[b]Bir aya 6 kiloqram arıqlayan əməkdar artist: “Daşdan yumşaq nə olsa...” - <span style="color:red;">REPORTAJ [/b]
07 noyabr 2014 18:21 (UTC +04:00)

[b]Bir aya 6 kiloqram arıqlayan əməkdar artist: “Daşdan yumşaq nə olsa...” - REPORTAJ[/b]

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, Lent.az-ın bu həftə “Bazarlıq”ında ötən il Prezident mükafatına layiq görülən əməkdar artist Mehriban Xanlarovadır.

 

Onunla görüşümüz alış-veriş edəcəyimiz supermarketin qarşısında oldu. Hal-əhval tutduqdan sonra alış-veriş edəcəyimiz məkana daxil oluruq.

 

- Sizə deyə bilərəm ki, alış-verişə çıxmaqdan xüsusi zövq alıram. Adam bazarlıq edəndə rahatlaşır. Nə olsun ki, sənətçiyəm. Elə günüm olub ki, çörək tapmamışam yeməyə. Amma olmayan yerdən ortalığa nəsə çıxara bilirəm. İndi bu bəzilərinə inandırıcı gəlməyəcək ki, Mehriban xanımın pulu olmadığı vaxtlar olub. Amma inanın mənə, bəzən elə olur ki, ayın axırına qədər pul çatmır. Müğənnilərlə biz eyni deyilik. Onların pulu toydan çıxır. Axı biz toylara getmirik.

 

- Alış-verişimizə hansı bölmədən başlayaq?

 

- Elə birinci qənd-çay alacam. Onları alım, sonra ət məhsulları satılan bölməyə keçərik.

 

2 kiloqram qənd, 700 qramlıq çay alır.

 

- Evə bazarlığı həmişə özünüz edirsiniz?

 

- Hə, yalnız mən bazarlıq edirəm. Mənim bir amalım var ki, anama, ailəmə yaxşı baxım. Ona görə də tez-tez bazarlıq edirəm.

 

- Bəs yemək bişirməklə aranız necədir?

 

- Evdə daha çox yeməkləri 80 yaşlı anam hazırlayır. Amma mən də çalışıram ki, arada nəsə hazırlayım. Məsələn, dost-tanış, qohumlar evə gələndə mən də bişirirəm. Qadın qadındır. Əlindən hər şey gəlməlidir.

 

- Məhsul alarkən keyfiyyətinə diqqət edirsiniz?

 

- Hə, mən sağlamlığıma diqqətlə yanaşan insanam. Ona görə də keyfiyyət göstəricilərinə fikir verirəm. Ümumiyyətlə, buna hər bir insan diqqət eləməlidir.

 

Ət məhsulları satılan bölmədəyik.

 

- Bax, burda qəşəng ət var. Bax bu hisə verilmiş balıq da var. İndi baxım, bəlkə aldım.

 

- Daha çox hansı ət məhsullarına üstünlük verirsiniz?

 

- Mal ətindən hazırlanmış yeməkləri çox sevirəm. Dəniz məhsullarını da xoşlayıram. Evdə var, amma yenə də hər ikisindən alacam.

 

3 kiloqram sümüksüz ət istəyir. Satıcı ilə dialoqundan məlum olur ki, təzə və köhnə ət anlayışından xəbərdardır.

 

- Mənə sümüksüz mal əti verin, amma təzə olsun. Baxın ha, mən bu barədə anlayışlıyam. (gülür)

 

Satıcı:

 

- Bizdə bütün ət məhsulları yenidir. Hansı tikəni istəyirsiniz? Göstərin, çəkim...

 

- Bax elə bu birinci polkada olan tikəni çəkin. Sonra, bu hisə verilmiş balığı da verərsiniz.

 

Satıcı dediyi kimi edir. 3 kiloqram mal əti, 1 kilo 700 qram da hisə verilmiş balıq alır.

 

- Ən sevdiyiniz yemək?

 

- Yarpaq dolmasını çox sevirəm.

 

- Sevmədiyiniz yemək?

 

- Mən elə insanam ki, heç vaxt gəlib evə deməmişəm ki, “bu nə yeməkdir bişirmisiniz?” Allah nə yetiribsə, yeyib şükür etməyi bacaran insanam. Daşdan yumşaq nə yemək oldusa, yeyə bilərəm. 

 

- Pəhriz saxlayırsınız?

 

- Aclığa dözümlü insanam. Amma elə də pəhriz saxlayan deyiləm. Çox da yemirəm. Sadəcə təbim çəkən yeməkdən nəfsimi öldürmək üçün bir az yeyirəm. Onu da deyim ki, hər zaman 66 kiloqram olmuşam. Amma bir ay ərzində tətbiq etdiyim pəhriz və piyada gəzməyim sayəsində 6 kilo arıqlamışam. İndi özümü daha yaxşı hiss edirəm. Məni tanıyan insanlar bilir ki, gün ərzində ən azı 2 saat piyada gəzirəm. Bunu hər kəsə tövsiyə edirəm.

 

- Hansı yeməyi yaxşı hazırlayırsınız?

 

- Hazırladığım döşəmə aşdan bir çox məni tanıyan insanlar danışır. Həqiqətən əlimin duzu var. Dovğanı da çox bişirirəm.

 

- Hazırlaya bilmədiyiniz yemək var?

 

- (Bir az düşünür) Yalan nə deyim? Xəmir yaymağı, xəmir yeməkləri bişirməyi bacarmıram.

 

Su məhsulları satılan bölmədəyik

 

- Hər gün 2 litrə yaxın su içirəm. Səhər namaza duranda 200 qramlıq stəkan götürüb, onu su ilə doldururam. Sonra üzərinə zəncəfil, yarım çay qaşığı bal əlavə edib, onu 1 saat ərzində içirəm. Axşama qədər isə, 2 litrlik suyu içib qurtarıram.

 

- Gün ərzində neçə dəfə yemək yeyirsiniz?

 

- Bir dəfə yeyirəm. Çox yeyən deyiləm.

 

Söhbət edə-edə keçirik tərəvəz bölməsinə.

 

- Meyvə-tərəvəz məhsullarına üstünlük verirəm. Əsil vitamindir. Təxminən 2-3 gün olar ki, meyvə-tərəvəz məhsulları almışam. Amma buna baxmayaraq banan, alma, armud, göy-göyərti, bibər də götürəcəm. 

 

Dediyi kimi də edir. 2 kilo baban, hərəsindən 1 kiloqram olmaqla alma, armud alır. Birdən yadına nəsə düşür...

 

- A lap yadımdan çıxmışdı. Zeytun yağı alacam. Evdə də ya qurtarıb.

 

Yağ alandan sonra düyü almaq istəyir.

 

- Yalçın, sənə dedim axı aşı gözəl hazırlayıram. (gülür) İndi düyü almasam, düzgün olmaz. Çünki aşda sevdiyim yeməklər sırasındadır. Bax, bu qutuda olan 5 kiloluq düyünü götürüm. Daimi bundan alıram.

 

5 kiloluq düyü alır. Parfümeriya bölməsinə keçid alırıq.

 

- Quru salfet, əl-üz sabunu alım. Mənə elə gəlir ki, buradan başqa heçnə götürməyəm.

 

Şirniyyat məhsulları satılan bölmənin yanından keçirik.

 

- Şirniyyat xoşlayıram, amma çox yemirəm. Ona görə də indi almayacam. Sadəcə bir çörək alım. Düşünürəm ki, bu qədər məhsul aldım bəs edər. İsrafçılığı sevmirəm. Yemədiyim nəyəsə pul verməyi sevmirəm.

 

Alış-verişi yekunlaşdırıb, kassaya yaxınlaşırıq.

 

Kassir xanım malları bir-bir hesabladıqca aktrisa pul kisəsinin ağzını açır.

 

***

 

Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 105 manat, 30 qəpik...

 

# 4857
avatar

Yalçın UĞUR

Oxşar yazılar