Üzeyir: “Aygünün ən uğurlu duet ortağı mənəm”
“Atam müğənni olmağımı istəmirdi. Sonralar, daha dəqiq desək, indi-indi qəbul edir. Amma qalmaqal görəndə əvvəlki fikrinə qayıdır, “oğlum bəlkə, sənətini dəyişəsən?”, ya “çıxma efirə, ya da bu söz-söhbətlər olmasın, oxuyursan, oxu özün üçün” deyir. Müsahibim Üzeyirdi. Atasının etirazlarına rəğmən müğənnilik edən Üzeyir Mehdizadə.
- 1989-ci il dekabrın 24-də Sumqayıtda ziyalı ailəsində dünyaya gəlmişəm. Atam məni başqa sahədə görmək istəyirdi. Amma qismət elə gətirdi ki, bu sahəni seçdim. Düzdür, bu istəyim mənə baha başa gəldi, tənqidlərə tuş gəldim.
- Birdən-birə tanınmağının sirri?
- Məni tanıdan ilk əvvəl ağlım, daha sonra musiqilərim oldu. Bunun üçünsə mənə o qədər də pul lazım olmadı. Uğurlarımın ilk səbəbi isə həvəsdən düşməməyimdir. Baş işlədi. (gülür) Yaradıcılığımda yeniliklər oldu deyə tanındım.
- Bildiyim qədəri ilə yaxşı toylara gedirsən. Hətta Azərbaycandan kənarda da səni el məclislərinə dəvət edirlər...
- (Gülür) Bəli. Şükür, pis deyil. Mənə çox ölkələrdən təkliflər gəlir. Amma sözsüz ki, Rusiyadan gələn təkliflər çox olur. Özü də məni toya dəvət edən kütlə “krutoy” təbəqədi.
- Olub ki, səni toya çağırsınlar və ifanı bəyənməsinlər, xoşa gəlməz halla qarşılaşasan?
- Yox. Olmayıb. Məni el məclisinə çağıran adam mənim sənətimi sevdiyi üçün toyuna çağırır. Əgər məni bir yerə dəvət edirlərsə, öncədən düşünürlər.
- Mediadan qaçmağının səbəbi nədir?
- Bunun səbəbini deyim də...Qalmaqaldan, müsahibə verməkdən yan gəzirəm. Bu gün istisna olmaqla (gülür). Bilirsiniz, mən tam fərqli fikirli insanam.
- İfa etdiklərinizə bayağı janr, ara musiqisi deyirlər. El dilində desək, səviyyəsiz mahnılar...
- Kimdir səviyyəsiz? Mən bayağı mahnılar oxuyuram? Onu kim deyir? Kim deyirsə gəlsin mənimlə üz-üzə, sonra görüm o hansı səviyyədən danışır. Daha sonra oturaq musiqidən danışaq. Həmin insanların musiqidən xəbərləri yoxdur. Çünki, musiqini bilənlər danışmır, bilməyənlər düşüb ortaya. Ümumiyyətlə, siz bayağı nəyə deyirsiniz ki? Mahnılar nə üçün yazılır ki? Biz müğənnilər mahnını nə üçün ifa edirik? Ona görə ki, arada (?-Y.S.) olan insanlar da mahnıya qulaq assın, dinləsin. Kosmosdan gəlib qulaq asmayacaqlar ki?
Məqsədim, hədəfim, Azərbaycanı ölkə hüdudlarından kənarda tanıtmaqdır.
- Üzeyir “Eurovision”da ölkəmizi təmsil edə bilər?
- (Gülür) Yox. Mənim ona iddiam yoxdur. Bacarmaram, mənlik deyil. Şərt o deyil ki, müsabiqəyə qatılıb, təmsil edəm. Belə özüm müsabiqədən kənar da nəsə edə bilərəm.
- Artıq cangüdənlə gəzdiyinizi söyləyirlər...
- Yox, yox. Cangüdənə ehtiyacım yoxdur. Mənim dostlara ehtiyacım olur.
- Sonuncu duetinizi Türkmənistanlı Enya ilə oxudunuz. Ondan öncə isə xalq artisti Aygün Kazımova ilə. Səninlə duet oxuduğu üçün Aygünə çox iradlar söylənildi...
- Aygün Kazımova ilə oxuduğumuz duet ən uğurlu duet oldu. Mənə elə gəlir ki, bu günə qədər elə duet olmamışdı ki, “Youtube” kanalında dinlənmə sayına görə “Qoy bütün aləm bizdən danışsın”a çatsın.
- O zaman deyə bilərikmi Aygün Kazımovanın ən uğurlu dueti sizinlə olub?
- Əlbəttə ki. Demək olar. Bu günə qədər elə bir duet var idimi ki, üç ay ərzində o qədər dinlənsin?
- Sosial şəbəkədən istifadə edirsinizmi?
- Hə. Yeni başlamışam “Facebook”a girməyə. Tez-tez olmasa da, mütəmadi həmin sayta daxil oluram. Məqsədimsə tanımadığım şəxslərin mənim adımdan profil açmasının qarşısını almaqdır. Digər tərəfdən isə, dostlarımla yazışmaq.
- Bəs Üzeyirin səhnə geyimlərini kim seçir? İmiciniz Üzərində işləmək niyyətiniz varmı? Stilistiniz var?
- Mənim imicimin üzərində heç kim işləmir. Hər şeyi özüm seçirəm. Şükürlər olsun geyimi bilirəm. Zövqüm yaxşıdır.
- Bəs sizin mahnılarınıza hansı yaş təbəqəsindən olan insanlar qulaq asır?
- Daha çox cavanlar. Amma son zamanlar yaşlı nəslin nümayəndələri də mənim ifama qulaq asır. Janrımda bir az dəyişiklik etmişəm axı.
- Həmkarlarınızın bir çoxu sizin ifanızı bəyənmir. Səbəbini bəlkə deyəsən?
- Paxıllıqdır.
- Bir ara Əli Mirəliyevlə qalmaqalınız oldu. Hazırda münasibətlər normaldır? Yoxsa?
- Biz qız deyilik ki, küsək. Ola bilər ki, sənət barəsində anlaşılmazlıq olub. Mən küsülü qala bilmirəm.