Mütəxəssislər orqanizmin maksimum dərəcədə bərpa olunmasına kömək edən və hətta bir sıra xəstəliklərin inkişafının qarşısını alan ən ideal yuxu vaxtını açıqlayıblar.
Lent.az xəbər verir ki, insan bioloji ritmlərinə görə ən faydalı yuxu təxminən saat 23:00-dan gecə 01:00-a qədər olan dövrdür. Bu vaxt ərzində orqanizm aktiv şəkildə sağlamlaşır, cavanlaşır və iltihabi proseslərlə mübarizə aparır. Bu fakt çoxsaylı elmi tədqiqatlarla təsdiqlənib.
Mütəxəssislərin sözlərinə görə, saat 23:00 radələrində dərin (yavaş) yuxu mərhələsi başlayır və məhz bu mərhələdə orqanizmdə həyati əhəmiyyətli proseslər baş verir. Əgər insan bu vaxta qədər yatmağa öyrəşərsə, bir neçə həftə sonra gün ərzində özünü daha enerjili və gümrah hiss etdiyini görəcək. Zamanla bu rejim daxili orqanların düzgün fəaliyyətini bərpa etməyə, beynin işini yaxşılaşdırmağa və hətta zahiri görünüşü gözəlləşdirməyə kömək edəcək. Alimlər həmçinin uzun müddət gecə yarısından sonra yatmağın hansı fəsadlara səbəb ola biləcəyini də izah ediblər.
Aktivlik. Gec yatdıqda insan özündən enerjini “oğurlayır” və səhər onun üçün ağır başlayır. Əksinə, orqanizm nə qədər çox dincələrsə, növbəti gün bir o qədər məhsuldar və fəal keçir.
Emosional vəziyyət. Gec yatan insanlar depressiyaya daha meyilli olurlar. Alimlər məsləhət görürlər ki, əgər tez-tez qorxulu yuxular görürsünüzsə, daha tez yatmağa çalışın. Çünki kifayət qədər istirahət etmədikdə stress hormonu yüksəlir. Yetərincə yatmaq isə əhval-ruhiyyəni xeyli yaxşılaşdırır.
Çəki və bədən quruluşu. Yuxusuzluq toxluq hissinə cavabdeh olan hormonların ifrazını pozur. Nəticədə orqanizm güclü aclıq hiss edir və qida qəbulu tez-tez həddindən artıq yeməyə çevrilir.
Xəstəliklər. Yorğun və tükənmiş orqanizm xəstəlik törədən bakteriyalara qarşı daha həssas olur. Vaxtında yatmaq immuniteti gücləndirir.
Xarici görünüş. Yuxu dəri hüceyrələrinin bərpasına kömək edir. Buna görə də az yatan insanlarda adətən üz rəngi solğun və cansız olur.