Tanınmış aparıcı: “Ona qarşı çıxsa, həmən öldürərəm...” -  SÖHBƏT
28 fevral 2013 13:41 (UTC +04:00)

Tanınmış aparıcı: “Ona qarşı çıxsa, həmən öldürərəm...” - SÖHBƏT

Bu dəfə İctimai Televiziyanın aparıcısı Könül Arifqızı ilə “Qız-qıza” söhbət edəcəyik. O, “S+” Qadın Klubuna girər-girməz elə çantası çiynində piano qarşısında əyləşdi. Çala-çala müsahibəyə başladı, sualı da özü verdi, cavabı da:

 

- Bax məndən soruşsan ki, həyatda ən böyük peşmançılığım nədir, deyəcəm barmaqlarımın formadan düşməsi. Televiziyaya gələndən sonra fortepiano ifaçılığını tamamilə kənara qoydum, evi dəyişəndə pianomu satdım. Tək peşmançılığım budur. Həyatımda qalan nə varsa hamısına sadəcə müşahidəçiyəm. Heç nə mənim tabeçiliyimdə deyil. Yaxşı da, pis də, uğur da, uğursuzluq da, hamısı özü gəlir-gedir… Üzülmürəm də, əksinə, həmişə deyirəm bundan da pis ola bilərdi, Allah mənim üçün daha yaxşısını elədi.

 

Düşünməyin ki, biz qızlar bir yerə düşəndə həmişə eyni şeylərdən danışırıq. Qətiyyən! Hər qadının öz mövzusu var. Könülün mövzusu isə siyasət, sosial, ictimai mövzulardır. Ölkənin daxili və xarici siyasətini Sizin üçün elə təhlil etsin ki, politoloqları belə təəccübləndirsin. Yaşıl çaylarımızı içə-içə, başlayırıq ölkənin siyasi gündəmindən danışmağa. Söhbətimiz layihənin formatından çıxmasın deyə, uzun-uzadı siyasi söhbətlərimizin arasındakı “qız-qıza” fikirləri yazacam. Amma deməyin ki, bu söhbətin bu mövzuya nə dəxli var? Qadın dediyin ən ciddi mövzu haqqında danışanda belə üç abzas fikir deyər, üçü də bir-birindən fərqli mövzular və elə keçid edə bilər ki, nəfəsini dərə bilməzsən. Və qadın dediyin hansı mövzudan danışır danışsın, söhbəti fırladıb öz “mən”inə gətirər. Məsələn, ancaq qadın ölkə iqtisadiyyatından danışanda söhbəti geyimə, şoppingə, zövqə gətirər:

 

- Brend düşkünü deyiləm. Amma ürəyimə yatan bir şeyi təxmin etdiyim qiymətdən baha da olsa alaram. Əsasən ezamiyyətə gedəndə şopping bayramı edirəm. Orda çeşid çox olur, endirimi hiss edirsən. Bakıda heç kim məni mağazalardan əli dolu çıxan görə bilməz. Xaricdə isə olur ki, hətta nəyisə bəyənirəm, almağa ya pulum qalmır, ya əlimdə yer olmur, səhər isə təyyarə qalxacaq. Mən təyyarəyə minməzdən əvvəl qaçıb onu alıram. Nəinki özümə, ailədəki hər kəsi nəzərə alıb, çemodanı doldurub gəlirəm. Qiymətli zinət əşyalarına düşkünlüyüm heç vaxt olmayıb. Bijuteriya da ola bilər, təki paltarı tamamlasın. Üstümdə bir saat, bir üzük... mütləq bir. Barmaqlarımı doldurmağı sevmirəm. Sırğam isə həmişə olur. Yəqin ki, aksessuarlardan sırğaya üstünlük verirəm. Geyimim endirimdən alınmış bir şey ola bilər. Amma düşünürəm ki, çanta və ayaqqabı keyfiyyətli olmalıdır. Onun da düşkünü deyiləm. Ümumiyyətlə, mən bu həyatda heç nəyin düşkünü deyiləm. Qırmızı rəngi çox sevirəm, çalışıram çox vaxt üstümdə bu rəng olsun. Ruhumun da rəngi hərdən qırmızı olur, mavi də ola bilir, çəhrayı da, ağ da. Hər nə olur olsun, bircə qara olmasın!

 

Və ya 2013-cü ilin prezident seçkiləri ili olduğundan danışıb, sonda gəlib çıxar şəxsi seçimlərə:

 

- Həyatımda normal insanın istəyəcəyi hər şey var. Valideynlərim sağdır, bacım-qardaşım yanımdadır, işim-gücüm, azdan-çoxdan cəmiyyətdə mövqeyim var. İnsan var ki, ətrafında hər cür insan var. Mən isə ətrafımdakı insanları seçirəm. Sanki yol gedirəm və orda o hər cür insanla rastlaşıram, onlar mənə yaxınlaşmağa çalışırlar, amma yanımda qalmırlar, ötüb keçirlər. Özləri başa düşürlər ki, bu onların yolu deyil. Bu, insanlara yuxarıdan aşağı baxmaq deyil. Əsla! Kişiyə gəlincə… Yanındakı… arxandakı kişi elə olmalıdır ki, problemləri öz üzərinə götürə bilir, sən heç nəyin qayğısını çəkmədən yaşaya bilirsən. Kişi sənin arxan, dayağın, himayədarın, güvəndiyin insan olmalıdır. Həyatında belə kişi varsa deyə bilərsən ki, “mən xoşbəxt qadınam”.

 

Müharibə, ondan əvvəlki və sonrakı Azərbaycan... Münaqişənin həlli yolları... ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfərləri və harda, necə dincəlməli:

 

- Uşaqlığım Ağdamda nənəmgildə keçib. Tətil bitəndə ordan ağlaya-ağlaya qayıdırdım. Ölürəm təbiət üçün. Dincəlmək üçün təbiətə çıxmadın, dağa, meşəyə getmədinsə nə dincəlmək? Amma bizim həyatımızda bu mümkün olmur. Deyək ki, özümü təbiətdən məhrum edirəm. Uşaqlarla görüşəndə də bəlli bir səbəb olur və onu müzakirə edib dağılırıq. Əlavə söhbətimiz siyasət, kino ya da musiqidir. Filmə getməyi çox sevirəm. Dincəlmək üçün kinoteatra gedirəm, yenə də uşaqlarla. Vaxt az olur deyə filmdən çıxan kimi də evə qaçırıq. Axşam başlayırıq Facebookda müzakirə etməyə. Macəra filmlərin sevirəm. Orda hər şey var, dinamika, əyləncə, komediya. Tarixi filmləri də çox sevirəm. Zəhləm fantastik və dəhşət filmlərindən gedir. Bunlar heç mənlik deyil. Adamlar var hind kinosuna baxıb ağlayır, mənim isə belə mənzərəyə ətim tökülür. Elə filmlər ki, oğlan ölür, ya qıza nə isə olur, məni ağlatmır, əksinə gülməli gəlir. Amma İnyaritunun (Alexandro Gonzalez İnyaritu) Vavilon filminə baxanda ağlamaya bilmirəm.

 

Əkrəm Əylislinin “Daş yuxular”ından başlayan söhbət isə mətbəxəcən, ev işlərinəcən gedib çıxır:

 

- Ömrümdə mətbəxə girməmişəm demək absurd olar. Girmişəm də, bişirmişəm də, tərifləyiblər də. İndi isə girmirəm, çünki işə səhər gedib axşam gələn birinin bişirdiyi yemək kimə lazımdı? Allah anamın canın sağ eləsin, mən işdən gələnə kimi özləri bişirirlər də, yeyirlər də. İnan, işdə o qədər enerjim gedir ki, evə ancaq dincəlməyə gəlirəm. Vaxt olanda kitab oxuyuram. Sevimli kanalım The History Channel-dır. Orda tarixi hadisələrdən, alimlərin, bəstəkarların, rəssamların, kral-kraliçaların həyatından bəhs edən verilişlərə baxıram. Kefim yaxşı olanda “Komedi Klab”a baxıram. Evdə gördüyüm iş təmizlik işidir. Yəni bu iş mənim çiynimdədir. Çalışıram hər gün, ya da gün aşır edim ki, bazar gününə çox iş qalmasın. Amma işdən lap taqətdən düşmüş halda gələndə bazar günü “böyük təmizlik günü”nə çevrilir. Deyim ki, evimizi təmizlədikcə ləzzət alıram.

 

Beynəlxalq əlaqələrdən başlayıb ailə daxili söhbətlərə qədər gedib çıxırıq:

 

- Murada (Murad Arif) körpə vaxtı mən qulluq edirdim. Anam yanımda qoyub işə gedirdi. Elə sakit uşaq idi ki, birinci sinfə gedəndə bir az nadinclik etməyə başlamışdı. Sonbeşiyimizdir. Hələ də içindən uşaqlıq, saflıq çıxmayıb. Hərdən görürsən sadəlövhcəsinə uşaqdır, hərdən də görürsən elə bir məsələdə mənə müdrikcə məsləhət verir ki... Ümumi tanışlarımızı – mediada, şou-biznesdə olan adamları o məndən yaxşı tanıyır. Bu yaşla, təcrübə ilə bağlı deyil. Sadəcə o insanı tanıyandır. O qədər saflıqla insanları yaxşı tanıya bilir. Ondan tez-tez məsləhətlər alıram. Bu necə adamdır deyirəm, insanın xarakterin elə cızır ki, görmədiyin şeyləri görürsən. O oğul kimi də valideynlərim üçün fərqli oğuldur. Zahirən o, nəslimizdəki şişman insanlara oxşayıb. Mən isə heç kilo almamaqda bibilərimə. Bir sözlə, hər şey genetikadır. Xasiyyətcə də bibilərimə oxşamağı çox istəyərdim. Onlardan götürüləcək çox şey var. Səbr, təmkin. İdarə etmək bacarığı. İstəyərdim məndə də olsun bu cəhətlər. Anam təbiətcə daha sakit, razılaşan, yola gələn qadındır, mən isə idarə edən qadınlardan olmaq istəyərdim.

 

Məşhur “Nə olacaq bu ölkənin halı?” sualı olmadan da olmur. Gələcəkdən danışa-danışa növbə arzularımıza gəlir:

 

- Bir dostum deyir ki, istəklərini vizuallaşdırsan reallaşacaq. Əvvəlcə arzunu görməyə çalış. Amma mənim buna vaxtım yoxdur. Bəlkə də bu mənim səhvimdir… Çox fatalistəm. Hər şeyi allaha buraxıram. Axı insanın taleyi elədir ki, həyat bir göz qırpımında axıb gedir. Həyatın necə dəhşətli surətlə axdığını hər an hiss edirəm. Yaşlı adamlar deyir “heç bilmirəm ömür necə keçdi”. Mən 90 yaşlı ağbirçək deyiləm… amma hərdən ruhum çox yaşlı olur. Elə bilirəm dünya ilə yaşıdam və ruhum mənə deyir “boş ver”. Hər şey o qədər ötəridir ki, heç nəyin aludəsi olma, nə maddi, nə də mənəvi dəyərlərin. Hər şey sınaqdır və keçicidir. Hərdən isə belə olmasını istəmirsən, yaxşı ki, o hərdənlər az olur.

 

Parlamentin qəbul etdiyi qanunlar bir-birindən maraqlıdır, amma icra olunsa daha da maraqlı olar və bu məsələ də danışmaqla düzələn deyil deyə yenə gəlib çıxırıq özümüzə:

 

- Mən ətrafımda və həyatımda baş verənləri ürəyimə buraxmamışam. Ona görə də üzümə, zahirimə keçməyib. Hesab elə ki, baş verənlər ilə aramda hansısa bir filtr var. O filtr imkan verməyib ki, yaşadıqlarım ürəyimə, ordan da üzümə təsir edə. Bilmirəm bunu özüm süni olaraq idarə edirəm, yoxsa təbiətən beləyəm. Yenə ora gəlib çıxır ki, mən fatalistəm. Bu bədənin içində gördüyün insan hər şeyə kənardan baxır. Ancaq müşahidə edir. Həyatımdan razıyam. Oturub fikirləşsəm bəlkə də nəyəsə, kiməsə ehtiyac olur, amma fikirləşmirəm, özümü elə fikirlərlə yükləmirəm heç vaxt. Adam var ki, kiminləsə danışmağa ehtiyac duyur. “Ürəyim dolu idi, danışıb boşaldım” deyir. Məndə heç vaxt belə hallar olmur. Çünki ehtiyac duymuram, özümü o hala çatdırmıram, yaxud da deyək ki, özümə yetərliyəm.

 

Bu nə söhbətdir ki, orda “Gülər Əhmədova Elşad Abdullayev” məsələsindən danışmadız deməyin. Danışmadan olarmı? Danışdıq, danışdıq, axırda gəldik çıxdıq gələcəyi planlamağa:

 

- Olanlarımla, Allah nə verirsə, onlara şükür etməyi bacarıram. Heç vaxt etiraz etmərəm, nə isə istəmərəm. Ancaq onu deyirəm ki, verdiklərini çox görmə, bəsimdir. Əgər içimdən ona qarşı bir üsyan çıxsa həmən öldürərəm. Allah adamın qarşısında çox qapılar açır. Seçim sənindir... Bax, mən pianoçuyam, musiqi texnikumunda çalışırdım. İctimai Televiziya açılanda qardaşım Murad artıq bu sferada idi. Mənə dedi ki, gəl bir yoxla. Mən də radioda işləmək şərti ilə gəldim ki, səsim eşidiləcək. Öldürsən də kamera qarşısına çıxmaram deyirdim. Sonra dedilər gəl bir səni yoxlayaq... və belə... Artıq 7 ildən çoxdur efirdəyəm. Ola bilsin bir neçə il efirdən uzaqlaşsam yaddaşlarda qalmayacam, deyəcəklər o da gəldi getdi. Amma on il əvvəl gələcəyim üçün televiziya karyerası planlamırdım. Bilirsən, ən kreativ olan Allahdır. Ondan hər an sürpriz gözləyirəm. Ona görə də heç vaxt, heç nə planlamıram. Gündəlik planlarım olur. Səhər açılır, axşama qədər nələr edəcəm onu planlayıram. Əgər o işləri gün ərzində görə bilsəm hesab edirəm ki, hə, günüm uğurlu keçib. Yoxsa uzağa gedən planlar qurmuram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7446
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07