Bu gün mətbuatda “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyevin tanınmış aparıcı Mətanət Əliverdiyevanın “Hər səhər Mətanətlə” verilişinin yayımını dayandırması barədə xəbər dərc olunub.
Lent.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün adıçəkilən telekanalın səhər və anons departamentinin rəhbəri Könül Əlizadə ilə əlaqə saxlayıb. Onun bildirdiyinə görə, yazılanlar həqiqəti əks etdirmir:
“Mətanət xanım hazırda Türkiyədədir. Orada türkiyəli müğənni Demet Akalın və Alişanın verilişində qonaq olacaq. Özünün də şəxsi bir layihəsi var. Bizim müəllif departamentindən çıxacaq. “Yolum” adlı verilişi var. Orada türkiyəli məşhurlar da yer alacaq. Onun Türkiyədə olmasından istifadə edib, biz də verilişin dekorasiyasını dəyişirik. Bir neçə dəyişiklik görəcəksiniz. İnşallah, yeni layihələr tamaşaçıları gözləyir”.
Xatırladaq ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.