Lent.az “Ömrün bir anı” rubrikasında həyatı boyu qüruru, ləyaqəti ilə yaşamış aktyoru, Tarık Akanı yad edir.
1976-cı ildə “Gilette” ülgüc firmasının bütün dünyada yayımlanacaq reklam təklifini rədd edən Tarık Akan az sonra alman istehsalı olan avtomobilin reklamından gələn təklifi də rədd edib. Hər iki firmanın təklifi rədd edilməyəcək qədər böyük və cazibədar idi.
Bunun ardınca aktyora şampun, diş pastası, banklar və bir çox önəmli firmaların reklam təklifləri gəlsə də, o həmişəki kimi “yox” cavabı verir. O dönəmlərdə Tarık Akan türk kinosunun ən sayılıb seçilən aktyorlarından biri idi.
Bu astronomik reklam təkliflərini tərəddüd etmədən rədd edən Tarık Akan bunun səbəbini o zaman belə izah etmişdi.
"Bu təkliflər Tarık Akan olduğum üçün edilir. Bu adı kimdən almışam? Kino tamaşaçılarından. Məni onlar Tarık Akan etdilər. İndi bu təkliflərə "hə" desəm, adı yenidən onlara satacam. Pul dünyada hər şey deyil”.
Tarık Akan 45 il sənətdə oldu və bu müddətdə gələn reklam təkliflərini qəbul etmədi. Heç bir reklamda rol almadı. Onun iştirakçısı olduğu filmlərdən birindən kiçik bir fraqmenti hazırda sosial çarx kimi istifadə edirlər. Bu fraqment qan xərçəngi xəstəliyi olan uşaqların müalicəsi üçün maarifləndirici xarakter daşıyır. Aktyor Türkiyə “Leykemiya Dərnəyi”nə xeyli miqdarda köçürmə edib və filmin bu məqsədlə istifadəsinə narazılıq etməyib.