Qalmaqallı açıqlamaları, şou-biznesdə etdiyi layihələri ilə tanınan müğənni Nadir Qafarzadə bu gün “Maral” mahnısının yeni versiyasını təqdim edib. Lent.az-a açıqlama verən N. Qafarzadə bildirib ki, bəstənin yeni versiyası Türkiyədə hazırlanıb: “Bu iş asanlıqla başa gəlmədi. Mahnının yeni versiyasında xeyli sayda canlı alətdən istifadə olunub. Sözün düzü, “Maral” mahnısını müxtəlif üslublarda mənə təqdim etmişdilər. Amma bəyənməmişdim. Ən sonuncu hazırlanan versiyanı isə ilk eşitdiyim andan etibarən bəyəndim. Bu mahnı mənə uğur gətirib. Düşünürəm ki, dinləyicilər bu versiyanı da sevəcək”.
N. Qafarzadə daha sonra bildirib ki, “Maral” mahnısı çox sevilsə də, tənqid atəşinə tutanlar da olub: “Bu günə qədər Azərbaycanın klassik estrada, xalq mahnılarını və digər korifey sənətkarların bəstələrini oxumuşam. Amma heç bir mahnım “Maral” qədər müzakirə mövzusu olmadı. Hətta bəzi həmkarlarım var ki, efirdən “Maral” mahnısını bəyənmirəm, deyirlər. Amma toylara gedirsən, görürsən ki, həmin o sözü deyən müğənni “Maral”ı oxuyur. İfa etdiyim mahnının bu qədər müzakirə olunması məni bir ifaçı kimi sevindirir”.
Müğənni daha sonra deyib ki, Azərbaycanda gözlənilməz layihə həyata keçirəcək: “Təxminən bir ay sonra elə bir layihə edəcəm ki, bunu heç kim etməyib. Bunu etdiyimə görə bir çoxları məni dəstəkləsə də, tənqid edənlər də olacaq. Amma çox maraqlı bir layihə olacaq. Gözləsinlər. Bu proyektimin nədən ibarət olmasını isə gələn həftə mediaya açıqlayacam”.
Qeyd edək ki, N. Qafarzadənin “Maral” mahnısı dinləmə sayına görə, Azərbaycan ifaçıları arasında 1-ci yerdədir.