti Faiq Ağayev öz təəssüratlarını bölüşdü: “Əvvəla onu deyim ki, “Dostlar” qrupu ATV-nin bir musiqi layihəsində tanış oldum. Tanış olduqdan sonra gördüm ki, onların hər biri ayrı-ayrılıqda çox istedadlı gənclərdir. Deyərdim ki, gələcəyin peşəkar ifaçılarıdır. İfaçılıqdan əlavə onların insanı keyfiyyətləri də ürəyimcədir. Bu gün bura onların yeni yaradıcılıq işlərini görməyə Azərbaycan mediasının bir çox tanınmış jurnalistləri ilə yanaşı tanınmış simaları da gəlib. Bunun özü də qrup üçün müəyyən stimuldur. İşlərinin ardı gəlsin”.
Qeyd edək ki, rejissor Tural Rəcəbovun çəkdiyi klipdə ATV-nin “10-lar” verilişinin müxbiri Çinarə Nəsrəddin də rol alıb.