“Du-vop, du-vop”, 400 mahnı, 89 milyon val, 230 mükafat və 120 versiya – ARAŞDIRMA
15 may 2011 12:30 (UTC +04:00)

“Du-vop, du-vop”, 400 mahnı, 89 milyon val, 230 mükafat və 120 versiya – ARAŞDIRMA

On beşinci söhbət


İndiyədək olan söhbətlərimizdə biz rok-n-rollun rəsmi yaranış tarixindən başlayaraq, Amerika musiqisindəki tendensiyaların hamısı barədə qısaca da olsa, söhbət açmağa çalışmışıq. Amma bu böyük rok burulğanında daha bir diqqətəlayiq hadisə vardı və mənzərənin tamlığı üçün bu görüşümüzü də qaradərili musiqiçilərin “Doo-wop” adlandırılan və ən parlaq nümayəndəsi “Platters” olan qruplara həsr edəcəyik.
Amerikanın tanınmış musiqi nəzəriyyəçisi Çarli Jilletin təsnifatına əsasən, rok-n-rollun beşinci üslubu məhz “vokal qrupların rok-n-rollu” - başqa sözlə desək, “Doo-wop” qruplardır. Oxucuya tam aydın olsun deyə, belə izah edək: bu növ qruplar yalnız qaradərili musiqiçilərdən ibarət olur, aparıcı vokalisti “du-vop, du-vop” deyərək, müşayiət edirdi...

Du-vop əslində, zəncilərin qədim musiqi ənənələrindən qaynaqlanan janrdır və öz kökünü 30-cu illərin əvvəllərindən götürür.

50-ci illərdə isə du-vop qrupları tam kortəbii yaranırdı. Cavan oğlanlar və qızlar bir yerə yığışıb vaxtlarını keçirmək, əylənmək üçün mahnı oxuyurdular - elə-belə, heç bir səhnə iddiası olmadan, ağır həyatlarını bəzəmək üçün oxuyurdular. Pulsuzluq onları musiqi alətlərindən məhrum etmişdi. Elə bu səbəbdən də bu üslubun fərqli cəhəti yalnız vokaldan ibarət olması idi.

Bu maraqlı üslubu hərdən “cappella” da adlandırırlar. “Cappella” isə müşayiətsiz ifa olunan xor musiqisinə deyilir.

50-ci illərin əvvəllərində du-vop qruplarından bir neçəsi səsyazma studiyalarına yol tapır, bir-neçə mahnısını vala yazdırır və bu vallar əvvəlcə yalnız zəncilərin diqqətini çəksə də, sonralar ağdərililərin də marağına səbəb olur. Bu mahnıların bəziləri hətta populyarlıq cədvəllərinə də düşür. İlk do-vop qruplarının çoxu cəmi bircə mahnı ilə yadda qalsa da, onların ifası haqda indiyədək xoş sözlər deyilir. “Penguins” qrupunun “Earth Angel”, “Chords” qrupunun “Sh-Bcom”, “Grows” qrupunun “Gee” mahnıları bu sıradandır. Maraqlıdır ki, bu mahnıların sonuncusunu ilk əsl rok-n-roll nümunələrindən hesab edirlər.

Bu qruplar bircə gün yaşayan kəpənəkləri xatırlatsa da, əslində səhnəyə sonralar gələn “Platters”in daha hamar, daha ustalıqla ifa olunmuş mahnılarına yol açdı və bu qrup daha uzunömürlü oldu. Onların səhnə ömrü 1953-cü ildən bu günlərimizədək davam edir...

“The Platters” (qrupun adı “qrammofon valları” mənasını daşıyır) rok-n-roll erasının Los-Ancelesdə yaranmış, qaradərili musiqiçilərdən ibarət qrupudur. İlk heyəti aparıcı tenor Toni Uilyamsdan və Devid Linç, Pol Rob, Herb Rid və Zola Teylordan ibarət olub. Uzun sürən yaradıcılıqları boyu 400-ə yaxın mahnı yazdıraraq bütün dünyada 89 milyon nüsxə val satıblar. Konsertləri 89 ölkədə olub, 230 mükafata layiq görülüblər.

“The Platters” bir neçə film də çəkilib.

Rok tarixindəki xidmətlərinə görə qrupu 1998-ci ildə “Vokal qrupların Şərəf zalı”na, 1990-cı ildə isə “Rok-n-Rollun Şöhrət zalı”na qəbul ediblər.

Qrupun ilk televiziya debütü vokalçı Kornell Hanterlə olmuşdu, amma bir ay sonra Hanteri Toni Uilyams əvəz etdi və bu tarix “The Platters”in rəsmi təvəllüdü sayılır.
1953-cü ildə qrup üzvləri bəstəkar-oranjemançı-şair-menecer Bak Ramla tanış olur və onlar əməkdaşlıq müqaviləsi imzalayırlar. Bakın ilk ideyası qrupa qadın ifaçı dəvət etmək olur. Beləliklə, “The Platters”in heyətinə müğənni Zola Teylor daxil olur. Qrup tanınmış səsyazma markası “Federal Records”la əməkdaşlığa başlayır, qospel üslubunda yeddi mahnı yazdırır.

Onların ilk böyük uğuru isə “Only You” (“Yalnız sən”) mahnısı olur. 1955-ci ilin yayında işıq üzü görən bu mahnı hit-paradların zirvələrinə yüksəlir. Onun ardınca gələn “The Great Prefender” (“Böyük yalançı”) mahnısı isə “Platters”in ilk ümummilli hiti olur.

Onların bənzərsiz vokal üslubu çox qısa bir zamanda musiqisevərlərin məhəbbətini qazanaraq disk bazarına öz möhürünü vurur. Qrup elə böyük səs-küyə səbəb olur ki, İngiltərə “Top siyahıları”nda da yer almağa müvəffəq olur, Amerika musiqi albomlarının “Top10” siyahısına düşür. 1957-ci ildə yazdırdıqları “Sixteen Tons” mahnısından sonra isə “Platters” SSRİ-də də sevilir...

Mən bayaq “The Platters” qrupunun bu günədək səhnədə olduğunu deyəndə, onun adını nəzərdə tuturdum. Çünki qrupun heyəti bu illər ərzində neçə dəfə dəyişib. Aparıcı tenor Toni Uilyamsın başçılıq etdiyi heyət 1960-cı ilədək fəaliyyət göstərib. Həmin tarixdən etibarən Toni solo karyerasıyla məşğul olduğundan, onun yerini Sonni Terner tutub...

Sonralar qrupun 120 versiyası olub. Lakin o vaxt müqavilə imzaladıqları “Mercury Rekords” şirkəti qrupun yeni mahnılarını Uilyamsın iştirakı olmadan yazmayacağını bildirib və kontraktın müddəti bitənədək köhnə mahnıları yayıb...

Heyətdəki dəyişiklik artıq son dərəcə gəlirli sayılan “The Platters” adının kimə məxsus olması ətrafında məhkəmə çəkişmələrinə səbəb olur. Aparıcı tenor Uilyams da, qrupdan 1964-də ayrılan Zola Teylor da, 1965-ci ildə gedən Pol Robi də “The Platters” adına iddialarını ortaya qoyurlar. Çəkişmələr bitmək bilmir. Amma bütün bunlara baxmayaraq qrup 1966-67-ci illərdə ikinci ömrünü yaşamağa başlayır...

1997-ci ildə məhkəmə “The Platters” adının bütün hüquqlarını 1954-1950-cı illər arasında qrupun üzvü olmuş və indiyədək səhnə ömrünə davam edən Herb Ridə verir.

Amerika mətbuatı yazır ki, keçən il “The Platters” qrupu “İtmiş əllincilər” televiziya şousunda o illərin canlı şahidi kimi iştirak edib...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833

Oxşar yazılar