Aygün Kazımova etiraf edir: “Bircə şilləylə ona olan sevgim öldü...” - MÜSAHİBƏ
03 may 2011 12:09 (UTC +04:00)

Aygün Kazımova etiraf edir: “Bircə şilləylə ona olan sevgim öldü...” - MÜSAHİBƏ

Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı xalq artisti Aygün Kazımovadır.

- Aygün Kazımova üçün sevgi nə deməkdir?

- Mənim üçün sevgi hər şeydir. Sevgisiz addım atmaq mümkün deyil. Sevgisiz heç nə etmək olmaz. Sevgi həqiqətən də böyük qüvvədir. Hətta deyirlər, Allahın adlarından biri də Sevgidir.

- Bəs qürur?

- Qürur elə qürurdur. İnsanın qüruru sındısa... Allah uzaq etsin! Ya da kimsə kiminsə qürurunu sındırırsa, çox pis şeydir.

- Belə bir deyim var - sevgidə qürur olmamalıdır...

- Razıyam bu fikirlə.

- Nə vaxtsa sevginizi qürura qurban vermisiniz?

- Uşaq vaxtı olub. Başa düşməmişəm. Amma nə danışırsınız? O, lazım olmayan qürurdur. O qüruru sevgidə yox, başqa yerdə göstərmək lazımdır. Sevgidə qürur olmamalıdır. Onun üstündə o qədər sevənlər ayrılıb ki... Sevgi hər şeyə üstün gəlir!

- İlk sevginizi xatırlayırsınız?

- İlk sevgim?! (düşünür) Görürsünüz, heç xatırlamıram da.

- Adətən ilk məhəbbətlə məktəb illərində qarşılaşırlar...

- Yox, məktəb yaşlarımda elə bir sevgim olmayıb. Hətta danışsam, sizə çox gülməli gələcək. Məktəbdə oxuyanda mənə bir məktub göndərmişdilər. Deməli, hadisə belə olmuşdu. İdmandan ilk dəfə olaraq Şəkiyə respublika birinciliyinə getmişdik. Orda Şəkinin raykom katibinin oğlu mənə vurulmuşdu. Biz Şəkidə oteldə qalırdıq. O oğlan otelin qarşısında dayanıb bizim otağa baxırdı. Mən bir narahatçılıq keçirirdim. Bakıya qayıtdım. Bir də gördüm poçtla mənə məktub göndərib. Mən o məktubu görəndə necə qorxdum... Məktubu anama göstərdim. Dedim, mən onu heç tanımıram da, amma mənə məktub göndərib. Anam dedi, “gəl bu məktubu gizlədək” – anama qurban olum! – “papa görsə, bizi öldürər”. Yəni, onda belə hisslər keçirdim. Bəlkə də belə tərbiyə olunmuşduq ona görə. Həm o vaxtın gəncliyi tamam başqa idi, tamam... Düzdür, sinif yoldaşlarım arasında məktublaşmalar olurdu. Amma bu, sevgi məktubu idi və bunu başqa cür, qorxu ilə qəbul edirdim. Özü də idmanla məşğul olurdum deyə atama da söz vermişdim ki, həmişə yay yox, qış geyimində olacam. Və bir də söz vermişdim ki, çox ağıllı olacam. Ona görə də atam məni idmana da buraxırdı, oxumağa, səhnəyə çıxmağa da. Mən atama verdiyim sözün üstündə durmasaydım, sevdiyim bu işlərlə, sənətlə məşğul ola bilməyəcəkdim. Ona görə də o məktubu görəndə qorxdum ki, hər şeyin başlamağıyla bitməyi bir olacaq.

- Bu, sizin ilk sevgi məktubunuz oldu. Sonra bu məhəbbət namələrinin sayı artdı yəqin.

- Sonra... İndi fanatlardan gələn məktubların sayı çoxdur. Sonra isə... Yoldaşımla tanış oldum, məni qaçırtdı.

- Həyat yoldaşınızı sevirdiniz?

- Bəli, əlbəttə, sevmişdim. Amma o, məni qaçırdanda bu sevgi bitmişdi artıq.

- Niyə?

- Çünki o, mənə bir dəfə şillə vurdu. Heç nədən... O, məni hər gün evə ötürürdü. Həm də analarımız rəfiqə idilər deyə, məni onu etibar edirdilər. Mən axşamlar oxuyurdum, saat 11-də evə qayıdırdım. Məni o yola salırdı. İndi də yadımdadır, bulvarda dənizin qarşısındaydıq. Orda gəmidə mahnı oxuyub səhnədən düşdüm. Qısqanclıqdanmı, yoxsa başqa nədənsə mənə bir şillə vurdu. Cizgi filmlərində olur – şapalaqdan sonra gözlərinin qarşısında “iskra” yaranır. Eyni şey məndə oldu. Həmin o şilləylə ona olan sevgim öldü. O bildi ki, mən ondan çox incidim, küsdüm və daha bizim ailə qurmaq barədə söhbətimiz ola bilməzdi. Ona görə də məni qaçırtdı. Özü də bunlar 1990-cı ilin yanvar hadisələrinə təsadüf etdi. O, məni indiki 20 Yanvar metrosu yaxınlığında bir ev vardı, ora qaçırtmışdı. Səhər yuxudan oyandım, tək-tənha, artıq bu hadisələr baş vermişdi... Qaçırtdığı gündən də bizim dava-dalaşlarımız başladı. Təbii ki, belə bir ailənin ömrü uzun ola bilməzdi.

- Nə qədər davam etdi ailə həyatınız?

- Hardasa, İlqarənin iki yaşı olardı, biz ayrıldıq. Ayrıldım yox, güclə canımı qurtardım. Bax belə, mənim bu böyük məhəbbətim, ilk sevgim bir şilləylə yoxa çıxdı.

- Bəs sonrakı məhəbbətlər?

- Sonrakı məhəbbət də ki... Namiqi bilirsiniz. Hər an, hər dəqiqə aramızda olan şeyləri hamı bilib. Mən heç vaxt gizləməmişəm. Həmişə Namiq gizlədib.

- Deməli, o vaxtdan indiyə qədər əsl məhəbbətiniz Namiq Qaraçuxurlu olub.

- Bəli. Mən bir dəfə bunu demişdim. Mənə elə gəlir ki, əsl məhəbbətim elə Namiqdir.

- Onda əsl məhəbbətinizdən ayrılmağınız üçün ciddi səbəblər olub. Məsələn, xəyanət?...

- Ayrılığın səbəbi... Bilirsiz necədir? Çox şeylər üst-üstə düşdü. Xəyanət deyəndə, söhbət hamının düşündüyü fiziki, qız-oğlan xəyanətindən getmir. Söhbət mənəvi xəyanətdən gedir. O qədər şeylər üst-üstə düşdü ki... Və mən düşündüm, artıq davamı gələ bilməz... Namiqlə ayrılandan sonra yeni həyata qədəm qoydum. Sıfırdan başladım hər şeyi. Həmin mərhələdə Moskvada idim. Qarşıma böyük planlar qoydum, çoxlu sayda əməliyyatlar, məşqlər, dərslər... Bunların hamısını qeyd kitabçama, sirr dəftərimə yazmışam... Başlamaq çox əziyyətli oldu. Elə ki ilk addımı atdım, geriyə yolum yox idi, ancaq irəli! Və mən bunu bacardım.

- Qərarınızdan peşman deyilsiniz ki?

- Yox, heç peşman deyiləm. Şükürlər olsun ki, peşman deyiləm. Bilirsiz niyə peşmançılıq çəkmirəm? Çünki haqlıyam. Haqsız olsaydım, peşmançılıq çəkərdim.

- Bəs əgər Namiq Qaraçuxurlu özünə toy etsə, o toya gedərsiz?

- Əlbəttə, yüz faiz. Mən o mərhələni yaşadım keçdi. Bəlkə də təzə-təzə olsaydı, yox, ürəyim partlayardı, peşman olardım. Amma indi ayrı məsələ... Lazım olsa, çadramı başıma salıb Namiqə bir halal süd əmmiş qız da axtarıb taparam.

- Aygün Kazımova indi də sevir?

- İndi elə bir sevgiylə üzləşməmişəm hələ. Hazırda sənətimə olan məhəbbət bütün sevgiləri üstələyib. Ona görə də qızımla, özümlə, görünüşümlə, layihələrimlə məşğulam. Amma mən sevməyi bacaran insanam. Təbii ki, nə vaxtsa yenə ola bilər. Bundan sonra da həyatımda sevgiyə yer var!

Xəyalə MURADLI

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2476

Oxşar yazılar