Azərbaycan Dövlət Musiqili Teatrın aktrisası Xanım Qafarova kimyaterapiya ediləcək. Lent.az-a açıqlama verən X.Qafarova bildirib ki, mayın 6-da Milli Onkoloji Mərkəzində kimyaterapiya qəbul edəcək: “Bir neçə gün öncə səhhətim birdən-birə pisləşdi. Sümüklərim ağrımağa başladı. Dözülməz ağrılar havalar dəyişən zaman çox olur. İki gün əvvəl Onkoloki Mərkəzə gedib, qan köçürtdüm. Mayın 6-da yenidən ora gedəcəm. Həkimlər yenidən müayinə edəcəklər. Qanım yuxarı olsa, kimyaterapiya edəcəklər”.
Aktrisa bildirib ki, yaşadığı evdə müalicəsini davam etdirmək çətindir: “Hələ ki, müalicəm ev şəraitində davam etməlidir. Amma həkimlər dedilər ki, yaşadığım ev havasızlıq və nəmişlikdir. O şəraitdə müalicəmi davam etdirmək çox çətindir. Çünki ev əvvəllər qaraj olub. Biz oranı ev eləmişik. İndi görürəm ki, xəstə halımla belə şəraitdə yaşamağa tab gətirə bilmirəm. Amma yenə də optimistəm, sağalacağıma inamlıyam. Çünki azyaşlı övladım, anamın, məni sevənlərin duası mənimlədir”.
Qeyd edək ki, X.Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib.