Elariz Məmmədoğlu: “Obama onu deyəndən sonra toylarımız azaldı...” - MÜSAHİBƏ
06 oktyabr 2012 17:33 (UTC +04:00)

Elariz Məmmədoğlu: “Obama onu deyəndən sonra toylarımız azaldı...” - MÜSAHİBƏ

Müğənni Elariz Məmmədoğlunun Lent.az-a müsahibəsi

- Bayaq yolda gələrkən dediniz ki, hər şeyin mənası itib, toylarınız azalıb...

- Nə bilim... Amerika prezidenti Obama çıxıb dedi ki, iqtisadi böhranın ikinci mərhələsi başlayır. Ondan sonra toylarımız azaldı. Əslində mən bunu təvazökarlıq kimi dedim. Bu mövsümdən sonra toylarda daha da canlanma var.

- Bəlkə Sizə tələbat azalıb?

- Ola bilməz. Müğənnilər çoxdur. Amma Elariz Məmmədoğlu birdir.

- Siz də özünüzü nömrə bir hesab edirsiniz ?

- Yox, mən nömrələməyi sevmirəm. Demək istəyirəm ki, toyların ən yaxşı aparıcısı mənəm. 6 saatlıq canlı toy aparmağı özümdən başqa bacaran yoxdur.

-Bəs, deyirlər toyu ən yaxşı “Toylar kralı” Manaf Ağayev aparır?

- O, doğrudan toylar kralıdır. Amma mən toyu aparmaqdan danışıram. O, televiziya vasitəsi ilə o adı alıb, əcəb edib. Amma məndən yaxşı toy aparan ikinci müğənni tanımıram. Toy aparmaq metodikasını ən yaxşı mən bilirəm. Fərqi yoxdur, şəhər, kənd toyu. Bacarıram. Mən toylar kralında iştirak etdim. Aparıcıya özüm söylədim ki, gəlib uduzub gedəcəyəm. Çünki dəvət alıb gəlməyənlərə “qorxub qaçdı” damğası vururdular. Mən də korifeylərin mahnılarını səsləndirdim ki, uduzum. Çünki kim idi həmin mahnılara səs vermək istəyən... Qalib gəlmək üçün gərək ara mahnılar ifa edərdin.

- Mağar toyunda da oxuyursunuzmu?

- Bu yaxınlarda oxumuşam. Düzü, mənə belə dəvət gələndə bir az təəccübləndim. Amma baxdım ki, fərqi yoxdur. Çox yaxşı qarşıladılar məni. Əsas səs, sənətdir.

- Sizi tənqid edən çoxmu olub ?

- Tənqid edənlər həmişə var. Normal yanaşmışam. Amma indiyədək məni düzgün tənqid edən olmayıb, həmişə qərəzli yanaşıblar, paxıllıq ediblər. Həm həmkarlarım, həm də qeyriləri tərəfindən bunu müşahidə etmişəm.

- Amma deyim ki, Siz ən çox tənqid edilən müğənnisiniz...

- Ola bilər. Amma tərif deyənlər də çoxdur. Mən Eldar Mansurovun mahnısını oxumuşam. Azərbaycan Bəstəkarlar İttifaqının sədr müavini məndən razı qalıb. Deməli, mahnını düzgün təbliğ etmişəm. Bir dəfə bir məclisdə xalq artistimiz məndən əvvəl “Sevgilim” mahnısını oxuyub getdi. Ondan sonra toy sahibi mənə dedi ki, sən oxu. O, mahnımızı çox pis hala saldı (bunu deyib, mahnını hər iki versiyada oxuyur – J.M.) Deyirlər, Elarizin səsi yoxdur. Yoxdur, dinləmə. Camaat pulundan keçməyib ki, mənə pullarını töksünlər. Tamaşaçını bir-iki dəfə aldatmaq olar, 5, 10 il aldatmaq olmaz axı.

- 10 ballıq qiymətləndirmə ilə özünüzə neçə verərdiniz ?

- Haradasa 8...

- Hətta...

- 8. Ona görə ki, mənim fikrimdə böyük layihələrim var. Çox işlər görmək fikrim var. Hələ hamısını həyata keçirməmişəm. Əvvəllər mənim geniş layihələrim olub. Yəqin ki, tamaşaçılar bir zamanlar heyrətə səbəb olan layihələrimizi görüblər. Caz və basanova üslubunda, tvist, rok, lirik üslubda mahnılarım olub. Bunlar tamaşaçını heyrətləndirib. Elə dövrlər olur ki, gərək fasilə verəsən. Arada gizlənmək lazımdır ki, tamaşaçı acısın. Sənətçi də yeni ampluada səhnəyə gəlsin.

- Sizə indi fəxri ad verilsə, bu düzgün təltif olar?

- Mənə çoxdan ad verməlidirlər.

- Həmkarınız Səməd Səmədov ad alanda çox tənqid olundu.

- Səməd Səmədova bu ad halaldır. O, neçə ildir xalqa sənəti ilə xidmət edir. Hamı muğam oxuya bilməz axı. Estradası, pop, rok, vokalist, cazmeni olmalıdır. Səməd Səmədov da o mövqeyi tutub.

- Əmin olun ki, Siz də fəxri ad alsanız bu böyük narazılığa səbəb olar...

- Mən inanmıram ki, həmkarlarım mənim haqqımda pis nəsə desinlər. Çünki fəxri adı xalqa xidmətə görə verirlər. Dövlət tədbirlərində iştiraka görə ad alırlar. Mənə nə vaxt deyiblər ki, dövlət tədbirində iştirak etmək lazımdır, demişəm “baş üstə”. Heç vaxt narazılıq etməmişəm ki, mənə avtobus verin. Öz maşınıma minib getmişəm. Azərbaycanın bütün regionlarında təşkil edilən tədbirdə iştirak etmişəm.

- Sizi əsasən elə həmkarlarınız tənqid edir.

- Mən sizə bir fakt deyim. Bir dəfə repçi Nado ilə bir rep hazırladıq. Bütün həmkarlarım məni təbrik etmək üçün gəlmişdilər. Aparıcı dedi ki, səni tərifləsək, bu ifa uğurlu alınmayacaq. Gəl elə edək ki, qalmaqal olsun. Layihəniz də yaxşı reklam olunmuş olar. O zaman həmkarlarımın hamısını başa saldılar ki, məni tənqid etsinlər. Elə də oldu. Hətta bu hadisədən uzun müddət danışıldı. Küçədə adi insanları məni görəndə dedilər ki, sənət yoldaşların səni sevmir, amma sən hamıdan yaxşısan. Hərdən belə piarlara əl atmaq lazımdır. “Bu şəhərdə” komandası həmişə mənə tənqidlə yanaşır. Bu yaxınlarda tamaşalarında mənim adımı çəkməmişdilər. Mən də zəng eləyib dedim ki, niyə mənim adımı çəkmirsiniz, mənə də sataşın. Əvvəl məni tənqid edənlər indi özləri övladlarının toyuna xahiş-minnətlə dəvət edirlər.

- Sizin ixtisasınız rejissordur. Bəlkə elə öz ixtisasınızla məşğul olsanız daha doğru olardı?

- İnanmıram məndə uğurlu alınsın. Amma bir şey deyim ki, mənim vokal dərsim də var. Xorda solist kimi fəaliyyət göstərirdim. Fərdi olaraq vokal dərsləri də almışam.

- Kliplərə rejissor kimi qiymət verirsinizmi ? Özünüzü bu sahədə sınamaq fikriniz varmı?

- Bizim klipləri izləyirəm. Pis deyil. Kliplərimiz Şərq üslubuna yaxındır. Rejissorlarımız da istedadlıdır. Bəzi müğənnilərin xaricdə klip çəkdirməyini reklam kimi qiymətləndirirəm. Ehtiyac olsa, mən bu sahədə özümü sınayaram. Tərif kimi çıxmasın, mənim incəsənətdə istedadım çox şaxəlidir. Ola bilər, bu, kimlərəsə gülməli gəlsin. Mən mahnı da bəstələyirəm. Elə mahnılar var ki, mətnini də özüm yazmışam. Mahnı mətni yazmaq da bir istedad tələb edir. Ona da istedadım çatır. “Məhəllə”, “Kişiləri qoruyun” filmində rol almışam. “Kişiləri qoruyun”da hətta iki rolda, tanınmış müğənni və onun tələbəsi rolunda çəkilmişəm. Əsl incəsənət adamısansa, bunları bacarmalısan. Əvvəllər il yarım restoranda gitara çalmışam. Həmin anda pul qazanmaqdan ötrü çalırdım. Özümü doğrulda bilmədim. Ürəyim oxumaqla idi. İşim hər zaman oxumaq olub. İndi fortepiano, tar, qarmon, nağarada ifa edirəm.

- Hesab edirsiniz ki, sizdə müğənnilik uğurlu alınıb?

- Bəli, mən belə hesab edirəm. Sənətim, müvəffəqiyyətim göz önündədir.

- Axı Siz Azərbaycan ifaçılıq sənətinə hansı töhfələr vermisiniz?

- Soyadı yadımda deyil, Həsən adlı bir savadlı müğənni var idi. Bizdə müğənnilərin hamısı çox tanınmır. O, məclislərin birində dedi ki, Elariz Məmmədoğlu Azərbaycan mədəniyyətinə çoxlu sayda töhfələr verib. Yəqin ki, vaxtaşırı bunu qiymətləndirərlər. Bəli, mənim hər bir mahnım estradamıza bir töhfədir.

- Həsəni tanımadıq. Tanınmışlar nə deyiblər?

- Yaxşı söz demək elə qiymətləndirməkdir. Bu yaxınlarda xalq artisti İlhamə Quliyeva haqqımda çox xoş söz söylədi. Dedi ki, Elariz Məmmədoğlu sənətkardır. Yalçın Rzazadə də məni çox yüksək qiymətləndirib. Tənqid edənlərə gəlincə isə, bir dəfə, Allah rəhmət eləsin, Vasif Adıgözəlov dedi ki, Elariz Məmmədoğlu yaxşı müğənnidir, amma toy müğənnisidir. O zaman mən təzə-təzə oxumağa başlayırdım. Tvist mahnımı ifa edirdim. Amma məni toylara aparmırdılar. Mən “Pobeda-mobeda” oxudum və çıxıb qəsdən dedim ki, mən toy müğənnisiyəm. Ona görə belə etdim ki, pul qazanım. Axı ailə saxlamaq lazım idi. Vasif Adıgözəlov elə deyəndən sonra mən ona təşəkkür etdim. O söz mənə bir dəstək oldu. Konkret olaraq heç kim sərt deməyib.

- Neçə ildir sənətdəsiniz?

- Uşaqlıqdan oxuyuram. Artıq müğənnilər mənə “dayı” deyir. O gün də bir aparıcı zəng edib deyir, ağsaqqal. Dedim, ağsaqqal özünsən. Sağ olsunlar, məni özlərinə müəllim sayırlar. Özü də bunu tam ciddi deyirlər.

- Ülvi Qılınc demişdi ki, Elarizi müəllim sayıram, onun zəngulələrinə qurban olum. Mən onu kinayə ilə dediyini anladım. Əslində necədir?

- Ülvi Qılıncla üç gün bundan qabaq bir yerdə idik. Gecə görüşdük, səhərəcən oturub, yeyib-içdik. O, bunu sözün əsl mənasında deyir. Bunun üçün o sualı siz onun gözlərinin içinə baxıb verin, özünüz görəcəksiniz. Çünki mənim bəzi bildiklərimi o bilmir. Baxmayaraq ki, bizim janrlarımız ayrıdır. Elə şeylər var ki, mən ondan öyrənirəm. Amma onun məndən öyrəndikləri daha çoxdur. Eləcə də digər müğənnilər. Onlar özləri gəlib məni tapır, seçirlər. Məsələn, Rüfət Axundov. Ötən gün ona deyirəm ki, Rüfət, halal olsun. Həm gözəl müğənnisən, həm də yaxşı ailən var. Qayıdıb mənə dedi ki, Elariz müəllim, mən sizin əlinizdən su içmişəm, siz mənim müəllimimsiniz, sizə baxıb bunları etmişəm. Əslində mən indiyədək bunları deməmişəm, gərək danışardım. Çünki başqa yol yoxdur. Sən demirsən, o, demir. Məqamı da yetişmir. Özünü tərifləmək yox, öz bacarığına arxayınsansa, özün haqqında düzgün informasiya verməlisən. Ümumiyyətlə, sənətdə müvəffəqiyyət qazanan hər bir adam özünə tənqidi yanaşmalıdır.

- Siz konsert versəniz tamaşaçı gələr?

- Bizdə konsert problemi var. Dünya şou-biznesindən bizi fərqləndirən yeganə cəhət konsert sisteminin inkişaf etməməyidir. Əgər bir insanı toya dəvət ediblərsə və həmin gün konsert də olacaqsa, deməli o, mütləq toya gedəcək. Konsert sistemi formalaşarsa, ola bilər Elariz Məmmədoğlu gəlirinin çox hissəsini konsertdən götürsün.

- Niyə Elariz Məmmədoğlunun saç əkdirməyi sənətindən çox müzakirə edildi?

- Bilmirəm. Bilirsiniz, siz gəncsiniz. Bir neçə ildən sonra ola bilər sizin dişiniz tökülsün. Siz diş əkdirəcəksiniz. Amma 10 il əvvəl diş əkdirmək ayıb sayılırdı. Kişi müğənnilərin estetik əməliyyatına normal baxıram. Bir sənət adamı tanıyıram, burnu həm qarğaburundur, həm də əyridir. O, insan mütləq bunu düzəltdirməlidir. Axı o səhnəyə çıxır. Bir nəfər müğənnimiz var, arxada iki dişi yoxdur. Ona deyən lazımdır, get onu düzəltdir də. Kənardan qınaq obyekti olur.

- Deməli, sizin saçsız olmağınız qınaqla qarşılanıb.

- Hər halda nəsə olub ki, mən də etmişəm. Hər şey göz önündədir. Görünüşümdə müsbətə doğru dəyişiklik var. Mən saç əkdirməyim haqqında heç vaxt danışmamışam. Danışsam, iki il bunun müzakirəsi gedəcək, hamı suallar verəcək. Müğənni suala səmimi cavab verirsə, onu qurdalamaq olmaz. Bir zamanlar mən idman üslubunda geyinirdim. Brend mağazalardan idman üslubunda geyimlər alırdım, hamı geyimimi müzakirə edirdi. Haçan görmürsünüz ki, Türkiyədə Sərdar bəyə ( Sərdar Ortacı nəzərdə tutur – J.M.) desinlər ki, sizin bu cins şalvarınız çox gözəldir. Siz bunu hansı mağazadan alımısınız? Amma sonra mən dərhal kostyuma keçdim. Heç nə deyə bilmədilər. İndi də bu məsələni danışsam, hamı bunu müzakirə edəcək.

- Demək istəyirsiniz gündəmi dəyişirsiniz?

- Əlbəttə...

- Sizin auditoriyanız kimlərdən ibarətdir?
- Əsasən, ziyalı insanlardır. Fərqi yoxdur, hansı bölgə olur-olsun. Əsas odur məni ziyalı insanlar dəvət edir. Mən Azərbaycanın bütün bölgələrinin məclislərində oxumuşam. Hamısı sayılıb-seçilən insanlar olub.

- Dövlət adamlarının toyunda oxumsunuzmu?

- Əlbəttə, çox olmuşam. Bir çox millət vəkillərinin övladlarının toyunda oxumuşam. Hərdən televiziyada onları görəndə fəxrlə deyirəm ki, bu millət vəkilinin oğlunun, yaxud qızının toyunda mən oxumuşam.

- Toyda bəzən müğənnilər döyülür də. Siz belə halla qarşılaşmışsınızmı?

- Qeyd etdiyim kimi məni əsasən ziyalılar dəvət edir. Mən idarə etdiyim məclislərdə hər şey qaydasında keçir. Bir dəfə toyda oxuyan zaman mənə yaxınlaşıb “Sənsiz” romansını istədilər. Mən də dedim ki, siz məni imtahan edirsiniz, amma mən bu imtahandan da çıxmağı bacaracağam.

- Həmkarlarınızla toya görə problem yaşamısınızmı?

- Bir gənc müğənnimiz var. Qonşularının toyu idi. Onlar məni və onu da dəvət ediblərmiş. Həmin müğənni istəyib ki, özü tək oxusun. Deyib ki, ya Elariz, ya mən. Əlbəttə, toy sahibi Elariz Məmmədoğlunu seçdi.

- Artıq babasınız, özünüzdə bunun məsuliyyətini hiss edirsinizmi?

- Mən cavan oğlanam. Sadəcə olaraq, həm də babayam.

- Deyirsiz, rəqibsizsiniz?

- Rəqibsizəm. Mən elə bir yol keçmişəm ki, mənim yolumu gedən yoxdur. Artıq müğənnilər mahnılarımın minusovkalarını istəyirlər. Gənc müğənnilərə mahnılar verirəm. Deyirəm, gedin oxuyun, halal xoşunuz olsun. O gün müğənni Aslan 3 mahnımı istədi, verdim. Ruhəngiz Musəvi də mahnımı ifa etdi.

- Elariz getsə, estradamızda nəsə dəyişə bilər?

- Yox. Sadəcə olaraq, müğənnilər yenə də mən apardığım toyların disklərini tapıb, baxacaqlar, öyrənəcəklər. İndi siz gülürsünüz. Amma Rüfət Axundov deyir mən sənin apardığın toyların disklərinə baxıb öyrənmişəm.

- Məgər Rüfət Axundov özü çoxmu populyardır ?

- Hər necədirsə, öyrəndiyi bir yol var. O da Elariz Məmmədoğlunun yoludur.

- Belə çıxır ki, Elariz Məmmədoğlu məktəb yaradıb?

- İstəyirsiniz qəbul edin, istəyirsiniz etməyin. Bu, Allah tərəfindən mənə verilən vergidir. Bu, qabiliyyət məndə var.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4278

Oxşar yazılar