Lent.az-da “Duel”: Günel Mövludla Dilarə Əliyeva qarşı-qarşıya - POLEMİKA
04 iyun 2010 11:00 (UTC +04:00)

Lent.az-da “Duel”: Günel Mövludla Dilarə Əliyeva qarşı-qarşıya - POLEMİKA

“Aygün Kazımovadan soruşmaq istəyərdim ki, niyə estradada babat çəkisi olan bir müğənni ikən gedib meyxanaçı Namiq Qaraçuxurlu səviyyəsinə düşdün?”

Bəri başdan oxucuların nəzərinə çatdırıram ki, Dilarə Əliyeva ilə aramızda baş tutan bu söhbət müsahibə deyil. Həmçinin, hər hansı bir yazı və ya reportaj üçün şərtləşdirilmiş görüş də deyil. Bir ay öncə Dilarə xanım mənə zəng eləyib, yazılarımı oxuduğunu və imzama hörmət elədiyini bildirəndə, qeyri-səmimi olmaq istəmədim. Və ona «Çal-çağır şou»nu çıxmaq şərti ilə, mən də bir aktrisa kimi, sizə hörmət eləyirəm» dedim.
Görünür, sözlərim Dilarə xanımı tutmuşdu. Həmin telefon söhbətində xeyli ordan-burdan danışandan sonra, Dilarə xanım bir çox şeyləri dostcasına müzakirə etmək üçün görüşməyi təklif elədi.

Onunla «SOY»un binasında görüşdük. Dilarə xanım işçilərdən birinin balaca, içərisi müxtəlif texniki ləvazimatlarla dolu otağında yerin daha rahatını mənə təklif eləyib, əyləşdi. Mən də oturdum və aramızda qeyri-rəsmi, rahat bir söhbət başladı. Arada bir-birimizin üstünə səsimizi qaldırdığımız da oldu, emosiyaların «fontan»ından əl-qol ata-ata danışmağımız da, qarşılıqla danlama da, aradabir razılığa gəlib, bir-birimizin əlini sıxdığımız da. Bir də onda gözümüzü açdıq ki, artıq bir neçə saatdır ki, arada qızğın, yarıəsəbi, yarızarafat, yarıqeybət bir dialoq gedir.

Yaxın vaxtlarda bir də görüşmək niyyəti ilə ayrıldığımızda, söhbəti istədiyim kimi – müsahibə, debat, reportaj – işləyib, mətbuata çıxarsam, həmin yazını məmnuniyyətlə oxuyacağını dedi. Və mən də bir jurnalist yaddaşı ilə söhbəti bir daha xatırladığımda, aramızdakı dialoqun doğrudan da maraqlı olduğunu nəzərə alaraq, yadımda qalan qədərilə onu yazıya köçürdüm. (Elə buradaca deyim ki, bu yazı Lent.az-da “Duel” adlı layihənin ilk materialı olacaq. Davamını gözləyin...)

Söhbətə birinci Dilarə xanım başladı:

- Günel, sənə zəng eləyib, yazılarını izlədiyimi, qələminə hörmət elədiyimi deyəndə, cavabın bu oldu ki, «Çal-çağır»dan kənarda sən də mənə hörmət eləyirsən. Bu söz məni ona görə tutdu ki, təkcə sən deyil, mənimlə yaxından tanış olan, aktrisa kimi işimə bələd olan bir çox adam buna oxşar fikir deyirlər. Mənə maraqlıdır, niyə hamı elə hesab eləyir ki, «Çal-çağır»da aktrisa öz istedadını ortaya qoya bilməz və yaxud mən bu verilişlə öz çəkimi bir az aşağı salmış oluram?

- Mən sizin verilişinizə hələ əvvəlki formatda, hətta ATV-də deyil, «Space» efirə getdiyi vaxtlarda baxırdım. Açığı o vaxt, yəni yaşımın az olduğu və verilişinizin hələ yenilik havasını özündə saxladığı vaxtlar olduğu üçün, maraqlı gəlirdi. Üstəlik, siz də bir aparıcı kimi maraqlı idiniz. Folklordan bol-bol istifadə eləməyiniz, verilişə quru aparıcılıq deyil, bir şirin kənd qeybətcilliyi gətirməyiniz onu baxımlı eləyə bilirdi. Amma sadaladığım cəhətlər bir verilişi illərlə baxımlı eləməyə yetməzdi. Buna görə də, yeni yarandığında belə şeylərlə baxımlı ola bilən veriliş, alt qatında bir intellektin, incə zövqün dayanmadığı, ən əsası isə ciddi bir mədəni-ictimai çəkisi olmadığı üçün, vaxt keçdikcə şəxsən mənə bayağı bir şey kimi gəldi. Verilişə çıxardığınız şou-biznes nümayəndələri də həmçinin…

- Şou-biznesə və verilişdə onların iştirakına belə yuxarıdan baxmağını mən ən azından ona görə qəbul eləyə bilmərəm ki, elə sənin özünün də yazılarında şou-biznes elementləri kifayət qədər var. Sən də sadə dildə yazırsan, sən də yazılarında həmin şou-biznes nümayəndələrinin adını çəkirsən, hətta yeri düşəndə onlardan yazırsan da. Mən verilişimin baxımla olmasını istəyirəm, sənin də məqsədin odur ki, yazın oxunaqlı olsun. Elə deyil?

- Elədir.

- Onda niyə mənə tutduğun iradları özünə də aid eləmirsən?

- Razıyam. Mənim də yazılarımda şou-biznes elementləri var. Mən xalqın başa düşdüyü sadə, oynaq dildə yazıram. Amma həmin yazılar mahiyyətcə şou-biznesə xidmət eləmir. Mən Rəqsanəni, Namiq Qaraçuxurlunu, nə bilim, Cavanşir Məmmədovu Azərbaycan mədəniyyətinə təqdim eləmirəm və bu adamların Azərbaycan mədəniyyətinə dəxli olması ilə razılaşmıram. Üstəlik, sizin aparıcılığınız və mənim yazılarımla ona görə müqayisə oluna bilməz ki, siz verilişinizdə heç vaxt ortaya mənim kimi vətəndaş mövqeyi qoymursunuz.

- Yaxşı, məsələn, sən məndən hansı vətəndaş mövqeyi gözləyirsən?

- Mən istəyirəm ki, siz verilişinizə məsələn, Baba Vəziroğlunu dəvət eləyəndə təkcə onun şerlərindən, mahnı mətnlərindən danışmayasınız. Ondan soruşasınız ki, yaşıdı və dostu olan yazıçı Rafiq Tağıya bir yazısına görə Nardaran müsəlmanları ölüm hökmü kəsəndə Baba müəllim niyə reaksiya vermədi? Soruşasınız ki, həm də ciddi nəsr əsərlərinin müəllifi Baba müəllim nə vaxta qədər ölkədəki gənclərin zövqünü korlayan ulduz, meyxana yarışmalarında münsif olacaq? Bir çox şəxslərdən soruşmaq lazımdı ki, nə vaxt bu ölkədə baş verən bir hadisəyə ictimai şəxs olaraq münasibət bildirəcəklər?

- Mən də səninlə razıyam. Və səni inandırım ki, bütün bu məsələlər məni də bir vətəndaş kimi narahat eləyir. Amma vallah, «Çal-çağır» bu sualların heç birinin yeri deyil. Mən bir verilişdə hansısa qonağa belə suallar versəm, sabah sponsorla problemimiz yaranacaq. Həmin şəxslərə mən nəinki sən deyən sualları vermək, hələ sənin bilmədiyin və ümumiyyətlə, az adamın bildiyi şeylər barədə danışmaq istəyərdim. Özü də təkcə onlarla deyil, elə müğənnilərin əksəriyyəti ilə. Rəqsanədən soruşmaq istəyərdim ki, sən bir uşağa hamilə ola-ola niyə əkiz uşaq doğacağın barədə yalanlar uydurmuşdun? Niyə sonra guya uşağın biri öldü, biri qaldı şayiələrini çıxarırdın? Aygün Kazımovadan soruşmaq istəyərdim ki, niyə estradada nələrsə eləmiş, babat çəkisi olan bir müğənni ikən gedib, meyxanaçı Namiq Qaraçuxurlu səviyyəsinə düşdün? Tünzalə Ağayevadan soruşmaq istəyərdim ki, niyə bizim torpaqların 20 faizi işğal altında olduğu bir vaxta «Gəlin sülhü qoruyaq» adlı konsert verir? Torpaqları işğal altında olan bir xalqa sülh çoxmu lazımdır? Və bir çox başqa müğənnilərə zövqsüzlükləri, bayağı hərəkətləri ilə bağlı bir çox başqa suallar... Amma yenə deyirəm, mənim aparıcılıq elədiyim veriliş belə söhbətlərin yeri deyil.

- Əgər «Çal-çağır» bu sualların yeri deyilsə, onda niyə verilişinizin ciddi bir mədəniyyət verilişi olmasına iddia eləyirsiniz?

- Ona görə iddia eləyirəm ki, mən də o verilişdə Rəqsanəni, Namiq Qaraçuxurlunu və s. kimi adamları ciddi mədəniyyət adamları kimi insanlara təqdim eləmirəm. Onlar verilişə gələndə, mahnı oxuyanda başqa aparıcılar kimi qol götürüb, oynamıram. Öz səviyyəmi, qürurumu gözləyirəm. Lap yeri gələndə, hansısa ucuz yalanlarını, gündəmə gəlmək, özlərinə diqqət cəlb eləmək üçün uydurduqları qalmaqallarını ifşa eləyirəm. Və ən əsası, bu verilişdə sırf mənim çıxışıma, belə deyək, monoloquma ayrılan dəqiqələrdə mən çalışıram bir neçə yazıçının adını çəkim. Onlardan maraqlı sitatlar gətirim. Ölkədə baş verən hansısa problemə toxunum. İnsanları o problemin həllində fəal iştirak etməyə səsləyən sözlər deyim. Sən bir az hövsələli olub, verilişə diqqətlə baxsan, o çıxışlarımı görərsən. Amma yenə deyirəm, mən bu verilişi təkcə sən demişkən, «vətəndaş mövqeyi»nin üzərində qura bilmərəm. Sənin, mənim və savadı, zövqü olan adamların üstdən aşağı baxdığı o şou-biznes adamlarını verilişə ona görə dəvət eləyirəm ki, diqqət cəlb eləmək, tamaşaçı toplamaq üçün onların məşhurluğuna ehtiyac var. Axı veriliş baxılmalıdır. Baxılmasa, sabah mən o sponsorları saxlaya bilməyəcəm. Onlar daha vəsait ayırmayacaqlar. Veriliş də yaşamayacaq.

- Bəlkə elə o verilişin ömrünün bitməyi sizin üçün daha yaxşıdır? Bəlkə başınızı aşağı salıb, şöhrət gətirməsə də, pul gətirməsə də, ucuz, saxta alqışlar gətirməsə də, çalışdığınız teatrın səhnəsində öz rollarınızı ifa eləyib, özünüzü ciddi mədəniyyət adamı kimi təsdiqləməyiniz daha şərəfli bir sənətkar addımı olacaq? Axı niyə sizin kimi istedadlı bir aktrisa «Çal-çağır»dan beşəlli yapışmalıdır? Şöhrət istəyirsinizsə, artıq məşhursunuz. Yəni sadəcə verilişdən gələn gəlirə görəmi?

- İnan ki, mən bundan sonra səhnədə ən dahiyanə rolu oynasam da, bu xalqın yaddaşında yenə də «çal-çağırın Dilarəsi» kimi, «Dilarə bacı» kimi qalacam. On iki il az müddət deyil. On iki ildir, mən bu verilişi aparıram. İkincisi, əgər mən pulu, maddiyyatı dəyərləndirən insan olsaydım, artıq çoxdan evim olardı. Biz 14 il həyat yoldaşımın valideynlərinin evində yaşamışıq. Cəmi iki ildir ki, evimiz var. Sən deyən kimi olsaydı, mənim çoxdan evim olardı. Sən bilirsən, verilişə qonaq gələn neçə müğənni bahalı hədiyyələr gətirir? Qızıl əşyalar, nə bilim daha nələr… amma mən onların hamısını o müğənnilərin çantalarına qoyub, geri yola salıram. Hədiyyə nədi, heç gətirdikləri gülləri belə qəbul eləmirəm, verilişdə nəzakət xatirinə alsam da, veriliş bitəndə yenə özlərinə qaytarıram. O adamların heç nəyi mənə lazım deyil. Onu demək istəyirəm ki, mən qürurumu, səviyyəmi belə şeylərin fövqündə tuturam. Və yenə də təkrar eləyirəm ki, bu verilişdə aparıcılıq eləməklə, öz səviyyəmi, mədəni çəkimi aşağı saldığımı düşünmürəm. Belə deyək, Madonna, Cennifer Lopes, nə bilim daha kimlər də ekstravaqant hərəkətləri ilə məşhurdur, Aygün Kazımova da. Onda niyə Madonnanı verilişinə dəvət edən əcnəbi teleulduza belə münasibət yoxdur? Və yaxud niyə xaricdə ziyalılarda, ictimai çəkisi olan adamlarda Madonnaya qarşı bizdə Aygün Kazımovaya qarşı olan aqressiya yoxdur? İkisi də estrada musiqisi üçün nələrsə eləmiş adamlardır…

- Siz niyə Aygün Kazımovanı Madonna ilə müqayisə eləyirsiniz axı? Əvvəla, Aygün Kazımova ortabab bir müğənnidir. Madonna isə doğrudan da ciddi mədəniyyət adamıdır. İkincisi, siz bilirsiniz, Madonna neçə ictimai aksiyanın iştirakçısı, bəzən hətta təşkilatçısı olub? Madonna öz ölkəsində heyvanların hüquqları pozulanda da səsini çıxarır, etirazını bildirir. Amma Aygün Kazımovanın yaşadığı ölkədə insanın hüquqlarının pozulması belə onun vecinə deyil. Çünki o, ictimai şüurdan tamamilə məhrum olan bir adamdır.

- Bu fikrinlə razıyam. Amma söhbət bundan getmir. Demək istəyirəm ki, mən də verilişdə bu müğənniləri mədh eləməklə məşğul deyiləm. Mən də onları sorğu-suala çəkirəm, xalqa ucuz yalanlarını deyil, özləri barədə həqiqəti deməklərini tələb eləyirəm. İç üzlərini açmağa çalışıram. Amma mənim efirdəki azadlığım, sənin qəzet səhifələrində və ya internetdəki azadlığın qədər deyil. Sən televiziyanın şərtlərindən xəbərsizsən. Burada sənin dediyin qəhrəmanlıqları eləmək mümkün deyil. Verilişi yalnız intellekt hesabına baxımlı eləmək də həmçinin.

- Dilarə xanım, bizim qarşımızda ən azı iki fakt, ikimizin də daima izlədiyimiz iki veriliş var. Rusiyada yazıçı Tatyana Tolstayanın apardığı «Acıdillik məktəbi» və Türkiyədə Okan Bayülgənin «Mediya kralı» şousu. Siz də mənimlə razılaşdınız ki, bu iki veriliş sırf intellekt üzərində qurulmuş verilişlərdir və auditoriyası da olduqca genişdir. Amma mən də «efirdəki azadlıq» və «televiziyanın tələbi» məsələsində sizinlə razılaşmağa məcburam. Əslində mən sizdən efirdə qəhrəmanlıq nümayiş etdirməyi tələb eləməklə bir az yanlışlığa yol verdim…

- Bu məsələdə mən səninlə razılaşmıram. ATV təkcə «Çal-çağır» və yaxud sırf şou-biznes verilişləri nümayiş etdirmək kimi bir siyasət yürütmür. Bu kanalda bir çox ciddi mədəniyyət verilişləri də var. Məsələn «İrsimiz». Və yaxud, mən bu günlərdə «Azərbaycan sirləri»nə baxdım. Qaxın tarixi, buradakı tarixi abidələr haqqında o qədər gözəl bir veriliş hazırlanmışdı ki! Özü də o verilişdə aparıcı yoxdur. Hər şey gözəl kadrların və gözəl mətnin üzərində qurulub.

-…yeri gəlmişkən, siz dediyiniz o mətni mən yazmışam…

- Doğrudan?! (heyrətlə baxır və əlini uzadıb, əlimi bərk-bərk sıxır) Onda səni təbrik eləyirəm. Veriliş bitəndə titrlərə baxmadım. İnan ki, çox gözəl mətn idi. Bax, görürsən, ATV-yə qarşı da ifrat aqressivlik nümayiş etdirirsən. Elə mənə qarşı da həmçinin. Məncə bizim kimi, oxşar fikirli adamların bir-birini dalaması deyil, bir-birinə kömək etməyə çalışması mədəniyyətin xeyrinə olar.

- Söhbət mədəniyyətə kömək etməkdən gedirsə, mən həmişə hazıram. Aqressivliyə gəlincə, sizə bir misal gətirim. Mən uzun illər avara-avara mahnılarla, bayağı kliplərlə gəncliyin zövqünü korlayan türk müğənnisi Mahsun Kırmızıgülü onda bağışladım ki, o illərlə belə axmaq işlərdən qazandığı vəsaitin hesabına «Günəşi gördüm»ü çəkdi. Heç bir pafos olmadan, türk dövlətçiliyinə, türk xalqına heç bir aqressivlik nümayiş etdirmədən, öz xalqının dərdini danışdığı o filmi çəkib, üç dilə çevirib, xarici festivallara göndərdi. Bayaq dediyim kimi, yaradıcı adam olaraq, öz mövqeyi ortaya qoydu. Və əgər siz də, bir gün «Çal-çağır»a vida eləyib, ciddi bir iş ortaya qoysanız, mən bir vətəndaş, bu xalqın gənclərinin zövqünün qayğısına qalan bir yaradıcı adam olaraq, sizi də bağışlayacam.

Söhbətimizdən yadımda qalan hissələr bunlardı. Söhbətimiz çox uzun olduğuna və diktofonsuz-filansız danışdığımıza görə, söhbətdə bəzən ifrat sadələşdirməyə və ya ümumiləşdirməyə yol vermiş ola bilərəm. Amma məsələ təkcə bu söhbətdə deyil.
Bu ölkədə bir çox işlər, müzakirələr, əməllər nəticə vermir. Amma bizim debatımız nəticəsiz ötüşmədi. Aradan iki gün keçəndən sonra Dilarə xanım «vətəndaş mövqeyi» məsələsindən təsirlənərək, təbii fəlakət zonasına yardım göndərmək ideyası irəli sürdü. Və əməkdaşlıq elədiyi «SOY» şirkəti bütün əməkdaşlarla birləşib, pul toplayıb, imkanları çərçivəsində fəlakət zonasına yardım göndərdilər. Daha sonra aparıcı xanım ingilis dramaturqu Sara Keynin məşhur «Psixoz» pyesini səhnələşdirmək fikrini irəli sürdü. Maraqlı ideyaları bunlarla bitmədi. Bildiyim qədərilə, indi Dilarə xanım çox ciddi, mədəni bir layihənin üzərində işləyir və yaxın zamanlarda tamaşaçılara təqdim eləyəcək.
Hər zaman şanlı mübarizələrdə, Dilarə xanım! Biz onsuz da bilirik ki, bu ölkənin qadınları çox şey eləyə bilər. Siz də bunu bir daha nümayiş etdirə bilərsiniz. Çünki ən azından, kiminsə fikri ilə hesablaşmağı bacarırsınız. Ciddi və səmimi deyilmiş sözə qiymət verirsiniz. Və ən əsası, etdiyiniz işləri müdafiə etməyi bacarırsınız.

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855

Oxşar yazılar