Dünən Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbiçimiz şəhid olub.
Lent.az-ın xəbərinə görə, Azərbaycanın tanınmış sənətkarları bu münasibətlə öz mövqelərini bəyan ediblər.
Xalq artisti Brilliant Dadaşova ürək acılarını bu formada bəyan edib: "Yenə qarışıqlıq, yenə göz yaşı. Tanrı niyə qonşu etdi bizə əsli, kökü bilinməyən əyyaşı. Hardandır bu qədər dərd, belə zillət. Nə zaman sakit yaşayacaq bu xalq... Nədən görəsən bu qədər ağır oldu türkün daşı. Nədən heç tapılmır dostu, sirdaşı…" deyə, paylaşımında qeyd edib.
Xalq artisti Röya Ayxan isə paylaşımında "İndi xəbər tutdum, çox ağırdır. Laçın rayonu istiqamətində gərginlik yaranıb. Hərbçilərimiz şəhid olub, yaralılarımız var. Allah əsgərlərimizə güc versin. Başın sağ olsun, Azərbaycan" deyə bildirib.
Xalq artisti Flora Kərimova isə bir bənd şeir paylaşıb: "Gəldi ürəkdəki arzular dilə, Silahı məhəbbət, son sözü Vətən. Şəhidlər göstərdi ölümləriylə, Ölüm aşağıdır Vətən eşqindən!" şeirini yazıb.
Xalq artisti Zülfiyyə Xanbabayeva isə "Vətən, başın sağ olsun" yazmaqla kifayətləib.
Müğənni Natavan Həbibi isə ordumuzun yanında olduğunu bildirib. O, "Ermənistanın Laçın istiqamətində təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. Tarixi torpaqlarımız azad olunana kimi mübarizə davam edəcək. Yaralılara Allahdan şəfa diləyirik. Allah şəhidlərimizə rəhmət etsin, doğmalarına səbr versin. Başımız sağ olsun! Dövlətimizin, millətimizin, ordumuzun yanındayıq!" şəklində paylaşım edib.