“Bacım intihar etməsəydi, onu özüm öldürəcəkdim. Qeyrətli oldu, bunu özü etdi”. Lent.az-ın məlumatına görə, bu sözləri ATV telekanalında verilişlərin birində qonaq olan müğənni Mətanət Əsədova deyib. İfaçı bir müddət öncə həbsxanada intihar edən bacısı haqqında sözlərinə belə davam edib:
“Tanıyanlar biliir ki, hər zaman düzünü demişəm. Bacımın həbs olunmasından xəbərsiz idim. Onun tutulduğunu yalnız intihar etdiyi gün bildim. Özü qorxusundan məndən gizlədib. Mənə zəng etdi ki, "bağışla, sənə layiq olmayan yerdəyəm". Yanıram, ölürəm, ürəyim partlayır, onu heç kim əvəz etmir. Amma intihar etməsəydi, özüm onu öldürəcəkdim. Qeyrətli oldu, bunu özü etdi. İstər qadın, istər kişi, qarşılıqsız sevgi yaşayırsa, vay onun halına. Dedim, ayrıl ondan, o, səni yox, mənim pulumu sevir. Razılaşmırdı, deyirdi, yox, məni sevir. Narkoman nə bilir istək nədir? Onun üçün hər şey pul idi. Mən bacımı ovcumun içində saxlayırdım. Ona sual verdim ki, niyə məni hər kəsin içində gülünc vəziyyətə saldın? Günahım nə idi belə etdin?”.
Qeyd edək ki, müğənninin bacısı Nurlana Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluq etdiklərinə görə həbs edilmişdilər.