“The Jackson 5” – ARAŞDIRMA –
18 sentyabr 2011 12:30 (UTC +04:00)

“The Jackson 5” – ARAŞDIRMA –

İyirmi doqquzuncu söhbət


Son söhbətlərimizdə Amerika musiqisində "ingilis ekspansiyası"ndan bəhs edərək bu prosesə müqavimət göstərməyə çalışan sənət fədailərindən bir neçəsiylə oxucuları tanış etmişdik. Mənzərə tam olsun deyə, bu gün unudulmaz Maykl Ceksonun sənət yollarında ilk addımlarından bəhs edəcəyəm. Çünki onun da iştirak etdiyi "The Jackson 5" qrupunun fəaliyyəti müasir musiqinin sonrakı yolunu müəyyənləşdirən amillərdən biri kimi, böyük əhəmiyyət daşıyır.

Maykl Cekson milyonların sevimlisiydi. O, dünyasını dəyişəndə pərəstişkarları böyük musiqinin öldüyünü zənn etdilər. Amma biz rok tarixini izləyərkən neçə-neçə istedadlı sənətçinin vəfatından sonra baş verənləri birlikdə izləmişik və şahidik ki, heyranlarının gümanına rəğmən müasir musiqi öz yoluyla gedir, dəyişir, inkişaf edir, daha uca zirvələrə qalxır. Heç şübhəsiz bu prosesdə fərdlərin də rolu var, amma həlledici deyil. Fərdlər sənətə özünəməxsus cizgilər gətirir, onu daha rəngarəng edirlər. İstedadlı fərdlərin gətirdiyi çalarlar ümumi prosesin fonunda bişmişə vurulan ədviyyat kimidir - xörəyi ədvasız da yeyib aclıqdan qurtulanlar var...

Amma qayıdaq Cekson ailəsinin tarixçəsinə.

"Cekson 5" qrupu (onları bir zamanlar "Cekson Fayv" da adlandırırdılar) 1964-cü ildən 1989-cu ilədək fəaliyyətdə olub və müxtəlif üslublu musiqini - ritm-ənd-blüz, soul, pop, diskonun mahir ifaçısı sayılıb. Qrup Motaun leyblı altında fəaliyyət göstərdiyi altı ildən artıq bir müddət ərzində 1970-ci illər musiqisinin ən böyük fenomenlərindən birinə çevrilib. Qrupun tərkibi yalnız bir ailənin övladlarından ibarət olub: Ceki, Tito, Cermeyn, Marlon və Maykl.

"Jackson 5" qrupunun özü rok tarixində bir hadisə olmasıyla yanaşı, həm də qardaşlardan Cermeyn və Mayklın gələcək solo karyerası üçün münbit zəmin hazırlayıb. Oxucularımıza Ceksonların ən kiçiyi - Maykl Ceksonun kimliyi barədə danışmaq niyyətimiz yoxdur, çünki onun Azərbaycanda da böyük pərəstişkar ordusu var. Yalnız bunu vurğulamaq istəyirəm ki, Maykl Motaun Rekordsdakı məhsuldar və yaddaqalan fəaliyyətini sonralar, artıq yetkin ifaçı kimi, qat-qat üstələdi, daha böyük şöhrətə yetdi.

"Jackson 5" musiqi tarixində ilk qrupdur ki, onun ilk dörd sinqlı - "I Want You Back", "ABC", "The Love You Save" və ’’Ill Be There" Amerika çartının zirvəsini işğal etdi. Bir neçə sonrakı sinqlları isə Top5 pop-hit siyahısına girərək "bir nömrəli" hitlər elan olundu. Onların erkən dövr hitlərinin böyük bir qismi "The Corporation" şirkəti tərəfindən hazırlanaraq bazara çıxarılırdı. Şirkət prodüsser fəaliyyətini də tam olaraq öz üzərinə götürmüşdü, sonralar isə qrup Hal Davislə məhsuldar əməkdaşlığa başladı.

1970-ci ildən etibarən isə Ceksonlar artıq öz mahnılarını bəstələyir, öz əsərlərinin prodüsserliyini həyata keçirirdilər.


Qrupun musiqi tarixindəki əsas xidmətlərindən biri də o olub ki, bu oğlanlar pərəstişkar auditoriyasının tən yarısı zənci, digər yarısı isə ağlardan ibarət olan ilk qaradərili ifaçılardır. Bu nailiyyət əsas etibariylə Motaunun əməkdaşı Berri Qordinin ağıllı, düşünülmüş fəaliyyətinin nəticəsi idi.

* * *

Ceksonların qrupu 70-ci illərin həqiqətən böyük hadisəsi idi və maraqlıdır ki, Azərbaycanda onların lap ilk addımlarından bəri çoxlu pərəstişkarı olub. Şəxsən mən Ceksonlara ilk dəfə 1971-ci ildə qulaq asmışam və o vaxtdan bəri özümü onların pərəstişkarı da olmasa, diqqətli izləyicisi sayıram. Mənim kimiləri cəlb edən bu oğlanların bulaq suyu kimi təmiz, bənzərsiz təravətə malik səsləri idi. Ceksonlar qısa bir zamanda musiqidə hadisəyə çevrildilər. Neçə-neçə qrup onların ifa tərzini təqlid etməyə girişdi, amma heç biri yüksək nəticəyə nail ola bilmədi.

1970-ci ilin yanvarında işıq üzü görən ilk mahnılarından etibarən düz üç il boyu bu oğlanların bütün sinqlları Top20 hit-paradına düşdü, yeniyetmələr üçün nəzərdə tutulmuş, auditoriyası əsasən afroamerikalılardan ibarət olan məşhur "Right On!" jurnalı öz diqqətini büsbütün Cekson qardaşlarına yönəltdi və 1972-74-cü illər ərzində jurnalın hər sayında qrup üzvlərindən birinin şəkli titul vərəqində çıxırdı.

Onların populyarlığı o həddə idi ki, "Rankin-Bass" şirkəti "The Jackson 5" adlı cizgi filmi də çəkdi və onun ilk seriyası 1971-ci ilin 11 sentyabrında tamaşaçılara təqdim olundu. Cizgi filmi Amerikanın ABC televiziya şirkətində hər həftənin şənbə günləri, düz iki mövsüm göstərildi, oğlanlar isə bu dəfə öz filmlərini çəkməyə qərar verdilər. "Goin Back to İndiana" adlanan, 1971-ci ilin 16 sentyabrında ekranlara çıxan filmdə baş rolları özləri ifa edirdilər...

Məhz bu qrupun misilsiz uğurları nəticəsində rəqsdə tamamilə yeni cərəyan yarandı. Bu cərəyan robotların hərəkətini təqlid edən elementlərlə zəngin idi və bu gün əgər rəqs meydançalarında belə oynayanlar görürsünüzsə, bilin ki, bu tərzin baniləri məhz Cekson qardaşlarıdır...

Qrup populyarlığının zirvəsinə yüksəldikcə, biznes də öz işini görürdü. Motaun bu kollektivlə əlaqədar onlarla məhsulun lisenziyasını alıb öz işini ustalıqla qurdu. Ceksonların ürək şəklində olan, bir zamanlar Conni Ceksonun böyük təbilini bəzəyən məşhur emblemi, albomlarının titul vərəqləri və bir çox başqa atributlar Motauna məxsus idi.

Cekson qardaşları ümummilli pərəstiş obyektinə çevrilmişdi. O zamanın məşhur jurnalistlərindən biri - Skott Qallovey belə yazırdı: "Böyüklər onları övladlığa götürməyin arzusundaydılar, onların öz uşaqları isə Cekson qardaşlarına bənzəməyə can atırdılar..."

Özünün "Moonwalker" adlanan kitabında Maykl Cekson xatırlayır: "Hər şeyə görə atamıza və anamızın musiqi sevgisinə borcluyuq - bizim evdə daim musiqi səslənirdi. Atamızla əmim bir zamanlar "Falkons" qrupu yaratmışdılar. Onların ikisi də gitara çalır, Çak Berrinin, Litll Riçardın, Otis Reddinqin - siyahını özünüz də davam etdirə bilırsiniz - məşhur mahnılarını ifa edirdilər. Bu ecazkar bir musiqi idi və nə Co, nə də ki qalan qardaşlarım bu təsirə biganə qala bilmədi. Baxmayaraq ki, o zamanlar bu mahnıların bütün dərinliyini anlamaq üçün hələ çox kiçikdik".

Oğlanların atası Cozef Cekson təkcə istedadlı musiqiçi deyil, həm də gözəl tərbiyəçi idi. Qrupun ilk meneceri də o özü oldu. Ceksonlar üçün məxsusi yazılan mahnılaradək qrupun repertuarını Cozef hazırlayır, həmin dövrün bütün tanınmış səhnə ustalarının irsindən istifadə etməyə çalışırdı. Beləliklə, inamla demək olar ki, "Jackson 5" 60-cı illərin rok ulduzlarının təsiri altında formalaşıb, onların irsindən bəhrələnib.

* * *

Cekson qardaşları İndiana ştatının Geri şəhərində, adi bir ailədə doğulublar. Yuxarıda qeyd etdik ki, oğlanların atası Cozef Cekson bir zamanlar "The Falcons" ("Şahinlər") qrupunun musiqiçisi olub. Qeyd edim ki, həmin qrupun tanınmış musiqiçi Uilson Piketin fəaliyyətə başladığı eyni adlı qrupa aidiyyəti yoxdur - onları səhv salmayın.

Beləliklə, Cozef poladəritmə zavodunda krançı işləyir, axşamlar isə Cekson-strit küçəsindəki evlərinin qonaq otağında oğlanlarıyla məşq edirdi.

Uşaqların anası Ketrin Cekson isə günün yarısını yaxınlıqdakı univermaqda çalışır, digər yarısını isə özünün doqquz uşağına həsr edirdi.

Qardaşlardan biri - Tito atası işdə olarkən onun gitarasını gizlincə götürüb radioda səslənən mahnıları necə öyrəndiyini xatırlayır. Co oğlanlarının gitaraya icazəsiz əl vurduğundan xəbər tutanda yaman əsəbiləşir, amma onların necə çaldığını eşidən kimi, anlayır ki, bu istedad onların həyatını dəyişə bilər.

1964-cü ildə Ceksonların iştirakıyla ilk qrup yaranır - "The Jackson Brothers" ("Cekson qardaşları"), qardaşların böyükləri - Ceki, Tito və Cermeynlə yanaşı, gitara və zərb alətləri çalan Reynold Couns və Milford Hayt adlı musiqiçilər də qrupun üzvləri olurlar.
Növbəti ilin sonunda isə kiçik qardaşlar - Marlon (tamburin) və Maykl (konqas) da qrupa qoşulur. Hər gün ataları işdən dönərkən oğlanlarla məşq edir, mahnılar birbəbir cilalanır, ifa tərzinin, səhnə obrazının hər xırda elementi üzərində davamlı zehni yaradıcılıq işi gedirdi...

1966-cı ildə "Jackson 5" Cekinin oxuduğu məktəbin istedadları arasında keçirilən istedadlar müsabiqəsində qələbə çalır. Həmin gündən etibarən bu uşaqlar iştirak etdikləri bütün müsabiqələrdə qalib olurlar.

Cozef vəziyyəti belə görəndə qrupa daha çox vəsait sərf etməyə başlayır, yeni musiqi alətləri, səs avadanlığı alır. Oğlanlar şəhər miqyasından ştat miqyasına çıxır, İndianada, Çikaqoda peşəkar səhnələrin arzu edilən qonaqlarına çevrilirlər. Onlar əsas etibariylə afroamerikalı musiqiçilər üçün təhlükəsiz sayılan klublarda çıxış edirdilər. Gəlin unutmayaq ki, həmin dövr Amerikasında irqi ayrı-seçkilik hələ güclü idi...

Oğlanlar pul qazanmaq üçün səhnəni aşağı əyarlı sirk ustaları, komediantlarla, striptiz göstərən qadınlarla da bölməyə məcbur olurdular...

Bunların hamısı qrupun həyatında Motaun dövrü başlayanadək olmuşdu. Motaunun nümayəndələri Ceksonlara baxmaq üçün Çikaqoya gələndən sonra isə oğlanlar tamam başqa müstəviyə çıxdılar. 1968-ci ilin noyabrında Motaun Ceksonlarla əməkdaşlıq müqaviləsi imzalayır və Berri Qordi noyabrın 25-də Ceksonlar üçün Detroytdakı malikanəsində xüsusi ziyafət təşkil edərək oğlanları Motaun leyblı altında birləşən bütün ulduzlarla tanış edir...

Böyük sənət yolu məhz belə başlanır.

Qrupun səhnə obrazı get-gedə daha çox tanınır. Bütün afroamerikalılar kimi, qıvrımbaş olan, üz-gözlərində həyat eşqi çağlayan, şux rəngli, naxışlı köynəklər, enlibalaq şalvarlar geyən, səhnədə sinxron rəqs hərəkətləri göstərən bu oğlanlar artıq hamının sevimlisiydilər.

Motaun öz işini ustalıqla qururdu. Reklam məhsullarında bu qrupun real tarixi dəyişdirilir, yenidən yazılırdı. Hər şey "əlahəzrət biznes"in maraqlarına tabe edilirdi. Gənc auditoriya üçün daha maraqlı olsun deyə, qrupun kiçiyi, o zaman artıq 11 yaşında olan Mayklın yaşı azaldıldı - hər yerdə yazılırdı ki, guya onun səkkiz yaşı var. Bundan savayı Cekson ailəsinə dəxli olmayan musiqiçilər - Conni Cekson və Ronni Rensifer də ictimaiyyətə onların əmisi uşaqları kimi təqdim olunurdu ki, böyük, mehriban ailə imici formalaşdırılsın.

Bütün bu proseslərə rəhbərlik edən Berri Qordinin növbəti uğurlu marketinq fəndi qrupun adını tanınmış ifaçılardan birinin adıyla bağlamaq oldu. Elə buna görə də Motaunun meqa-ulduzu Dayana Ross 1969-cu ildə bu qrupu Beverli-Hillzdə geniş auditoriyaya təqdim etdi...
Bununla paralel olaraq Motaun Mayklın solo karyerası üzərində də miqyaslı işlər aparmağa başlayır. Cəmiyyətdə qrupun dağılacağı barədə söz-söhbət baş alıb gedir, amma bu şayiələr doğrulmur. "Jackson 5" yeni-yeni diskləriylə heyranlarını hələ neçə il sevindirir...

Amma... Hər şeyin bir "əmma"sı olur - burda da vardı...

1974-cü ildən etibarən Ceksonlarla Motaun arasında fikir ayrılığı başlanır. Oğlanlar son hitlərini özləri bəstələyir, özləri ifa edirdilər. Motaunun siyasəti isə tamam başqaydı. Onun mütəxəssisləri belə hesab edirdilər ki, musiqinin lent yazısı üçün ifası üzərində studiyada fəaliyyət göstərən məxsusi dəstə - "The Funk Brothers" çalışmalıdır. Bu da Ceksonların yaradıcılığını əslində məhdudlaşdırırdı.

Məhz elə bu fikir ayrılığına görə, ata Cekson 1975-ci ildə "CBS Records" şirkətiylə danışıqlara başlayır. Şirkət lent yazıları üçün o zaman Motaunda adi olan 2,8 faiz gəlirin əvəzinə qrupa 20 faiz təklif edir. Bundan başqa Ceksonlar öz mahnılarını məhdudiyyətsiz oxuya, istədikləri musiqi alətlərində ifa edə bilərdilər.

Vəziyyətin belə radikal şəkildə dəyişdiyini görən Motaun əvvəlcə qrupu öz ağuşuna qaytarmaq üçün yollara əl atır. Amma bu istiqamətdə fəaliyyətləri nəticə verməyəndən sonra, Ceksonları məhkəməyə verir. İddialarını əsaslandırmaq üçün Ceksonların müqaviləni birtərəfli qaydada pozduğu deyilir.

Bir müddət çəkişmədən sonra Ceksonlar Motaunu tərk edirlər, amma qrupun adını da dəyişəsi olurlar. Həmin gündən etibarən "Jackson 5" musiqi tarixinə gömülür, çünki bir ticarət markası kimi, bütün hüquqları Motauna məxsus idi.

"Jackson 5" ölür, "The Jaksons" doğulur...

Qrupda yalnız ad deyildi dəyişən. Cermeynin yerini Rendi tutur. Məsələ burasındadır ki, Cermeyn 1973-cü ildən bəri Berri Qordinin qızı Heyzellə ailə qurmuşdu və qaynatasını atıb gedə bilmirdi.

Rendi isə 1972-ci ildən qrupun qeyri-rəsmi iştirakçısı idi. Onu əsasən, oğlanların canlı çıxışlarında görmək olardı.

Ceksonların itkisi Motaun üçün öldürücü bir zərbə oldu. Həmin zamandan sonra studiyanın tənəzzül dövrü başlandı və onların bir daha "Jackson 5" miqyasında ulduzu olmadı...

* * *

...Maykl Ceksonun dünyasını dəyişdiyi gün onun bütün ailəsi, o cümlədən övladları da stadiona toplaşdılar – "This İs İt" adlanan böyük konsert turu burdan başlanacaqdı...
Toplaşdılar və Mayklın ən yaxşı mahnılarını ifa etdilər...

Həmin çıxışda qardaşların hamısı iştirak etdiyinə görə, jurnalistlər konserti "Jackson 5-in otuz yeddi il ərzində ilk tam heyətli konserti" adlandırmağa tələsdilər...

Amma unutdular ki, o məşum gün göz yaşları içində keçən həmin konsertdə Mayklın özü yox idi...

P.S. Bu, heç vaxt tam heyətdə səhnəyə çıxmayan Ceksonların həyat tarixçəsinin yalnız başlanğıcıdır və mən əminəm ki, bu ailənin musiqi tarixində oynadığı rol bizi dəfələrlə bugünkü söhbətimizin mövzusuna qaytaracaq. Bax, onda Maykldan da ürəkdolusu danışa biləcəyik...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1774

Oxşar yazılar