Müğənni Əli Mirəliyev və aparıcı-prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.
Lent.az-ın xəbərinə görə, Əli Mirəliyev verilişlərdən birində mərhum Xalq artisti İlhamə Quliyeva haqqında “Mən onun “ağsaqqalı” olmuşam” sözlərini işlədib. Canlı yayımda proqrama qoşulan Tolik Əli Mirəliyevin yalan danışdığını deyib.
O bildirib ki, İlhamə heç zaman Əli Mirəliyevi öz yaxınına buraxmayıb:
“İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxanın toyunu mən prodüser olaraq təşkil etmişdim. Siz Əli müəllim orada yox idiniz. O toyda nə siz, nə sizin qızınız, nə də sizin həyat yoldaşınız vardı. İlhamə Quliyeva “Şərəf” ordeni ilə mükafatlandırılanda 300 nəfərlik məclis təşkil etmişdi. Orada da nə sən, nə ailən vardı. İlhamə xanım sizi heç qapısına qoymurdu.
Nə boş-boş danışıb camaatı aldadırsınız? Öləndən sonra onun adından yalanlar uydurub efirlərə çıxırsınız. Utanmırsınız? Ayıbdır, yekə kişisiniz. İlhamə xanım Əli Mirəliyevi heç həndəvərinə qoymurdu”, - o bildirib.
Tolik qeyd edib ki, İlhamə xanımın sağlığında aldığı “Hammer” markalı avtomobili onun adına olub.
“Mən o avtomobilin sükanı arxasına əyləşib İlhamə xanımı rayonlara aparırdım. Amma bir dəfə də olsun sizi nə onun yanında gördüm, nə də onun sizin adınızı çəkməyini eşitdim. Amma siz çıxıb yalandan deyirsiniz ki, ona mənim qızım baxıb. Ayıb olsun”, - Tolik vurğulayıb.