Müğənni Niyam Salami ötən gün avtomobil qəzasında dünyasını dəyişən həmkarı Aslan Hüseynov barədə danışıb.
Aslanın dəfn mərasimində Lent.az-a açıqlama verən Niyam bildirib ki, dostunun yoxluğu ilə barışa bilmir:
"Ölümündən bir gün öncə onunla danışdım. Dedi, Moskvaya getmək istəyirdim, anam söylədi ki, getmə. Getsən, məni də görməyəcəksən. Aslan Moskvaya getdi. Anası dünyasını dəyişəndə yanında ola bilmədi. Amma anasının yoxluğuna da dözə bilmədi. Aslan mənim ən yaxın dostlarımdan biri idi. Bu gün onun məzarından qərənfil qırıb götürdüm. Ölənə qədər də o gülü özümdə saxlayacam. Hamımızın sonu torpaqdır".
Qeyd edək ki, hadisə mayın 4-də Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında baş verib. 55 yaşlı müğənninin idarə etdiyi “BMW” markalı avtomobil qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı A.Hüseynov nəqliyyat vasitəsində tək olub. Hadisəyə səbəb isə Aslanın sükan arxasında yatması olub.
O, dünən Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.