İkiqat şovinizmin sonu, qadınların gəlişi və qaraların hücumu... – ARAŞDIRMA –
12 iyun 2011 12:30 (UTC +04:00)

İkiqat şovinizmin sonu, qadınların gəlişi və qaraların hücumu... – ARAŞDIRMA –

On səkkizinci söhbət

Son söhbətlərimiz müasir musiqinin tarixi baxımından solğun sayılan pop dövründən bəhs edirdi. Əlbəttə, bizim bu qənaətimiz daha çox retrospektiv baxış nəticəsində formalaşıb. Siz artıq popaqədərki musiqi - yəni rok-n-roll barədə kifayət qədər məlumata maliksiniz, illüstrasiya kimi təqdim etdiyimiz musiqi parçalarını da yəqin dinləmiş və rok-musiqinin ilk dövründə yeniyetmələrin dünyaya baxışını dəyişən güclü musiqi dalğasının təsirini onilliklərin bu üzündən hiss etmisiniz. Biz pop-musiqini məhz bu baxımdan solğun adlandırırıq. Amma bu heç də pop erasının mədəniyyətə dəyərli heç nə gətirmədiyi anlamında deyil. Bəzi musiqi araşdırıcıları kimi, bunu oxucuya israrla təlqin etsək, səhvə yol vermiş olarıq...

Pop dünyaya iki yaxşı şey bağışladı: əgər rok-n-roll ulduzları əsasən, ağdərili kişilərdən ibarət idisə, pop bu ikiqat şovinizmə möhkəm badalaq vurdu. Rokun tarixində ilk dəfə qadın-ulduzlar meydana çıxdı. Bu ulduzlar arasında şöhrətin ən uca zirvəsinə yüksələn isə iki nəfər oldu: Konni Frensis və Brenda Li.

Konni Frensis

Connie Francis (Constance Franconero) dövrünün ən istedadlı müğənnilərindən idi. Amma deyirdilər ki, o, melodiyanı istənilən kişi həmkarından daha yaxşı təqdim edirdi. Konni yeniyetmə oğlanların sevgi yuxularının əvəzsiz şahzadəsiydi. Daim enli, klyoş yubkalar geyən, gözəl, oynaq, adamın canına vicvicə salan şirin təbəssümə malik bu qızın ətrafında bir sağlam həyat, bir şənlik haləsi vardı...

Onun hit-paradlara ilk gəlişi köhnə “Whos Sorry Now?” (“İndi kim acıyacaq?”) mahnısı ilə 1958-ci ildə baş tutdu. Onun dalınca ağlasığmaz dərəcədə gülməli və yöndəmsiz “Stupid Cupid” (“Sarsaq Kupidon”) gəldi. Amma Konninin ən yaxşı mahnısı heç şübhəsiz “Lipstick On Your Collar” (“Yaxalığındakı pomada ləkəsi”) oldu. Bu mahnı heç vaxt ruhdan düşməyən bir insanın faciəvi tarixçəsindən bəhs edirdi...

Brenda Lee

Ondan söhbət açarkən, mütləq deməliyik ki, “bu həna heç o hənadan deyildi”. Onu Konni Frensislə müqayisə etmək düz olmaz. O öz dövrünün bütün qadın və həm də kişi müğənnilərinin əksəriyyətindən rok-n-rolla daha yaxın idi...

Musiqisevərlər Brenda Lini kifayət qədər gec - 1960-cı ildə tanıdılar. O, bəstəboy, xırda sümüklü bir qadındı, amma zəif cismi sanki qeyri-adi gücə malik səsi üçün neçə vatlıq dinamik idi. Brendanın bənzərsiz səsini bəziləri hətta “zənci əyyaşının xırıltısı” adlandırırdılar, amma onun səsindəki qadın sehrini kimsə dana bilməzdi. Təxminən on il sonra həmin sözləri bənzərsiz Cenis Coplin haqda da deyəcəkdilər...

O, kənddə anadan olmuşdu, xalq musiqi ənənələrini - folku gözəl bilirdi və artıq 12 yaşında kantri üslubunda ilk valını buraxmışdı – “Jambalaya”. Onun geniş auditoriyaya təqdim etdiyi ilk təcrübə diqqətdən yayınmadı, qıza kifayət qədər zəif bir pop mahnısı verdilər – “Sweet Nothins” (“Şirin boş şey”). Brenda bu mahnını elə parlaq ifa etdi ki, öz dövrünün ulduzu, sənət aləminə ondan iki il qabaq gəlmiş Konni Frensisi belə arxada qoydu.

Həmin dövrdən etibarən o gah ağır, həssas, lirik mahnılar, gah da qəzəbli, iti rok nümunələri ifa edirdi. Brendanın yaratdığı ən yaxşı rok nümunəsi “Lets Jump” (“Gəl birgə atılaq”) idi. Mahnı 1961-ci ildə yazılmışdı, amma dinləyəndə elə bilirdin ki, azı beş il ondan əvvəlin məhsuludur. Yəni, bunu demək istəyirəm ki, “Lets Jump”i əsl klassik rok adlandırmaq olardı...

Brenda Li dünyaya bir-neçə il əvvəl gəlsəydi, yeganə qadın-roker olacaqdı: bir-neçə il sonra doğulsaydı, rok dünyasının ən parlaq ledilərindən biri kimi tanınacaqdı...

Amma onun səsini yazan studiya mahnıları düzgün seçə bilmirdi. Brendanın ifa etdiyi nümunələr nadir səsinin imkanlarına çox vaxt uymurdu və müğənni tezliklə yalnız rok-balladalar oxumağa başladı. Amma əsas yoldan sapsa belə, onun ifası yenə bənzərsiz olaraq qalırdı. Təsəvvür edin ki, Brenda Linin hitləri lap 1966-cı ilin özündə belə sevilirdi. Həmin o illərdə ki, artıq “The Beatles” qrupu dünya musiqi səhnəsindən hamını çoxdan sıxışdırıb çıxarmışdı...

Beləliklə, Brenda Li və Konni Frensis sonralar rok tarixində öz əhəmiyyətli rolunu oynayacaq qadınlar üçün ilk cığır açdılar...

Qaraların hücumu

Brenda li və Konni Frensisi kişi şovinizminə son qoyan ilk qadın ifaçılar saymaq olarsa, həmin o pop dövründə qaradərili ifaçıların əldə etdiyi sıçrayış bundan az əhəmiyyət kəsb etmirdi. Bax, popun dünyaya bəxş etdiyi ikinci böyük nemət də məhz bu idi.
Həmin dövrdən etibarən qaradərili ifaçılar yalnız ağdərililərin təmsil olunduğu hit-paradlarda getdikcə daha tez-tez görünməyə başladılar. Tanınmış musiqi tədqiqatçısı Çarli Cillett öz araşdırmalarında aşağıdakı rəqəmləri diqqətə yetirirdi: 1955-ci ildə populyarlıq cədvəllərinə daxil olan 51 valdan yalnız 9-u zəncilər tərəfindən yazılmışdı. 1963-cü ildə isə 106 valdan 37-si afroamerikalıların yaradıcılığının məhsulu idi. Yəni, doqquz il ərzində “onluq”da zəncilərin payı düz iki dəfə artmışdı. İfaçıların ümumi sayına gələndə isə, qaradərili musiqiçilər dörd dəfə çoxalmışdı.

Bunu bir tərəfdən zənci musiqisinin getdikcə daha sığallı şəkil almasıyla əlaqələndirirdilər. Əvvəllər ağların radiostansiyaları bu musiqini kobud şəkildə boykot edirdilər. Ortaya səbəb olaraq belə bir dəlil atırdılar ki, bu musiqi həddindən ziyadə çığırqan, kobuddur. Yəni əslində zənci musiqisinin yeniyetmələri cəlb edən bütün cəhətləri radiostansiyalar tərəfindən mənfi şeylər kimi qələmə verilirdi. Bu musiqini “cəngəlliklərin musiqisi” adlandırır, onu ağların “incə qulağı” üçün həddindən ziyadə primitiv hesab edirdilər.

Lakin 50-ci illərin axırı üçün vəziyyət dəyişdi. Bəzi ağ prodüsserlər qaradərili ifaçılardan ibarət qrupların böyük yaradıcılıq imkanlarını görüb onların mahnılarındakı səs sırasını cilalamağa başladılar. Beləliklə bu qəbildən olan afroamerika musiqisi zənci gettolarını tərk edərək, səsyazma studiyalarının bahalı ofislərinə köçdü. Cillett onların musiqisini “şəhərin yuxarı hissəsinin ritm-and-blüzu” adlandırır.

Jerry Leiber - Mike Stoller

Yuxarıda sadaladığımız bütün bu dəyişikliklər Leyber və Stollerin adlı iki şəxsin fəaliyyəti ilə sıx bağlıdır. Bu məşhur “duet” Elvis Preslinin bir çox hitlərinin müəllifi idi. Amma onlar hər şeydən çox blüzu sevir, zəncilərin harmonik ansambllarıyla işləməyə üstünlük verirdilər.

Əvvəllər qeyd etmişdik ki, “Təmiz rok” erası bitəndən sonra “Du-vop”un birinci dalğası zamanı yaranan qrupların əksəriyyəti elə bircə hit yaratmağa müvəffəq olurdu. Səbəb o idi ki, bu qrupları səsyazma şirkətləri küçədən tapır, işlərini bitirəndən sonra elə küçəyə də atırdılar. Həmin dövrdə biznesin bu növü hələ o qədər inkişaf etməmişdi. Müqavilə-zad bağlanmırdı, qonorarlar az idi və ifaçıların qazancı çox vaxt valın üstündə adlarının yazılmasından ibarət olurdu...

Leyberlə Stolleri isə belə yanaşma qətiyyən qane etmirdi. Görkəmli bəstəçi, parlaq prodüsser olan bu insanlar tapmaq deyil, onu yetişdirmək niyyətindəydilər və işlədikləri musiqiçilərdən inadkar, məqsədyönlü fəaliyyət tələb edirdilər. Daimi axtarışlarında tapdıqları qrupların vokal imkanlarını təyin edir və məhz onların imkanına münasib mahnılar bəstələyirdilər. Həmin mahnını lentə alanadək isə bitib-tükənməyən məşq prosesi gedirdi...

Leyberlə Stoller nə istədiklərini, nəyə can atdıqlarını yaxşı bilirdilər. Onlar musiqi biznesindəki qeyri-normal vəziyyəti düzgün qiymətləndirib fəaliyyətə başladılar və həm özləri şöhrət tapdılar, həm də şou-biznesin ab-havasını dəyişdilər. Bu istedadlı şəxslər bütün dünyaya isbat etdilər yaxşı pop yaratmaq mümkündür...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245

Oxşar yazılar